PDF Oxu

Köşə

  • 638

Solovyov, sən hələ də Şuşanı xəyal sanırsan?

image

Əziz Vladimir Solovyov, sənin ritorikan artıq hər bir azərbaycanlıya tanışdır və hamının hissiyyatına toxunur. Mənim sənə gənc yazar olaraq bir neçə kəlmə sözüm var. Kompüterə yaxın otur və "sən" kimi müraciətimi həmkar olaraq səmimi qəbul et.

Gördük, bu dəfə də sən efirdə "ürəyini boşaltdın". Yenə şanlı təbliğatçı ampluanda, yenə gurultulu cümlələrlə, sanki bir-birindən qəzəbli redaktorlar səni qulağından dartıb kamera qarşısına otuzdurmuş kimi danışdın. Bizi təəccübləndirmədin, yox. Sadəcə bir sual var: sən hələ də Şuşanın Azərbaycanın olduğunu qəbul edə bilmirsən?

Sənin ağrın, problemin Qusmanla Markovun Şuşaya getməsi deyil. Ağrın odur ki, onlar getdilər, qayıtdılar, reallığı da dedilər, amma sənə heç kim belə bir dəvət göndərmədi. Dəvət almayanın qəlbində nə olar? Əlbəttə ki, inciyər, içində fırtına qopar və kamera qarşısında özünü "xəyanətə uğramış vətən fədaisi" kimi aparar. Necə də dramatik səhnə idi...

Deyirsən, Markov və Qusman "alçaqlıq ediblər". Nə üçün? Ona görə ki, Şuşaya gediblər? Və ya Azərbaycan həbsxanalarında saxlanılan "jurnalistlərinizin" taleyindən danışmayıblar? Bəlkə də, onların peşəkar sükutu səni narahat edib, çünki sən alışmısan efirdə sifarişlə qışqırmağa, təhqirə, sarkazma və həqiqəti ayaq altına atmağa.

Amma, Solovyov, biz sənin bu hikkəni başa düşürük. Şuşa – artıq Azərbaycanın siyasi, mədəni, informasiya qalasıdır. Sənin kimi Kreml mikrafonçuları isə hələ də bu qalanın başında dalğalanan üçrəngli bayrağı gözlərindən silmək istəyirlər. Axı necə olur ki, dünən "susmalı olan" Azərbaycan bu gün dünya mediasını bir şəhərinə – Şuşaya – yığa bilir? Necə olur ki, rus ziyalıları buradan sülh, dialoq və əməkdaşlıq haqqında danışa bilir? Sənin üçün bu, əlbəttə ki, qəbuledilməzdir.

Bir tövsiyə verim, qələm əhli olaraq, qələm tutan adama: Vladimir, daha yaxşı olar ki, sən də bu dəfə yazını "Şuşaya dəvət almamış bir təbliğatçının dramı" adı ilə çap etdirəsən. Yazıya etirafla başla "məni çağırmadılar, mən də incimişəm". Çünki incikliyin sətirlərdən yox, lap dərinlərdən duyulur.

Sonda isə, bir az reallıq hissi, bir az da səmimiyyət. Azərbaycan artıq sizin təbliğat şərhlərinizin fövqündədir. Şuşa isə sizin media ritorikanızın hüdudlarından kənardadır. Tarixi qəbul etməyə cəsarət edin. Həqiqət artıq sizin tərtib etdiyiniz ssenaridən çoxdan çıxıb. Məncə gəl həqiqəti etiraf et və haqqa gəl ki, gələn il sən də Şuşa Forumuna dəvət alasan....

Bir az dərindən nəfəs al, Solovyov... Yaddan çıxartma ki, Şuşaya dəvət almaq hər efir sahibinin qisməti deyil.

Yusif Quliyev

Digər xəbərlər