PDF Oxu

Köşə

  • 1 828

Günəş yenə Şərqdən doğacaq – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

ABŞ və Qərbi Avropa ölkələri Cənubi Qafqaza soxulmaq, öz əsas düşmənləri Rusiyanı və İranı zəiflətmək üçün Ermənistanı dəstəkləyir və Azərbaycana - 30 illik işğala, terrora, soyqırıma məruz qalmış bir ölkəyə qarşı qərəzli siyasət aparırlar. Və bu ölkənin sülh üçün bütün imkanlar itirildikdən sonra öz ərazisində antiterror əməliyyatı keçirib, öz əraziləri üzərində suverenliyini bərqərar etməsi Qərb dövlətlərinin xoşuna gəlmir.

Dünyanın fövqəldövlətləri və onların nəzarətində olan beynəlxalq təşkilatlar bu 30 ildə Qarabağ probleminin həlli üçün bircə addım da atmadılar, əksinə hər vəchlə bizi işğalla barışmağa vadar etməyə çalışdılar. Dünyaya elan etdikləri beynəlxalq hüquq, demokratiya kimi bəzəkli postulatlar altında öz məkrli və merkantil siyasətlərini yeritməklə məşğul olan qərb dünyanın hər yerində seperatçı rejimlərə və terrorçu təşkilatlara dəstək verir, ölkələrdə vətəndaş müharibəsi, terror, qarşıdurmalar törədir. Rəngli inqilablarla kukla hakimiyyətləri dövlətlərin başına gətirib o ölkələri müstəmləkə kimi idarə edir, sərvətlərini talayıb aparırlar.

Qərb dövlətlərindəki var-dövlət və zənginlik də məhz bunun üzərində qurulub. Misal üçün, yalnız Fransanın yalnız Afrikadakı müstəmləkələrindən taladığı sərvətlərin rəsmi bilinən hissəsinin dəyəri 500 milyard, yəni yarım trilyon dollardır. Britaniya da bu sahədə Fransadan geri qalmır. ABŞ-ın transmilli şirkətlər və oyuncaq hakimiyyətlər vasitəsilə dünyadan taladığı vəsaitlər isə trilyonlarla ölçülür. Havayı yerəmi terrorçu təşkilatları maliyyələşdirmək, müxtəlif ölkələrdə rəngli inqilablar törətmək üçün milyardlar xərcləyirlər?

Azərbaycanda çox çalışsalar da bunu edə bilmədilər. Çünki burada xalqla hakimiyyətin birliyi güclüdür. Belə ölkələri daxildən parçalamaq olmur. Ermənistanda isə edə bildilər. Bu ölkənin başına öz oyuncaq hakimiyyətlərini qoyub Ermənistanı əllərində maşa kimi istifadə etməyə başladılar. Ondan Rusiyaya qarşı da istifadə etmək planları var, İrana qarşı da, Türkiyə qarşı da, Azərbaycana qarşı da. Lakin bu cılız və zəif ölkə boynuna yüklənən yükü daşımaq iqtidarında deyil və aldığı sifariş əsasında atdığı hər addım yalnız özünə zərər verir.

Nəticədə Qərb bu regionda istədiyinə nail ola bilmir və buna görə də aqressivləşir. Azərbaycana təzyiq üçün bütün mümkün üsullardan istifadə edir. Azərbaycanı nədə qınasalar yaxşıdır? Öz ərazilərini terrordan təmizləməkdə, sülh və sabitlik yaratmaqda, regionda əməkdaşlıq mühiti təklif etməkdə. Bunlar Qərb dövlətlərinə sərf etmir axı. Bu halda onların buraya müdaxilə imkanı sıfıra enir.

Həmin bu Qərb dövlətlərinin rəngli inqilablar edərək başına öz adamlarını qoyduğu Ukraynanı, Gürcüstanı, Ermənistanı necə fəlakətə düçar etdikləri bütün dünyaya məlumdur.

Azərbaycan isə müstəqil dövlətdir və öz maraqlarını özü qorumaq iqtidarındadır. Bu dövlətin hər hansı beynəlxalq təşkilata, xarici dövlətə ehtiyacı yoxdur. İndiyədək bu təşkilatlardan heç bir fayda görməmişik, əksinə bunlara böyük vəsait ödəmişik üzvlük haqqı olaraq.

Qərb dövlətləri başa düşməlidir ki, dünya beş-üç Qərb dövlətindən ibarət deyil, əməkdaşlıq üçün 200-ə yaxın ölkə var. Beynəlxalq təşkilatlar Qərbin oyuncaq təşkilatları kimi qərəzli təşkilatlardan ibarət deyil, əlli dənə platforma var beynəlxalq əməkdaşlıq üçün.

Ölkələri hədələmək dövrü, təzyiqə etmək dövrü keçib. İndi tələblərini məntiqlə, ədalətlə, hüquqla əsaslandıraraq irəli sürə bilərsən və təkbaşına deyil birgə qərarlar əsasında nəyisə kimsə qəbul edə bilər. Qlobal hüquqi sistemi dağıtmaqla özlərini gözdən salırlar və dünyada olan-qalan nüfuzlarını da itirirlər.

Bu gün Azərbaycanın heç kimə ehtiyacı yoxdur, onların Azərbaycana ehtiyacı var. Əvvəl elan etdikləri dəyərlərə özləri hörmət etməyi öyrənəcəklər, sonra bizimlə nəyisə müzakirə edə bilərlər. Yoxsa riyakar, saxtakar, merkantil sifətlərlə dünyaya dərs keçməyə cəhd edə bilməzlər.

Bir el məsəli var, deyir, dostunu mənə göstər deyim kimsən. Ermənistan kimi işğalçı, terrorçu, beynəlxalq hüquqa tüpürən, vandalizlm və soyqırımlar törədən bir dövləti müdafiə edənlər məhz elə bu dəyərləri bölüşdüklərini etiraf etmiş olurlar. Azərbaycan isə multikultural, multikonfessional, stabillik, əməkdaşlıq, inkişaf platformasına çevrilmiş bir ölkədir. Bu dəyərlərə malik olanlar isə bizim yanınımızdadır və olacaqlar. Dünya sürətlə qütbləşir, bütün kartlar açıq oynanılır. Hər kəs öz tərəfini seçmişdir və öz dəyərləri üçün döyüşəcək. Şər hər qədər güclü olsa da, xeyir qarşısında məğlub olacaq. Bütün tarix boyu da belə olub.

Yeni dünyaya keçirik. Və bu qlobal quldurların planı olan “yeni dünya düzəni” adlı şeytani sistem deyil, bu tamam başqa bir yeni dünya olacaq. Azərbaycan bu yeni dünyada öz yerini artıq tutmuşdur. Gələcək insani dəyərlərə, ədalətə, əxlaqa söykənənlərin tərəfində olacaq.

Dünyanı vəhşicəsinə talayaraq iqtisadi-maliyyə gücünə nail olmuş, lakin mənəvi-əxlaqi cəhətdən tam çürümüş bu Qərb sivilizasiyası isə qürubunu yaşayır, onun hegemoniyası başa çatır. Qərbdə qürubunu tamamlamaq üzrə olan Günəş yenidən Şərqdən doğacaq.

Digər xəbərlər