Elçin Bayramlı
Şeytana uduzulmuş bəşəriyyət?
Əvvəli burada
https://sesqazeti.az/news/mia/1217151.html
Uca Tanrım! Son vaxtlar, yəni bizim vaxtımızla 2-3 minillik bundan əvvəl Sənin haqqında bəndələrin arasında müəyyən şayiələr yaranıb. Babalı deyənlərin boynuna, belə rəvayət eləyirlər ki, guya Sən bu planeti Şeytana mərcdə uduzubsan. Bunların dediklərinə görə, guya Adam adlı məxluq formasını xəlq eləyəndə və ilahi dərgahda ilk prototipin prezentasiyasını keçirəndə Şeytanla Sənin aranda konsensus baş tutmayıb və nəticədə yüngülvari konfrantasiya olub.
Şayiələrə görə, Sən insanı yaradılışın əşrəfi elan edib, onun əksər məxluqatdan üstün olduğunu bəyan edibsən. Üstəlik, bəzi müqəddəs kitablarda yazılanlara görə, insanı Özünə bənzər yaratdığını, Özündə olan keyfiyyətlərdən müəyyən qədər ona da verdiyini deyib, bütün mələkləri ona baş əyməyə dəvət edibsən. Bu zaman Sənin lovğa mələklərindən biri- Şeytan həzrətləri tribunaya qalxaraq öz kəskin etirazını bildirib. Digər mələklər də etirazlarını bildirəndə, Sən deyibsən ki “mən bildiyimi siz bilmirsiniz”.
Lakin bu hadisədən kefinə soğan doğrandığına görə, Şeytana deyibsən ki, gec-tez sən də insanın böyüklüyü qarşısında baş əyəcəksən. Şeytan da deyib ki, onda mənə icazə ver, Sənin bu yaratdığının iç üzünü açım qoyum ortaya. Onda görərsən bizmi üstünük, yoxsa insanmı. Deyilənlərə görə, Sən də qayıdıbsan ki, yaxşı razıyam, onu sizdən güclü yaratmışam, özü təslim olmadıqca, Sən ona heç nə edə bilməzsən. Görək, insan oğlu sənəmi tapınacaq, Mənəmi?
Bax bütün bu həngamələrin əsası da, elə oradan başlayıb. Şeytan hikkəsindən başlayıb insanı yoldan çıxarmaq üçün onun zəif yerlərini axtarmağa. Bədbəxtlikdən, bu zəif nöqtəni tapmaq elə də çətin olmayıb. Şeytan "əfəndi" görüb ki, insanın ən zəif yeri onun nəfsi və maddi hissləridir. Elə bunlardan da ikiəlli yapışıb başlayib işə. Hər gözəldə bir eyib olar misalı, bizim eybimiz də sən demə lap biabirçı eyib imiş.
Nə olsun ki, Sən bütün Müqəddəs Kitablarda (məs. Avesta, İncil, Baqavad-Qita, Quran, Tövrat, Zəbur və s.) maddi nemətlərə aldanmamağı, maddi kainatdan qurtulub əbədi dərgaha qayıtmaq üçün ruhi inkişafı məsləhət görmüsən, bu sözləri heç vecinə alan da yoxdur. İnsan oğlu acığa düşüb Sənin qadağan etdiklərin şeyləri edir və bundan zərrə qədər də narahatçılıq keçirmir. Hərəkətlərindən belə çıxır ki, Sən ki bizi cənnətdən qovdun, biz də acıqnan burda hər şeyi tərsinə edəcəyik.
Bu proses hansı nəticələrə gətirib çıxarıb, Özün məndən yaxşı bilirsən. İndi imanlı bəndələrin gözləyir ki, görək Tanrı Şeytana uduzulmus bəşəriyyəti xilas etmək üçün hansı yola əl atacaq. Bəzi Müqəddəs Kitablarda yazılanlara görə, guya bu və ya digər məsələlərə Qiyamət günündə əncam çəkiləcək. Bu qiyamət günü də qalıb qiyamətə, gəlib çatmır.
Sən Özün bütün Kitablarında demisən ki, əsas insanın qəlbi, ruhudu, bədəni paltar kimi bir şeydir. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, qiyamət gününədək bizim nəinki bədənimiz, hətta belə getsə, ruhumuz da çürüyüb məhv olacaq. Onda Sən bizi hardan tapacaqsan ki, mükafat və ya cəzamızı da verəsən?
Xudaya Pərvərdigara, bilsən Sənə şikayət ediləsi nə qədər məsələ var, qulaqlarını tutub qaçarsan. Ona görə də, mən hamısını yox, bir neçəsini Yadına salmaq cəsarətində bulunuram.
Öncə ərz edim ki, hazırda bizim dünyada mənəviyyatla mənəviyyatsızlıq arasında açıq müharibə gedir. Bu döyüşdə mənəviyyatsızlıq tərəfdar çoxluğu ilə qalib gəlməkdədir. Sənin nəsihət etdiyin mənəvi dəyərlər yerdəki fani "tanrıçalar" tərəfindən tamam dəyişdirilib. İndi söhrət və sərvət qazanmaq üçün bəzi qadınlar ortalıqda (və ya gizlində) soyunaraq namusundan, bəzi kişilər isə, pula görə kiminsə qarşısında alçalaraq ləyaqətindən keçməyə məcbur olurlar. İndi qadınlar və qızlar Sənin yaratdığın təbii simanı özlərinə yaraşdırmayıb, süni kosmetik vasitələr və cərrahi əməliyyatlar vasitəsilə qondarma gözəllik yaradırlar.
İndi müqəddəs elan etdiyin analar daha öz uşaqlarına süd vermirlər ki, “fiquram pozular”. Süni uşaq (və böyük) qidaları gələcək “hissiz və duyğusuz süni insanlar ordusu”nu yaratmaqda, firildaqçılar yeni-yeni süni qidalar kəşf etməkdə, alimlər haray-həşir qoparmaqda, dövlət rəhbərləri isə susmaqda...
İndi əxlaqsızlar çıxıb televizordan xalqa mənəviyyat dərsi keçirlər, oğrular doğruları mühakimə edirlər, kiçiklər böyükləri danlayırlar, yaltaqlar vicdanlılara əmr verirlər, savadsızlar savadlılara bilik örədirlər və s.
Ruhi və ilahi elmlərin böhran keçirməyinə üzülmə Rəhmli Tanrım, əvəzində maddi elm çox inkişaf edib- o dərəcədə ki, bakirəlik belə süni yolla “bərpa” olunur! Maddi elm o dərəcədə irəli gedib ki, bəşərin toxunulmaz məbədinə- genetik kodlara belə müdaxilə edirlər. Alimlər artıq insan klonu yaratmağa nail olub, bunlardan bəziləri isə, Səninlə bəhsə girməyə cəsarət edib “süni insan” yaratmağa çalışırlar.
Nəinki, insan, xəbərin varsa artıq süni Tanrı da yaradıblar, adını da süni intekllekt qoyublar. Bəşəriyyətin inkişafına xidmət etməli olan elm onun düşməninə çevrilib.
Elm və texnika inkişaf etdikcə insan öncə özünə problem yaradır, sonra da problemin həlli üçün yeni kəşflərə baş vurmaq məcburiyyətində qalır. Korrupsiya dünyanı başına götürüb, haram halaldan üstün olub. İndi babat day-dayı olmayan insan normal yaşamaq üçün uzunqulaq kimi işləməyə (iş tapa bilsə) məcburdur. Gözü doymayan hökmdarlar torpaq, var-dövlət və hakimiyyət naminə dinc xalqı qırğına verirlər. Ara yerdə Sənin mömün bəndələrin güdaza gedir.
Dünyamızın müsibətlərindən danışsam, onda gərək Sən bir neçə əsr mənim çərənləmələrimə qulaq asasan. Nə Sənin bu qədər səbrin var, nə mənim o qədər vaxtım…
Ardı var