İstək və arzudan asılı olmayaraq hər bir kəsin TƏBİB və ya “Azəriqaz”-la əlaqələr qurması məcburidir. Nədən ki, insanların sözügedən qurumlardan işi aşır. Xəstələndinsə ayağını sürüyə-sürüyə də olsa həkimə getməlisən, sayğacından təbii qaz sıfırlanıbsa əlavə vəsaiti sayğaca yükləmək üçün dostundan 5 manat, qohumundan 10 manat borc alıb, ödəmə terminalına ayaq döyməlisən. Yəni onlar xoşlamasalar da, bizlər onların tətbiq etdikləri qaydaları, özlərinəməxsuz prinsipləri yerinə yetirməliyik. Palatka toylarında oxunan mahnılardan birində deyildiyi kimi, “sən sevməsən də mən sevəcəm”. Vay o məqama ki, TƏBİB-in və “Azəriqaz”-ın maraqlarına zidd olan hərəkətlərə yol verəsən, o halda maddi ziyanla yanaşı, şirin canından olmaq təhlükəsi də yarana bilir. Çoxsaylı misallar göstərmək olar ki, TƏBİB-in və “Azəriqaz”-ın bağçasına daxil olan neçə-neçə “aşiqin” oradan cansız bədənləri çıxıb. Ona görə də, TƏBİB və “Azəriqaz”dan ehtiyatlı olmaq lazımdır. Söz yox ki, TƏBİB-ə və “Azəriqaz”-a həddindən artıq vurğun olmasından sui-istifadə edilir. İstəyirlər ki, onları bəy tərifi kimi tərifləsinlər, haqlarında xoş sözlər, fikirlər səsləndirsinlər. O dərəcə quru təriflərə aludə olublar ki, artıq özlərini qaldırıb qoyublar on metr hündürlüyü olan dəmir dirəyin üstünə. Deyirlər ki, biz hansı havanı çalsaq, siz aşağıdakılar o havaya uyğun oynamalısınız. Arada bir yuxarı şabaş atıb bizim üzümüzü güldürməli, ciblərimizi sevindirməlisiniz Onları qəzəbləndirmək, hirsləndirmək də insanlara baha başa gələ bilər. “Azəriqaz” tərəfindən bəzi abonentlərin cərimələnməsi, təbii qazın verilişinin dayandırılması, məhz kimlərinsə sözügedən qurumun əməkdaşlarını qəzəbləndirməsinin bədəlidir. Sosial şəbəkələrdə yazılanlara görə, “Azəriqaz” İstehsalat Birliyinin Quba, Abşeron, İsmayıllı və Gəncə regional idarələri tərəfindən 45 min abonent heç bir əsas olmadan cərimələnib. Onlarla abonent “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib haqqını bərpa etsə də, “Azəriqaz” məhkəmənin qərarını qəbul etməyib. Eyni hörmətsiz davranış TƏBİB tərəfindən də insanlara qarşı həyata keçirilir. Fikir verin, 5 saylı xəstəxananın, el arasında “Respublikanski” xəstəxana kimi tanınan xəstəxananın bütün kollektivini aparıb Buzovna qəsəbəsində yolun-izin olmadığı, sərnişin avtobuslarının hərəkət etmədikləri yerə tullayıblar. Həkim, tibb bacısı xəstələrdən beş-on manat alıb yol xərclərini kompensasiya edirlər, bəlaya düçar olan xəstələrdir. Biçarə xəstə Ağdaşdan, Gəncədən, Şamaxıdan, Quba və Qusardan, elə uzağa getməyək, Müşfiqabad, Güzdək, Biləcəri qəsəbələrindən olan xəstələr uzun yol qət edib Buzovnaya çatmalı, xoşbəxtlik üzlərinə gülsə, həkim müayinəsindən keçməlidir. Hətta elə insanlar var ki, bir arayış almaq üçün Buzovnadakı modul tipli xəstəxanaya gedib, uzun növbəyə durub arayışını almalıdır. Şəraitsizlikdən həkimlər də beziblər. Bu baxımdan istər tibb bacıları, istərsə də həkimlər o dərəcə qəzəblidilər ki, xəstələri təhqirlə qarşılayıb, ittihamla yola salırlar. İcbari tibbi sığorta filan da çox zaman işə keçmir. Deyirlər ki, “pul, pul”.
Uzun əzablı yol qət edib, nəhayət xəstəxanaya varid olan insanlar da sifətlərindən zəhrimarlıq yağan həkimlərin təhqirlərinə, tibb bacılarının kinayəli atmacalarına dözümlü yanaşırlar. Fikirləşirlər ki, oyan-buyan etsələr həkim qəzəblənib deyər ki, get sabah və ya birisi gün gələrsən. Bu xəbərdarlıq xəstəyə əlavə cəza deməkdir. Bu baxımdan həkim nə qədər istəsə, tibb bacısı nə desə susurlar, təki müayinə olunsunlar, təki arayışı ala bilsinlər. Fəlakətin digər məqamı ondan ibarətdir ki, Buzovnadakı modul tipli xəstəxanada həkim çatışmazlığı mövcuddur. Bəzən 25-30 xəstəyə bir həkim baxır. Problemin səbəbini, kökünü öyrənmək və onu aradan qaldırmaq da mümkün deyil. Düzdür, bu yaxınlarda TƏBİB-in başbilənlərindən olan bir məsul şəxs müjdə verdi ki, bəs xaricdən ölkəyə 200-ə qədər həkim gəlib. Açığı aydın olmadı ki, həmin o 200 həkim azərbaycanlıdır, yoxsa əcnəbi. Nə isə, hər halda yaxşı xəbərdir, əla. Lakin sual olunur, 1400 ixtisaslı (Səhiyyə Nazirliyinin rəsmi şəxsin açıqladığı məlumatdır) həkimi nədən Almaniyaya getməsinə imkan verdiniz? Niyə görə o 1400 həkimə lazımı şərait yaratmadınız ki, indi bəh-bəhlə “xaricdən 200 həkim ölkəmizə gəlib” deyirsiniz. Açığı mən də eləmədim tənbəllik, “yalançını evinə qədər qovarlar” məsəlinə uyğun olaraq araşdırmalar apardım. Ancaq xaricdən ölkəmizə gəldiyi iddia edilən həkimlərdən birinin hansı xəstəxanada və ya poliklinikada işlədiyini öyrənə bilmədim. TƏBİB-in mətbuat xidmətindən məsələ ilə bağlı sorğumuza cavab verilmədi. Səhiyyə nazirliyinin mətbuat xidmətindən isə münasibət öyrənməyə ehtiyac duyulmadı. Çünki hər kəsə bəllidir ki, onlar yalnız özlərinə şərit yaratmaq haqqında düşünür və üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Ona görə də, təklif edərdim ki, Səhiyyə Nazirliyinin mətbuat xidməti ləğv edilsin və ya başqa bir qurumun eyni adlı strukturuna birləşsin. Ümumiyyətlə elə mətbuat xidmətləri var ki, boş-boş işlərlə məşğuldurlar. Adicə Press-reliz yazıb, onu KİV-lərə təqdim edə bilmirlər, jurnalistlərdən qaçır, haqlı, əsaslı suallardan yayınırlar. “Azəravtoyol” Səhmdar Cəmiyyətinin, TƏBİB-in, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidməti rəhbərlərinin özlərinəməxsus iş metodları var. Vatçapda özlərinə yaxın jurnalistlərdən ibarət qrup yaradıb, həmin qrup vasitəsi ilə gizli sövdələşmələr aparırlar. Xüsusilə də, kim onların başını sığallayb, haqlarında əttökən tərif deyirsə, onunla əməkdaşlıq edirlər. Bu baxımdan sözügedən qurumların fəaliyyətində cəmiyyət üçün qaranlıq qalan kifayət qədər məsələlər var. Biz növbəti günlərdə hissə-hissə qaranlıq məsələləri cəmiyyətin diqqətinə, təbii ki, həm də elə sözügedən qurumların rəhbər şəxslərin diqqətinə çatdırmağa çalışacağıq.
İLHAM ƏLİYEV