PDF Oxu

Köşə

  • 879

Bizim qələm...

image

Mətanət Məmmədova

O qələm ki, bizi böyük bir ordunun əsgərinə çevirib, sadəcə əlində silah deyil, qələmi olan əsgərlərə... O qələm ki, bəzən silah qədər kəskindir, hədəfə onun qədər dəqiq vurur. Kimlərinsə səhvinə, kimlərinsə yanlışına, kimlərinsə köhnə kənddə yeni dəbinə, haramına, xəyanətinə, pis mövqeyinə, nəfsinə tuşlanır. Vurur hədəfə, dağıdır, parçalayır. Milli dəyərlərimizi yaşatmaq uğrunda mübarizə aparır. Ailə dəyərlərimizi qorumaq üçün mübarizəyə qalxır. Cəmiyyətimizin, dövlətçiliyimizin qorunması üçün mübarizə meydanına çıxır o qələm.

Bəzən qələmimiz ana sığalına çevrilir. Ətrafdakı gözəllikləri tərənnüm edir. Gözəl ənənələri bəzəyir. Uğurları al-əlvan güllərə qərq edir. Yol göstərir, məsləhət verir, tövsiyə edir.

Bəzənsə əsrlərin o başından bu başınadək yola çıxır qələmimiz. Xatırlayır olanları-keçənləri. Həyatımızda izi, sözü, əməli qalanları anır. Onları o əsrdən bu əsrə qonaq gətirir. Yenidən dünyaya bəxş edir. Onlardan bəhs edir. Yubileyini, doğum gününü, anım tarixini qeyd edir. Yaşadır qələmlər minlərlə insanı: öz dəyərləri, zəhməti, yaddaşlara saldığı izlərlə...

Qələm deyəndə tək kağız üzərinə mürəkkəb salan bir əşya düşünməyin. Qələm həm də canlıdır: müəllimdir-yol göstərir, tərbiyə edir. Həkimdir-müalicə edir, sağlamlığa çağırır. Əsgərdir-döyüşür, düşmənlə mübarizə aparır. Torpaq uğrunda mücadilə edir. Şəhid verir, Qələbə qazanır. Sonra da bu qələbəni tarixin bu başından o başına götürür. Salnamələşdirir, tarixləşdirir.

Qələm hüquq mühafizəçisidir-hüquqlardan bəhs edir, bilməyənə hüquqlarını izah edir, polisdir-asayişi qoruyur, sərhədçidir-ərazi bütövlüyü uğrunda qələmdən süngərə çevrilir.

Qələm mühəndisdir-tikir, ucaldır, qurur-yaradır. Sonra da kənardan tamaşasına dayanır. Vəsf edir, gözəlliyi gözləri ilə görməyi, qiymət verməyi bacarır...

Qələm ata-anadır, bir evin böyüyü-ağsaqqalı-ağbirçəyidir. Ənənələri qorumağı tövsiyə edir, yol gözləməyə, keçmişdən bu günə yaşananları yaşatmağa çağırır. Böyüyün-kiçiyin yerini göstərir. Doğru davranışı təbliğ edir.

Qələmi əsla cansız bir əşya hesab etməyək. O, canlıdır, həyat doludur... Onu əlinə alanlar isə bizlərik-jurnalistlər. Qəlbimizdən, ruhumuzdan axanları qələmin yazmasına hökm verənlərik. Bir baxışla bəlkə də yüzlərlə insanın görmədiyini görənlər, sezmədiyini sezənlərik. Odur ki, çox həssasıq. Bu həssaslıq bəzən ömrümüzü yarıda qoyur. Bu peşə bəzən həyatımızı tam yarıda nöqtələyir.

Çətindir, lakin şərəflidir. Onu yarıda qoyub qaçanlar da olur. Çətinliyinə tab gətirməyənlər də olur. Lakin bizlər tab gətirənlər, peşəmizlə qürur duyanlarıq. Seçilib bu peşədə qalanlar, onun ağırlığını çiyinlərimizdə daşıyanlarıq. Odur ki, bayramı mübarək olsun, bu peşədə qalanların, olanların. Qoy qələmimiz iti, sözümüz kəsərli olsun.

Digər xəbərlər