PDF Oxu

Köşə

  • 765

Biz kimi öldürürük?

image

Lalə Mehralı

Məncə mədəniyyət gen məsələsidir. Bir az da savadlılıq vacibdir təbii. Mədəniyyət yollardan başlayır deyirlər, başqa bir deyimlə də yol mədəniyyətdir. Amma yolların hələ sarı torpaq, palçıq-lehmə olduğu zamanlarda insanlar bu qədər mədəniyyətsiz deyildi axı. Kimsə yolunu, yaşadığı yeri murdarlamırdı, zibil atmırdı, natəmiz saxlamırdı. Hər kəs atdığı məişət tullantılarının birbaşa onun özünün səhhətinə təsir etdiyinin fərqində idi. Küçəyə atdığımız hər hansı bir tullantının orada çürüyərək üfunət yayması elə özümüzə zərər verir axı. Amma atırıq. Mübarizə edən çox azdır, onlar da daha uğurlu vasitələrdən istifadə etmək yerinə adət etdiyimiz yola – qarğış etməyə baş vurur. “Bura zibil atanın ölüsünə lənət”, “zibil atanın balası ölsün” kimi qarğışlar milli qarğış adını alıb artıq...

Əl öyrəşib, indi şəhərdə demək olar ki, hamı plastik qutulardakı suyu içdikdən sonra küçələrə atır, tumu yeyib qabığını yerə tüpürür, marketdən içində nəsə aldıqları polietilen torbaları da yol boyunca sərgi edirlər. Maşın sürürsən, ön şüşənə polietiklen torba yapışır. Küçədə gedirsən başına göydən zibil düşür. Şəhərin mərkəzi küçələrində təmizlik var, amma əgər cərimələrin miqdarı artırılmasaydı çox pis vəziyyət hökm sürərdi. İnkişaf etmiş ölkələrdə bunun qarşısını almaq üçün KİV vasitəsi ilə həmin plastik qutuların, polietilen torbaların təbiətdə 1 əsr çürümədiyi barədə əhali məlumatlandırılır, ictimai yerlərdə posterlər asılır. İnsanlar da həmin qutuları küçəyə atmağın zərərli olduğunu anlayır. Hətta bəzi ölkələrdə təbiəti qorumaq üçün bu qutuları toplayıb təhvil verənə pul da təklif edirlər.

Bakıda bəzi metrostansiyaların divarlarında son vaxtlar ekoloji təmizlik temalı posterlər asılıb. Amma gecikmiş tədbirdir. Mediamız isə pul gəlməyən işə qol qoymur. Sosial reklam deyəndə elə bil televiziya rəhbərlərinin başına daş düşür. Nəinki televiziyalar, informasiya agentlikəri, portalları, qəzetlər bunun üçün müəyyən qədər səy göstərməlidirlər, amma heç kim etmir. Ərazidəki kommunal xidmət idarələri də məsuliyyət daşıyır. Amma onları o qədər də günahlandırmıram. Çünki gözümlə görmüşəm ki, 4 ədəd zibil qutusu boş ola-ola sakin gəlib əlindəki bağlamanı bir neçə metr aralıdan fırladaraq atıb. Bağlama da açılıb və zibil küçəyə dağılıb. İrad bildirirsən ki, niyə kənara atırsan? Bəs zibil qutuları nə üçündür? Cavabında deyir ki, məndən qabaq da ətrafa atanlar olub.

İndi gəl sən ona başa sal ki, başqasından nümunə götürüncə, elə et ki, yaxşı nümunələri səndən mənimsəsinlər. Çünki sənin, övladının yaxşı yaşaması üçün ətraf ərazilərin təmizliyi vacibdir. Təbiəti öldürürük, özümüzü öldürdüyümüzün fərqində olmadan. Okeanları, dənizləri məhv edirik, öz gələcəyimizi məhv etdiyimizin fərqində deyilik.

Digər xəbərlər