Ötən ilin sonlarından etibarən Azərbaycan teleməkanının 2-3 televiziya kanalını çıxmaq şərti ilə digərləri üçün ağır itki üz verib. ABŞ-də yaşayan həmkarımız Qənirə Ataşova “Instagram” hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham, hətta həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini də iddia etdi. Bunun teleməkana nə dəxli, deyirsiniz? Deməyin, dinləyin...
Elə həmin vaxtdan da ölkədə aləm qarışdı. Həkimlərdən gizlənənlər, heç nə olmayıbmış kimi ortalığa çıxanlar da oldu. Adam tapıb Qənirə xanıma xahişə göndərən, özünə haqq qazandırmaq istəyən, Qənirə xanımın “haqsızlığına” uğradığını iddia edən də oldu.
Lakin bu məsələdən ən çox pərişan olanlar televiziya kanalları oldu. Çünki bu tip həkimlərdən ən çox istifadə edənlər onlar idi. Çoxsaylı verilişlər var ki, yalnız həkimlərin reklamı ilə məşğuldur. Eyni zamanda, onları verilişlərinə ekspert kimi də çağırırlar. Adama sual verərlər ki, axı sənin verilişin səhiyyə təyinatlı deyil, bu həkimin burada nə işi var? Elə bu sual onlara illər uzunu verilmədiyi üçün də ayaqları yer alıb və həkimlər bir-birinin ardınca efirləri zəbt edir.
Gülməli mənzərə yaradılıb teleməkanlarda. Həkimlər oturub kiminsə ailə məsələsini yoluna qoymağa çalışır. Bir-birindən küsmüş ər-arvadı, ata-qızı barışdırmağa çalışır. Və yaxud da kiminsə itkin düşmüş adamını axtarır.
Azərbaycan tamaşaçısını mənəvi dəyərlərdən uzaqlaşdıran, xalqın ailə dəyərlərini ictimaiyyət qarşısında rəzil edən bu uzun-uzadı verilişlərin efir vaxtının yarısı isə həkimlərin fəaliyyətinə, gözü, qulağı, boğazı, ödü, böyrəyi başqa həkimlərdən fərqli olaraq “möhtəşəm” şəkildə müalicə etdiklərinə və çalışdıqları klinikaların reklamına həsr edilir. 20 dəqiqədənbir bu cür əttökən və yorucu reklamlar əslində verilişin yaradıcı kollektivinə orada müzakirə etdikləri məsələlərdən daha əhəmiyyətlidir. Çünki bu reklamlar həm bir neçə illik müqvilələrlə, həm də günlük hesabla onlara pul qazandırır.
Nə itirir ki, həkimlər, bir tərəfdən çalışdıqları klinikalar reklam olunur, baş həkimin yanında hörmətləri artır, digər tərəfdən isə pulunu verib efirdə yer alır və lap yaxından tanınır.
Belə verilişlər isə onun marağında deyil ki, həkimlər bu millətin doğrudan da xəstəliyini müalicə etmək qabiliyyətinə malikdir, ya yox. Onların marağında olan maliyyə məsələsidir. Odur ki, həkimləri səhiyyə ocaqlarından çox televiziya ekranlarında görməyə alışmışıq biz.
Və bu həkimlərin bir gün əməliyyatdan çıxmayan, kor, şikəst etdikləri, eybəcər hala saldıqları xəstə-pasientləri olanda isə, kimin nə vecinə. Belə olanda o həkim gedir, o biri gəlir.
Sağ olsun, Qənirə xanımı. Belə çıxır ki, bu xanım xalqın qanını somuran, qəsdinə duran həmin həkimlərin sıyahısını təqdim etməsəydi, uzun illər bu məsələ bu cür də davam edəcəkdi. Teleməkan onların reklamını aparacaq, biz də dərdimizi götürüb onların yanına gedib dərdimizin üstünə bir dərd də qoyub qayıdacaqdıq.
Kimsə yüksək məbləğdə vəsait alıb həmkarlarından çox fərqli bir həyat yaşayacaq, həkimi reklam edib xəstə axınına şərait yaradacaq, qazanan teleməkanın “yaradıcı heyəti” və pulunu verib sertifikat alan, işə düzələn həkimlər olacaq, yazıq olan isə bu verilişlərdə şəxsi həyatı milyonlarla insanın qarşısında rəzil edilən, dörd divarın içərisinə məxsus sirri-sözü sosial şəbəkələr vasitəsilə dünyaya bəyan edilən insanlar...
Qənirə xanımın həkimlərlə bağlı araşdırmaları davam edir. Hələ həmin siyahı tamamlanmayıb. Göründüyü kimi, hərdən biri də tapılıb siyahıya əlavə edilir. Hələ üstəlik son vaxtlar üç üzü açılan, səhiyyə ocağının nə olduğunu dərk etməyən, özünü nəinki həkim, sadə ziyalı kimi apara bilməyən həkimlərlə də tanış oluruq.
Deyəsən, yeni il bu həkimlər üçün heç uğurlu başlamadı, ha. Yeni il qədəmini basandan bunların da problemi başlayıb. Bəlkə də gileylənirlər bu haldan. Lakin bütün bunları yaradan məhz özləridir, başqa kimsə deyil.
Hə, sözümün məğzinə gəlim. Həkimlər teleməkanın cəlbedici qüvvələrindən yamanca uzaqlaşır. Bir sözlə, əldən gedirlər. Həm də onlara ən çox xeyir verənlər və gələcək istifadə üçün nəzərdə tutulanlar.
Həkimlərlə bağlı bu qədər söz-söhbətə düşünürəm ki, teleməkanlardan çox narahat olan başqa kimsə olmaz. Çünki bu siyahı genişləndikcə, teleməkan bazarında həkimlərin də sayı azalacaq. Çünki tanınmış savadlı həkimlərin özünüreklama ehtiyacı yoxdur. Onlar xəstəxanalarda insanlara şəfa verməklə məşğuldur. Televiziyalara isə məhz bu siyahıda olanlar kateqoriyasından həkimlər üz tutur: tanınmaq, məşhurlaşmaq üçün.
Odur ki, onların adlarının qara siyahıya düşməsi teleməkanın əhvalını da qara edir. Əldən gedən həkimlər... Çox sağ olun, Qənirə xanım, ümidvarıq ki, hələ neçə “məşhurlar” bu siyahıda yer alacaq. Və bununla insanların xilası olacaq: həm mənəvi, həm də sağlamlıq cəhətdən.
Mətanət Məmmədova