PDF Oxu

Köşə

  • 761

Soyunan müğənnilərin soyundurduğu mahnılarımız

image

Fikir vermisinizsə, müğənnilər iki hissəyə bölünür. Səsi, istedadı olanlar və səs, istedaddan xəbəri olmayanlar. Birincilərə hörmətimiz sonsuzdur. Çünki onlar özlərinə hörmət edirlər. Necə edirlər? Öncə səsləri var deyə meydana çıxırlar. İkincisi, geyimləri o qədər yerində olur ki, səslə geyimin harmoniyasına heyran qalırsan.

İkincilər, yəni səsi olmayanların təbii ki, özlərinə hörmət hissi yoxdur. Niyə? Çünki səsi olmayan bir insanın əlinə mikrofon götürüb mahnı oxuması onun özünə sayğısızlıqdan başqa bir şey deyil. Onlar özləri də bunu çox yaxşı bilirlər. Odur ki, ikinci yola əl atırlar: soyunurlar. Niyə soyunurlar? Ona görə soyunurlar ki, olmayan səslərini o aşağı-yuxarılı “dekolitələr” ört-basdır etsin.

Digər bir məsələyə diqqət çəkmək istəyirəm. Heç şahidi olmuşunuz ki, bu soyunan-yəni bədəninin mübhəm hissələrini tamamilə millətin qarşısına çıxaran müğənnilər bir xalq və bəstəkar mahnılarını olduğu kimi ifa etsin? Bu, mümkün deyil. Çünki soyunan müğənnilər mahnıların da orijinal “geyimini” əynindən çıxarıb başqa bir “geyim” geyindirirlər.

Yəqin belə müğənniləri və onların ifasını görməmiş deyilsiniz. Əgər müşahidə etməmisinizsə, onda bundan sonra bir qədər diqqətli olun, dediyimi təsdiq edəcəksiniz. Məsələn, bir-iki mahnı adı çəkim, vaxtınız olanda qulaq asın, diqqət edin, görün, “Ay bəri bax, bəri bax”, “Qal, sənə qurban” mahnılarını nə günə qoyub “müasir” müğənnilər. Necə ki, paltarları aşağıdan, yuxarıdan “dekolitəlidir” və ya insanın ağlına gəlməyəcək dərəcədə “müasirdir”, mahnılar da geyimləri ilə həmahəng vəziyyətə salınır.

“Oranjiman” maşını biri var, normal işləyə, yəni hər hansı mahnıya bir toxunuş edə, biri də var, o qədər qeyri-normal işləyə ki, mahnının altını üstünə çevirə, orijinalından əsər-əlamət qalmaya. Əslində “oranjimançıda” da günah görmək olmaz. Çünki onlar mahnını kim üçün yenilədiyini yaxşı bilirlər. Bilirlər ki, onu kim oxuyacaq, geyimi, hərəkəti nədir, ona uyğun da “oranjiman” edib mahnının da paltarını soyundururlar ki, müğənni ilə oxşar olsun.

Beləliklə, hələ bir-iki mahnının adını çəkdim, bu siyahını istənilən qədər uzatmaq olar. Bunu oxucular məndən də yaxşı bilirlər. Və həm mən adlarını çəkdiyim mahnıları, həm də özlərinə məlum olan belə soyundurulmuş mahnıları diqqətdən keçirib onları ifa edən müğənniləri də göz qarşısına gətirəndə dediklərimlə tamamilə razı olacaqlar ki, bəli, soyunan müğənnilər bizim bir-birindən gözəl mahnılarımızın orijinallığına necə xələl gətirir.

Belə müğənni və mahnılarla qarşılaşanda onlara yazılan rəyləri də oxuyuram. Və sevinirəm ki, sağ olsunlar, çoxsaylı insan bu geyimlərlə xalqın qarşısına çıxanların da, mahnılarımızı bu günə qoyanların da əleyhinədir, onları yaxşıca tənqid edirlər.

Başqa çarə yoxdur. Biz həm dəyərlərimiz, həm də musiqimizin toxunulmazlığı üçün mübarizə aparmalıyıq. Əks təqdirdə qarşıdakı illərdə bədəninin gizli qalmalı hissəsini açıb xalqın içinə utanmadan çıxan və soyundurduğu mahnılarla musiqimizə zərbə endirən daha çox müğənni görəcəyik.

İmkan verməyək! Harada gördük, tənqid edək, ictimai qınağa çevirək, rəylər yazaq. Bu xalqın dəyərlərinin dəyərini yalnız özü bilir və onun qorunmasını da özü həyata keçirməlidir.

Mətanət Məmmədova

Digər xəbərlər