Həyatımıza daxil olan internet radio və televiziyanı, ənənəvi mətbuatı sıradan çıxarmaq üçün gəlmişdi, desək, yanılmarıq. Gündən-günə inkişaf edən, hərdən bir yeniliyi ilə diqqətləri özünə çəkən internet dünyası illər uzunu maraqlı verilişlər, nağıllar, filmlər, konsertlər, əyləncəli proqramlar izlədiyimiz radio və televiziyanın əvəzinə bizə sosial şəbəkələri, əsryarımlıq tarixi olan ənənəvi mətbuatın yerinə isə sosial medianı təqdim etdi.
Telefon vasitəsilə radio-televiziya da, qəzetlər də əlimizin içində oldu. İstədiyimiz vaxt onların hər üçündən istifadə etmək imkanımız yarandı. Bunu bəyənənlər də oldu, bəyənməyənlər də. Bəyənənlər dedi ki, nə yaxşı şeydir bu telefonlar, sən haradasansa, radio-televiziya, mətbuat da oradadır. Bəyənməyənlər isə uzaqgörənlər idi. Onlar bilirdilər ki, hər şey cəmləşmiş bu telefonlar bir gün uzun illərin ənənələrinin üzərindən elə bir qara xətt çəkəcək ki, əsər-əlaməti belə qalmayacaq.
13 fevral- Ümumdünya Radio günüdür. Bu gün yadıma illər öncə hər birimizin evində divarlardan asılan, dolabların başında, masaların üzərində yeri olan radiolar düşdü. Gecə-gündüz oradaca bizi xəbərlərlə, əyləncəli verilişlərlə, konsert proqramları ilə təmin edən, uşaqlığımızın nağılı olan radiolar.
Bütün günü açıq olurdu. Ölkənin hər yerindən, hətta xarici xəbərlər bülleteni ilə dünyadan da xəbərdar olurduq. Gecə bir az səsini azaldırdıq. Oradaca nənə-babalarımız demişkən, “danışırdı”.
Bu gün isə bütün ölkəni gəzsək, bəlkə də bir evdə belə radio tapa bilmərik. Çünki onun yerini sosial şəbəkələr alıb. O sosial şəbəkələr ki, bütün günü oradayıq. Bizi real həyatımızdan virtual həyata şirnikləndirən sosial aləm. Radiomuz da, televizorumuz da, söhbət, görüş yerimiz də oradadır. Məktublaşmağımız, hal-xoş etməyimiz də oradadır.
Bu gün radio yalnız kimin maşını varsa, oradadır. Maşında digər vasitələrdən istifadə edə bilmədiyimiz üçün məcburən radionu açmalı oluruq. Uzaq səfərlər zamanı, şəhərdə tıxacda qalan zaman dadımıza radio çatır. Vaxtımızı doldurmaq, öldürmək üçün bir musiqi dinləyirik, istər-istəməz ölkə xəbərlərindən məlumatlı oluruq, bəzi verilişləri dinləmək məcburiyyətində qalırıq.
Deməli, radionu yalnız ölkədə sürücülər dinləyir. Bir də maşında olanlar və ya taksi xidmətindən istifadə edənlər. Onlar da ki, təbii ki, bir saatadək və ya ondan da xeyli az vaxt ərzində.
Radionu verdik sosial şəbəkələrə qurban. İndi evlərimizdə, işdə, küçədə, bir sözlə, hər yerdə yanımızda telefon var. Biz istədiyimiz məlumatı da ondan alırıq, radio kimi də ondan istifadə edirik. Lakin əvvəlki radiolardan aldığımız “doğmalığı” müasir texnologiyadan, süni intellektdən ala bilirikmi? Əlbəttə, yox.
Lakin nə etməli ki, qısa zaman kəsiyində qapı-pəncərələrimizi internetin üzünə elə görməmişliklə açdıq, onu yuxarı başa elə dəvət etdik ki, oldu ev sahibi. Artıq gecdir onu evdən çıxara bilməyimiz. İnternet olub həyatımızın bir parçası. Xeyiri xeyrimizdir. Xeyrindən çox zərərləri isə bizdən qopara-qopara gedir. Haradək, bax, bu suala hələ ki, cavab tapa bilən çox az insan var.
Danışmayan, artıq susan radioları xatırlayan mənim kimi minlərlə insan var bu gün. O radiolardan mənəvi zənginlik alan insanlar. Vaxt gələcək o insanlar da radiolar kimi torpağa qovuşacaq. Ondan sonra isə bizim övladlarımız və onların övladları tamamilə bu gün sürətlə həyatımıza daxil edilən süni intellektlə baş-başa qalacaq: onların radiosu da, televiziyası da, mətbuatı da o olacaq.
Təəssüf edək, yoxsa zamanın tələbidir deyib, baş əyək, bax, bu seçim qarşısında hələlik bir söz demək çətindir...
O da maraqlıdır ki, bu il Ümumdünya Radio Günü “Radio və iqlim dəyişikliyi” mövzusunda qeyd edilir. Gülməlidir, deyilmi? Radionun bu gün tək dinlənildiyi yer iqlim dəyişikliyinin əsas səbəbkarı maşınlardır axı... Dünyanın hər yerində.
Mətanət Məmmədova