PDF Oxu

Köşə

  • 885

Rəzillikdir, başqa heç nə...

image

Mədəniyyət bir xalqı, cəmiyyəti var edən, davamlı və köklü edən əsas xüsusiyyətdir. Əgər yüz illərlə tarixi varsa bir millətin, bunu mütləq ki mədəniyyətlərinə borcludurlar. Çünki qol gücünə, qılınc gücünə əldə edilən hər cür hakimiyyət, hər növ mədəniyyət gəldi-gedərdir, amma mədəniyyətin təsiri ilə yaranan cəmiyyətlərin süqutu da asan olmur. Mədəniyyət gen məsələsidir, qan məsələsidir.

Cəmiyyətin mədəniyyətinin əsasında ailə dəyərləri varsa, ailəyə, birliyə hörmət varsa, ümumilli dəyərlərə ehtiram var deməli. Amma bu dəyərləri qoruyanların sayı məhvinə çalışanların çoxluğu arasında itib-batır. Onlar geridəqalmışlıq kimi qələmə verib çox dəyəri sildilər həyatımızdan. Qırmızı xətti tapdayıblar, məhrəmiyyətə diqqəti, ailəyə toxunulmazlığı da hədəfə alıblar.

İş o yerə çatıb ki, mədəni dəyərlərə ən çox zərəri də mədəniyyət adamları verir. Hər gün bir mədəniyyət adamının ali sayılan dəyərləri ələ saldığının şahidi oluruq. Elə ötən gün də bu çoxsaylı hallardan biri oldu, 30-40 saniyəlik bir görüntü sosial şəbəkələrin trendinə çevrildi, 2-3 saat ərzində milyonlarla dəfə baxıldı.

Baxmayan qalmayıb yəqin ki, söhbət “Bu Şəhərdə”nin kosertinin açılış anındakı düzməcədən gedir. Əvvəl hamı manipulyasiya edildi, bu planlanmış hal idi, videonu yarımçıq paylaşmaq bir növ konsertin reklamı idi. Anlaşılandır, danışmağa, göstərməyə sənəti qalmayanlar üçün bu cür reklamlara ehtiyac var, bir yolla özlərini yada salırlar.

Bu adamlara kim ixtiyar verib ailəni bu cür ucuzluğa, rəzilliyə alət eləsinlər? Konsertə rəfiqəsi ilə gələn qadın həyat yoldaşının başqası ilə gəldiyni görüb isterik vəziyyət yaşayır, qarşı tərəfə əl-qol atır, onu süni şəkidə tutub saxlayırlar, amma bir yolunu tapıb ikinci qadının saçını yola bilir. Qısası, çeynənmiş, rəzil bir ssenari. “Mən evdə sənin uşaqlarına baxıram, sən konsertə bununla gəlirsən” cümləsi bu rəzilliyin ölçüsüzlüyünü göstərdi.

Ailənin, uşaqların, məhrəmiyyətin, ər-arvad münasibətlərinin süqutunu səhnələşdirdilər, bəzilərimiz rişxəndlə, bəzilərimiz zövqlə, bəzilərimiz də matı-qutu qurumuş halda baxdıq. Məncə, bizim artıq immunitetimiz yaranıb belə görüntülərə, sosial şəbəkələrdəki videolarda rəzil adamlar, xar adamlar hər gün göstərirlər onsuz da bizə. Çox görürük deyə tamarzı deyil yəni. Mənəviyyatın çöküşünün görürük hər gün, məhrəmiyyətin istilasını görürük, ailəiçi məsələlərin rəzil nümayişini görürük. Birtəhər udurduq, hülqumda ilişib qalırdı. Nə deyə bilərik ki? Demokratiya belə bir şeydir, söz azadlıqları var. O söz cəmiyyətin əxlaqını pozsa belə.

Amma mədəniyyət adamlarının, aktyorların öz konsertində belə bir rəzilliyi nümayiş etdirməsini udmaq olmur, sinirmək olmur. Bunun adı əxlaqsızlıqdır, ailə dəyərlərinin yerə atılması, üstündə atılıb-düşülməsidir. Bundan o yana nə dayanıb? Ailəni döşəmə əskisi edənlərin növbəti hədəfi nədir? Gələn dəfə də qadın öz sevgilisini gətirəcək konsertə?

Digər xəbərlər