PDF Oxu

Köşə

  • 1 004

Öldürmək dərsi

image

Lalə Mehralı

Jurnalist olmağıma baxmayaraq mən kriminal xəbərləri, zorakılıq haqqında olan məlumatları, intihar hadisələrini oxumuram, qarşıma bununla bağlı informasiya, video çıxanda ötürürəm, baxmıram. Nə qədər cinayət xəbəri, öldürmək, qəsd etmək haqqında informasiya olar! Ötürürsən, yenə çıxır, yenə çıxır.

İnsanlar öldürməyə, qana susayıb. Öz doğmasını öldürmək su içmək qədər asanlaşıb. Onların haqqında yazanda ötəri də yazmırlar, hər detalına qədər mətbuatda yazılır cinayətin motivləri. Bunu uşaq oxuyur, yeniyetmə oxuyur, nəticəsi dəhşətli olur. Uşaqlar internetdən öldürmək dərsi alır sanki, cinayət törətməyin xırdalıqlarını öyrənir o videoların sayəsində.

Bir də görürsən müsahibə çıxır qarşına: “Bir neçə gün əvvəldən evə necə girəcəyimi hesablamışdım, onsuz da qoca arvaddan başqa heç kim olmurdu orada. Həmin gecə pəncərədən girdim içəri, özümlə balta da gətirmişdim, yavaş-yavaş yaxınlaşdım arvada, arxadan bir zərbə vurdum başına balta ilə, sonra gördüm ölmür, birini də vurdum, sonra birini, üstündən birini... Sonra da sürüyüb saldım bax bura, üstünü örtdüm, işimi gördüm, nə lazımdır götürdüm, sonra da çıxıb getdim, çıxanda da yaylığımla qapının, pəncərənin dəstəyini sildim ki, əl izim qalmasın”.

Və yaxud da başqa bir sujet xətti: “O qıza çoxdan gözümüz düşmüşdü, güddük iki dostumla, bir gün axşamçağı küçədə tək yaxaladıq, basdıq maşına, apardıq meşəyə, əvvəl paltarlarını çırdıq, sonra da növbə ilə zorladıq, o eləcə qışqırırdı. Sonra özündən getdi, elə bildik ölüb, biz də izi itirmək üçün orda bir quyu qazıb ora basırdıq”.

Bu sujetlərdən çox yazmaq olar, hamısı da bir-birindən iyrənc. Bunlar istintaq üçün çəkilib elə oradaca qalmalıdır, o arxivdən çıxmamamlıdır, internetdə yayımlanmamalıdır. Əvvəllər cinayət verilişləri vardı, indi bilmirəm yenə yayımlanırmı, gəncliyi məhv elədilər o verilişlərlə. Tamaşaçıya öldürmək dərsi keçirdilər, cinayəti necə törətmək olar ki, kimsə bilməsin, izini necə itirmək olar, cinayətdən sonra necə davranmaq lazımdır ki, heç kim şübhələnməsin və s.

Valideynlərə bu barədə xəbərdarlıq ediləndə, intihar, cinayət xəbəri izləyən övladının təhlükədə olduğunu deyəndə isə reaksiyası belə olur: “Əşi, kimə nə olur ki, buna da ola?” Kimə nə olur? Həbsxanalardakı cinayətkar uşaq və yeniyetmələrin sayı artır. 14-15 yaşında oğlanlar məktəbə getmək əvəzinə narkotik aludəçisi olur, sinif yoldaşını bıçaqlayır. Yeniyetmə öz anasına bıçaq çəkir, bacısını öldürür. Ər öz arvadını öldürmək və izi itirmək barədə xeyli “təcrübə” qazanır.

Narkotik aludəçisinin müsahibəsini, iynə vurmasını, gömgöy damarlarını yayımlamaq təhlükəlidir. Amma gənclər acgözlüklə izləyir o müsahibələri. Onlar narkotikin zərərləri barədə yox, narkomanın “çəkəndə hər şeyi unuduram” cümləsi ilə daha çox maraqlanır. Bir narkomanın narkotiki necə əldə etməsi, bir cinayətkarın cinayəti necə törətməsi ilə bağlı danışdıqları “dəlinin yadına daş salır”.

Digər xəbərlər