PDF Oxu

Köşə

  • 2 335

Qədim mərasimdə müasir düşüncələr - FELTEYON

image

Elçin Bayramlı

21-ci əsr. Azərbaycan, Bakı şəhəri. Nikah mərasimi. Hərə ürəyində bir şey düşünür.

Nişanlı oğlan: Görəsən bu həriflər bu qızı nə ağılnan mənə verdilər? Heç araşdırmadılar, elə elçi gedən kimi dedilər verdik getdi. Özü də heç naz-qoz eləmədi, ilk tanışlıqdanca razılıq verdi evlənməmizə. Çox asan oldu bu iş bəxtimdən.

Nişanlı qız: Şükür, axır ki, bunu tələyə salıb ovlaya bildim, heç ruhu da incimədi. İndiyədək neçəsi gəlib gedib, açıqca deyiblər ki səndən ev, ailə olan şey deyil, çıxıb gediblər. Bir yana baxanda da düz deyirlər. Bu axmaq olmasa məni kim alardı ki.

Qız anası: Bu əlindən bir iş gəlməyən, yelbeyin qızı da özü ağılda birini tapıb sırıya bildiksə, o birinə qorxu yoxdu. Bütün oğlanlar ağıllı deyil ha hamı ağıllı qızla evlənə. O qədər axmaq var ki, birini də o biri qiza taparıq inşallah.

Qız atası: Bədbəxt uşaq, elə sevinir elə bil buna qız yox, qızıl vermişik, nə zibilə düşdüyünü hələ də dərk etmir. Evin tikilsin, bu qız sənin başına nə corablar hörəcək, özün də məəttəl qalacaqsan. Sən bunun anasını tanımırsan axı. Ona görə dədələrimiz deyib ki, anasına bax qızını al. Amma belə baxanda sən axmaq olmasan bu qızı kimə verəcəkdik?

Qızın qardaşı: Bu bambılının sir-sifətinə bax sən Allah, dişlərini ağardır hələ, xəbəri yoxdur nə bəlaya düşdüyündən, bu ipləmə sənin axırına çıxsın, sən də bax. Biz ailəliklə bunun öhdəsindən gələ bilmədik, sənb təkbaşına neyləyə bilərsən ay yazıq? Pişiyini divara dırmaşdırar, ağlın başına gələr.

Qızın bacısı: Vallah bu səy taxtabaşı da aldılarsa, mən daha asan gedərəm ərə. İndiki oğlanların başı yoxdu ha. Istəsəm bir belə axmağını da mən taparam, prosta böyük bacı getməmiş ayıb olardı.

Oğlan anası: Oğluma yaraşan qızdı, tfu-tfu göz dəyməsin, gözəldi, inşallah ağlı da gözəl olar. Düzdür, üzündən gözündən cin yağır, anası da düzəməlli şeyə oxşamır, amma neyləyək, gədə dünyanın gözünü töküb, gedib yapışıb bundan görək axırımız necə olur.

Oğlan atası: Yazıq uşaq, mənə baxıb gözü çıxan qardaşdan dərs almadı gedib qızın süni gözünə qaşına burnuna, silikonlarına aldanıb alır. Düzdü atası abırlı adama oxşayır, amma anası ifritədi elə bil, ona oxşasa uşağın qanı getdi.

Oğlanın qardaşı: Bu uşaq da belə heyf oldu. Qızın üzünə baxanda bilinir ki həyasız şeydi. Ayə, mən səndən böyüyəm, heç fikirləşmirsən ki niyə evlənmirəm. Görmürsən indiki qızlardan arvad olası deyil? Bir az ağlın olardı heç olmasa. O da yoxdu səndə. Yazıq qardaşım.

Oğlanın bacısı: Hegemon qıza oxşayır, bunun ədasına, eqosuna zada bax, elə bilir qardaşım hərif və sadəlövhdüsə gəlib hamınızın başında turp əkəcək. Ölmüşdü Xankişi. Saçını başını yolub verərəm əlinə ağlın başına gələr.

Nikah məmuru: Görəsən bunlar neçə aya boşanacaq? Son vaxtlar kəsdiyim nikahlar 1 il getmir. Belə baxıram ki, bunlar heç yarım il də çəkməyəcək. Havayı yerə toy, nişan, nikah filan nə qədər xərc tökürlər, batıb gedir. Ondansa elə evlənməsələr yaxşıdır. Ara yerdə uşaqlar yetim qalır bu müasir bambılılara görə. Nə isə, Allah özü kömək olsun bu xalqa.

Digər xəbərlər