PDF Oxu

Köşə

  • 2 083

Zombiyönümlü təhsil sistemi – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Təhsil sahəsində problemlər bitib-tükənmək bilmir. Hər il müxtəlif gülünc yeniliklər ortaya çıxır. Son dövrlərdə tətbiq edilən hər bir qayda, hər bir yenilik təhsil sisteminə ancaq zərər vurmaqla nəticələnib. Statistikalar və müşahidələr vəziyyətin daha da pisləşdiyini göstərir.

Bəzən elə məntiqsiz addımlar atılır ki, təəccübdən hamının əli üzündə qalır. Məsələn, tədris ili başa çatmasına bir neçə ay qalmış imtahanların keçirilməsi tamamilə məntiqsiz və biabırçı bir tədbirdir. Dərs ilinin bitməsinə 3 ay qalmış necə imtahan ola bilər? Bu suala heç bir məntiqli cavab yoxdur. Bu imtahandan sonra isə həmin ilin dərsləri faktiki olaraq keçirilmir.

Təhsil səviyyəsinin getdikcə aşağı düşməsi probleminin günahı nə müəllimlərdə, nə də şagirdlərdədir. Son illərdə təhsil sahəsində vəziyyətin getdikcə pisləşməsi bu sahədə həyata keçirilən absurd eksperimentlərlə bağlıdır. Yəni, problemin kökündə Elm və Təhsil Nazirliyi dayanır. Artıq məktəblər faktiki olaraq təhsil verə bilmir. Orta məktəblərin təhsil göstəriciləri biabırçı həddədir. Ali məkltəbə qəbul olmaq üçün məktəbə yox, mütləq şəkildə hazırlıq kurslarına, repetitor yanına getmək lazımdır və valideyn hər uşağa görə ayda ən azı 300-500 manat bunun üçün ödəməlidir. Yalnız imkanlı valideynlər bunun öhdəsindın gələ bilir, əhalinin imkanlı olmayan hissəsinin uşaqlarının ali məktəbə qəbul olunma şansı minimuma düşür.

Son vaxtlar suallar xeyli asanlaşdırılıb, keçid balları xeyli aşağı salınıb, lakin bununla da abituriyentlərin göstəriciləri qalxmır, əksinə aşağı düşür. Hətta 150-200 balla universitetlərə daxil olma səviyyəsinə qədər enmişik. (Yəni, 5 ballıq sistem üzrə götürsək, 1, 2 qiymətlərlə!

Savadsız kütlənin ali məktəblərə daxil olunması prosesi kütləviləşir və sabah bu savadsiz kütlə bizi idarə edəcək. Lakin problem təkcə tədrisin səviyyəsi ilə bağlı deyil, həm də tərbiyənin aşağı düşməsi ilə bağlıdır.

Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi eksperimentlər, kurikulum sistemi, “şagirdyönümlü tədris proqamı” adı ilə tətbiq olunan sistem məktəblərdə tamamilə anarxiya və özbaşınalıq yaradıb. Məktəbin və müəllimin tərbiyə funksiyası əlindən alınıb, onlara şagirdlərə yalnız texniki olaraq təhsil vermələri tapşırılıb. Halbuki, məktəb ta qədimdən təlim və tərbiyə ocağı olub. Bu sistemi niyə dağıtdılar, aydın deyil.

Bəzi QHT-lərin nümayəndələri uşaqlara, onların hüquqlarının olduğunu, onlara “istədiyinizi edə bilərsiniz, müəllim kimdir ki, sizə nəsə desin" tipli “faydalı” məlumatlar verirlər. Uşaqlar isə öz növbəsində bu kimi fürsətlərdən necə lazımdır istifadə edir.

Uşaqların tərbiyəsiz davranışlarına qarşı müəllim tərəfindən görülən tənbehin sonu isə müəllimin cəzalandırılması, əksər halda isə onun işini itirməsi ilə nəticələnir. Nəticədə, şagirdlər məktəbdə, dərsdə hər cür özbaşınalıq edir, müəllimlərə tabe olmur, hətta onları təhqir edirlər.

Ən gülməlisi odur ki, bütün bu rəzalətin adı “şagird yönümlü təhsil sistemi” qoyulub. Xeyr cənablar, bağışlayacaqsınız, bu şagird yönümlü təhsil deyil, bu zömbiyönümlü təhsil sistemidir.

İldən ilə vəziyyət daha da pisə doğru gedir. Aparılan əcaib və zərərli eksperimentlər dayandırılmalı, məktəblərin tərbiyə səlahiyyətləri bərpa edilməlidir.

Problem təkcə məktəbdə deyil, həm də evlərdədir. Valideynlərin çoxu uşaqlarına tərbiyə verməyi dayandırıb. Bəzi xəstə psixoloqlar onları aldadıblar ki, uşaqlara qətiyyən heç nə deməyin, qoy nə istəyirlər etsinlər, azad böyüsünlər. Bu xüsusi düşünülmüş şeytani tezis ilə uşaq hər şeyin mərkəzinə gətirilib. Bu təbliğatın nəticəsi olaraq, tərbiyəsiz, qudurğan, özbaşına bir kütlə yetişdirilir. Onlar öz ailələrində ala bilmədikləri “tərbiyə”ni məktəbdə və ictimai yerlərdə nümayiş etdirirlər. Heç bir tənbeh, cəza görməyən uşaqlar tamamilə qudurğan, harın, tərbiyəsiz hərəkətlər edirlər. Müəllimlər artıq bu kimi hallardan cana yığılıb.

Uşaq 2 yerdə tərbiyə ala bilər- evdə və məktəbdə, hər ikisində tərbiyə sistemi yoxa çıxıbsa, artıq heç bir təhsildən, şəxsiyyətin inkişafından söhbət gedə bilməz. Çünki tərbiyə təhsildən hardasa 10 milyon dəfə daha vacib və daha üstündür.

Məktəblərlə yanaşı, valideynlər də uşaqlara tərbiyə verməlidir. Yaramaz hərəkətlər edən, hətta cinayət törədən uşaqların valideynləri ciddi cəzalandırılmalıdır. Bu kimi halların qarşısı alınmazsa, gələcəkdə kriminal ünsürlərin sayı olduqca artacaq, cəmiyyətdə mənəvi deqredasiya daha da sürətlənəcək.

Nazirlik nəinki, bu sahədəki neqativ hallarla bağlı heç bir addım atmır, əksinə ağır dərs yükü ilə uşaqların psixologiyasını pozur. Aşağı və orta siniflərlər az qala akademik təhsil verməyə cəhd edirlər. Başa düşməliyik ki, biz insan yetişdirməliyik, beyinləri müxtəlif biliklərlə doldurulan, bəzi test suallarını əzbərlərək sualların 5-də 1-nə cavab verib ali məktəbə soxula bilmiş zombilər lazım deyil.

Digər xəbərlər