PDF Oxu

Köşə

  • 1 825

Dinə və mənəviyyata zidd yas mərasimləri - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Çox təəssüf ki, bu gün yas məclisləri ilə bağlı vəziyyət acınacaqlıdır, hətta bir biabırçılığa çevrilib. Bu biabırçılığa qarşı ölkədə ilk mübarizə aparanlardan biri də mən olmuşam- artıq 25 ildən çoxdur ki, mətbuatda, televiziyada, müxtəlif tədbir və layihələrdə bu mövzu ilə bağlı çıxışlar edir, təkliflər irəli sürürük, cəmiyyəti bu biabırçılığa son qoymağa çağırırıq, lakin hələ ki bir-iki hal istisna olmaqla bu barədə dəyişiklik yox idi.

Son günlərdə müxtəlif rayonlarda sadə ehsan məclislərinin tətbiqi ilə bağlı xəbərlər sevindiricidir. Çünki hazırki yas mərasimləri nə dini, nə də sosial baxımdan doğru deyil. Əslində, bu mərasimlərə “ehsan” deyilir, amma ortada ehsan yoxdur. Ehsan adından da məlum olduğu kimi, pulsuz, təmənnasız şəkildə edilən, səmimi niyyətlə təqdim olunan bir xeyir işdir. Bu gün isə yas mərasimləri restoran xidmətinə çevrilib: insanlara yemək-içmək verilir, daha sonra isə pul yazılır, vəsait toplanır. Bu, ehsan anlayışına tamamilə ziddir.

Nə İslam dinində, nə də başqa ölkələrdə bu cür adətə rast gəlinmir. Bir insanın doğması rəhmətə gedəndə insanlar onun dərdinə şərik olmağa, təskinlik verməyə gəlirlər- yemək yeməyə yox.

Amma bu gün ehsan süfrələrində o qədər zəngin təamlar təqdim olunur ki, bu artıq yas deyil, ziyafət məclisini xatırladır. Bu isə yas sahibinin həm maddi, həm də mənəvi cəhətdən ağır vəziyyətə düşməsi deməkdir: böyük xərclər, yorucu hazırlıq, bəzən hətta borc və sələmə düşmək.

Bu hal sadəcə yas sahibinə deyil, cəmiyyətin özünə də zərər verir. Biz yas məclisinə qarnımızı doyurmağa yox, ev sahibinin dərdinə şərik olmağa getməliyik.

Əgər doğrudan da ehsan vermək niyyəti varsa, bu, tamamilə pulsuz olmalıdır. Məsələn, sadə bir çay süfrəsi təşkil edilə bilər. Çay ehsanı verməyin xərci 100 manat civarında olur, ən çox hallarda 200 manata başa gələ bilər. Bu həm xərci azaldar, həm də imkansız təbəqəni qoruyar”.

Bu məsələnin inzibati yollarla tənzimlənməsi mümkün deyil. Çünki bu, mənəvi məsələdir və qanunla tənzimlənməsi çətindir. Burada əsas rol cəmiyyətin ziyalılarına, ağsaqqallarına, məmurlarına, tanınmış şəxslərə və din xadimlərinə düşür. Əgər bu şəxslər sadə yas məclisləri təşkil etsələr, pul yığmasalar, xalq da onlardan örnək götürər.

Əks təqdirdə, bu yanlış adət daha da genişlənəcək və nəticədə mənəvi deqradasiya dərinləşəcək. Cəmiyyətdə elə bir görüntü yaranır ki, sanki yas məclisi deyil, təmtəraqlı ziyafət keçirilir. Bu isə yas sahibini həm psixoloji, həm də maddi baxımdan əzir.

Əvvəllər də, bəzi rayon və kəndlərdə bu məsələ ilə bağlı müsbət təşəbbüslər və nümunələr də olub. Məsələn, mən 2000-ci illərin əvvəllərində Tovuzda “Simurq” televiziyasında çalışarkən belə bir layihə həyata keçirdik. Rayonun ağsaqqallarını, ziyalılarını, axundunu, din xadimlərini bir araya gətirib televiziyada təbliğat apardıq. Bir neçə ay ərzində yas mərasimləri sadə formada, yalnız çay, halva verilərək keçirildi. Təəssüf ki, bu təşəbbüs davamlı olmadı, çünki sonradan bəzi imkanlı şəxslər bu qaydanı pozdu və digərləri də onlara baxıb əməl etmədilər.

Burada bir şərt də qoyulmuşdu ki, yemək verilən məclislərə axundlar və mollalar getməsin. Bu, bəzi insanların məcburən qaydalara riayət etməsinə səbəb olmuşdu. İndi də eyni yanaşma tətbiq oluna bilər: dinə zidd olan mərasimlərə din xadimləri qatılmamalıdır.

Bir daha qeyd edirəm ki, yas məclisində yemək vermək nə dini baxımdan doğrudur, nə də insanlığa yaraşır. Belə zəngin ehsan vermək əslində o deməkdir ki, mən dini, mənəviyyatı və Qurani-Kərimi qəbul etmirəm. Belə yanaşma sosial və mənəvi problemlərin əsas səbəblərindən biridir.

Yas məclisi nə ziyafət, nə də nümayiş yeridir. Sadəlik və səmimiyyət əsas olmalıdır. Cəmiyyətin sağlam təbəqələri– ziyalılar, din adamları, mədəniyyət xadimləri bu sahədə təşəbbüs göstərsələr, cəmiyyət də onlara baxıb doğru yolu seçəcək. Əks halda, bu mənəvi fəlakət daha da dərinləşəcək.

Digər bir məsələ isə qəbir daşları ilə bağlıdır. Bu sahədə də standartların müəyyən olunmasına ehtiyac var. Başdaşları sadə, kiçik və fərqləndirici olmayan formada olmalıdır.

Kimin pulu çoxdur, nəhəng heykəl qoyur böyük çardaq tikir; kimin imkanı yoxdur, başdaşı belə tapa bilmir. Bu, cəmiyyətdə öləndə belə ayrı-seçkiliyin yaranması deməkdir. Bu isə ağır sosial yük və mənəvi deqradasiyadır.

Qəbir daşlarının forması və ölçüsü məsələsi isə qanunla tənzimlənə bilər. Nəticə olaraq, yas məclislərində təmtəraq yox, təvazökarlıq, israf yox, səmimiyyət olmalıdır. Əgər biz bu sahədə dəyişiklik istəyiriksə, əvvəlcə özümüz nümunə olmalıyıq.

Digər xəbərlər