Lalə Mehralı
Təhsil əsas hüquq və sosial məsuliyyətdir. YUNESKO-nun məlumatlarına görə, dünyada 262 milyon uşaq hələ də məktəbə getmir, 617 milyon uşaq və böyük savadsızdır, 4 milyon qaçqın isə məktəb hüquqlarından məhrumdur. Bu insanlar təhsil almaq hüququndan məhrum edilib və bu vəziyyət qəbuledilməzdir. UNESKO bütün hökumət və təşkilatlardan keyfiyyətli təhsil vermək üçün səfərbər olmağı tələb edir.
Dünyada təhsildən yayındırılan, məktəbə göndərilməyən qızların sayı çoxdur və onların aqibəti bəllidir – ya nikah, ya istismar. Uşaq nikahlarının ən çox qeyd alındığı bölgənin Cənubi Asiya olduğu bildirilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırkı məlumatlarına görə dünyada uşaq yaşda evlənən 640 milyon qadının 45 faizi bu bölgədə yaşayır. Hindistan isə uşaq nikahlarının ən çox baş verdiyi ölkələr arasında birinci yerdədir. UNİSEF dünyada uşaq nikahlarının sayının azaldığını, lakin bu azalmanın arzuolunan səviyyədə olmadığını deyir və hesab edir ki, dünyada uşaq nikahlarının tamamilə aradan qaldırılması üçün daha 300 il gözləmək lazım gələcək.
UNİSEF-in son hesabatına görə hər il 18 yaşına çatmamış 12 milyon uşaq və yeniyetmə qız gəlin olur. Bununla belə, yeni məlumatlar göstərir ki, son 25 ildə uşaq nikahlarının sayı azalıb. 1997-ci ildə 20-24 yaş arası gənc qadınların 25 faizinin 18 yaşından əvvəl evləndiyi bildirilirdi, bu nisbət 2012-ci ildə 23 faizə, 2022-ci ildə isə 19 faizə enib. Hesabatda bildirilir ki, bu tendensiya davam edərsə, 2023-cü ilə qədər uşaq gəlinlərin sayının 9 milyona qədər azalacağı, eyni zamanda təhsilə yönəldilən qızların sayının artacağı ehtimal edilir.
UNICEF uşaq nikahlarının aradan qaldırılmasında nisbi irəliləyişin əldə edildiyini qeyd edərək, bununla belə, Covid-19 pandemiyasının, qlobal münaqişələrin və iqlim dəyişikliyinin artan təsirlərinin bu sahədə çətin qazanılmış nailiyyətləri təhlükəyə ata biləcəyini də ifadə edib. Hesabata görə, təkcə Covid-19 epidemiyasının yaratdığı təsirlərin 2020-2030-cu illər arasında 10 milyona yaxın uşaq nikahına səbəb olacağı, dolayısı ilə bu qədər qız uşağının təhsildən yayındırılacağı gözlənilir.
Güclü qızlar, güclü gələcək deməkdir. Qızlarınıza ağılları, bilikləri, zəkaları və şəxsiyyətləri ilə var olmağı öyrədin. Arzularını həyata keçirən təhsilli, qərarlı, zəkalı qızlarla dünya daha da gözəlləşəcək. Ölkəmizdə qızların təhsilinə, ziyasına olan diqqət bir çox müsəlman ölkəsində yoxdur. Bizim üçün normal olan haqlar başqa bir ölkədə qızların ancaq arzusu, xəyalıdır.
Oxuyun, qızlar! Mütləq oxuyun. Sizi gözləyən, önünüzə çıxan, ayağınıza dolaşan bütün əngəlləri aşın və oxuyun. Əmin olun, bütün dünyada qızların bərabər təhsil ala bildikləri, ayrı-seçkiliyə məruz qalmadıqları və həyatları boyu öz qərarlarını verə bildikləri bir gələcək gələcək. Mütləq gələcək!