Elçin Bayramlı
Qloballaşma, o cümlədən artan miqrasiya prosesləri və internet sayəsində tanışlığın asanlaşması sayəsində əcnəbilərlə evliliklərin coğrafiyası xeyli genişlənib. Əcnəbilərlə evlənmələrin sayı bütün ölkələrdə artan xətlə gedir, lakin hər ölkənin, cəmiyyətin bunda öz səbəbləri və öz yanaşmaları var. Bəzi məlumatlara görə, Avropa İttifaqında qarışıq nikahların sayı artıq 40 faiz həddini keçib.
Son dövlər Azərbaycanda əcnəbilərlə nikah bağlanması halları artıb. Ötən il Azərbaycanda 2144 belə nikah qeydə alınıb. Vətəndaşlarımız daha çox Rusiya, İran, Türkiyə, Gürcüstan və Ukrayna vətəndaşları, o cümlədən başqa ölkədə doğulmuş və ya köçüb orada vətəndaşlıq almış etnik azərbaycanlılarla ailə qururlar. Türkiyə və İran vətəndaşları çox vaxt dil və mədəniyyət yaxınlığına, ortaq dinə, adət-ənənəyə, ortaq dəyərlərə görə seçilir. Amma çoxları avropalılar, amerikalılar və bəzi Asiya ölkələrinin sakinləri ilə də ailə qurmaqda maraqlıdır. Bunun üçün daha çox internetin, xüsusən sosial şəbəkələrin imkanlarından istifadə edilir.
Bəziləri həqiqi sevgi yarandığı üçün buna qol qoyur. Amma bu yolla miqrasiya etmək və ya maddi vəziyyətini yaxşılaşdırmaq istəyənlər daha çoxdur. Lakin burada bir sıra problemlər də yaranır. Fərqli psixologiya, adət-ənənələr, dil bilmək məsələsi, mədəni uyğunluq, təhsil və iş bacarığı kimi şərtlər var.
Müxtəlif məqsədlər üçün saxta evliliklərin sayının artması nəticəsində son vaxtlar bir çox ölkələr beynəlmiləl cütlüklərin həqiqi ailə olub-olmadığını diqqətlə yoxlayır. Yeri gəlmişkən, Azərbaycanda qeyri-qanuni mühacirlərin burada qalmaq üçün vətəndaşlarımızla bağladıqları saxta nikahların sayı da artıb. Qanunsuz miqrasiya ilə mübarizə məqsədilə Milli Məclis ötən il Ailə Məcəlləmizə dəyişiklik edən qanun layihəsini təsdiqləyib. Azərbaycan ərazisində qeyri-qanuni yaşayan və ya vətəndaşlığı olmayan şəxslər də aralarında nikaha icazə verilməyən şəxslərin siyahısına əlavə edilib.
Azərbaycanlılar da xarici ölkələrdə yerləşmək üçün saxta nigahlara tez-tez əl atırlar. Belə “ailə”lərin ömrü uzun çəkmir, sonra isə bir sıra hüquqi və mənəvi problemlər meydana çıxır.
Əvvəllər bizdə, əsasən xaricdə işlə bağlı daimi və ya müvəqqəti yaşayan kişilər əcnəbi qadınlarla ailə qururdular. Son vaxtlar Azərbaycanda əcnəbilərlə ailə bağlarını əsasən qadınlar qurur. Kişilər böyük əksəriyyəti öz millətinin nümayəndələrini seçməyə üstünlük verir.
Getdikcə daha çox azərbaycanlı qadının əcnəbiləri həyat yoldaşı kimi qəbul etməsini birmənalı olaraq müsbət tendensiya adlandırmaq olmaz. Sözsüz ki, əgər bu ailə sevgi üzərində qurulursa problem yoxdur. Lakin müşahidələr göstərir ki, bu kimi ailələrin maksimum 20%-I mənəvi dəyərlər üzərində qurulur. Əksəriyyətində səbəb maddi maraqlar və ya şəxsi həyatları üçün yaranacaq yeni imkanlardır.
Bundan başqa, bizdə kişilərin evlənmək istəmədiyi yüngül əxlaqlı qadınlar da həyat yoldaşını əcnəbilər arasından seçir, çünki bir çox ölkələrin vətəndaşları üçün bunun heç bir fərqi yoxdur. Bizdə isə, kişilərin hamısı həyat yoldaşı seçərkən ilk növbədə onun mənəvi-əxlaqi keyfiyyətlərinə fikir verir.
Əcnəbilərlə evliliklərin həm mənfi, həm də müsbət tərəfləri var. Üstünlük ondan ibarətdir ki, qarışıq ailələrdə uşaqların müxtəlif adət-ənənələri mənimsəmək və bir neçə dil öyrənmək imkanı olur, onlar fiziki sağlamlığı və yaradıcı istedadları daha çox olur. Qan qarışır, mədəniyyətlər birləşir və bəşəriyyət bir-birinə inteqrasiya edir.
Mənfi tərəflər isə ondan ibarətdir ki, maddi maraqlara əsaslanan əcnəbilərlə evliliklərin əksəriyyəti adətən dağılma ilə nəticələnir. Burada insan alverinin qurbanına çevrilmək təhlükəsi də var. Qadınlar xüsusilə diqqətli olmalı və qarşı tərəfi mümkün qədər yaxşı tanımağa çalışmalıdırlar.
Beynəlmiləl nikahların sayının artmasına təsir edən amillərdən biri də sosial-iqtisadi problemlərdir. Bu gün ölkəmizdə kişilərin əhəmiyyətli bir hissəsi iş tapa bilmir və ya aşağı maala işləməyə məcburdur. Onlar mənzil ala bilmirlər, ailələrini noprmal dolandıra bilməyəcəklərini başa düşür və nəticədə ailə qura bilmirlər. Qadınların böyük əksəriyyəti isə maddi imkanları olan kişilərlə, o cümlədən varlı əcnəbilərlə evlənməyə çalışır. Təəssüf ki, bu gün mənəvi dəyərlərə getdikcə daha az əhəmiyyət verilir.
Azərbaycan kişiləri daha çox işlə bağlı başqa ölkədə yaşayarkən əcnəbi qadınlarla ailə qururlar. Bəziləri bunu sevgi, bəziləri isə orada məskunlaşıb vətəndaşlıq almaq istəyi ilə edir. Birinci halda bu xoşbəxt ailə modelinə çevrilir. İkinci halda bu ailə müvəqqəti xarakter daşıyır.
Əgər ölkəmizdə bütün sosial-iqtisadi və mənəvi-psixoloji problemlər aradan qaldırılarsa, əcnəbilərlə nikahların çoxu əsl sevgi ilə bağlanacaq və təbii olaraq onların sayı azalacaq.