PDF Oxu

Köşə

  • 838

Qadın qızlar...

image

Bəlkə də sərlövhə çox insan üçün qəribə görünəcək, deyəcəklər, necə yəni “qadın qızlar?...”. Lakin dediklərimdən sonra elə həmin insanlar mənimlə razılaşacaq.

Şəxsiyyət vəsiqəsində cins olaraq yalnız qadın və kişi yazılır. Bu qadın və kişilər hər zaman ata-ananın gözündə, dilində “qızım”, “oğlum” olaraq qalır. Cəmiyyətdə isə müəyyən zaman kəsiyində qadınlar qız, kişilər oğlan adlanır. Yaşa dolduqca, qızlar qadın, oğlanlar kişi olur. Oğlanlar və qızlar həm də ailə qurandan sonra bu titullara yiyələnir: kişi, qadın, daha sonra isə ata, ana.

Başqa cəmiyyətlərdə bəlkə də tamamilə fərqlidir. Lakin bizim cəmiyyətimizdə belədir ki, sənəddə necə yazılmasından asılı olmayaraq ailə qurmayan qadın qız adlanır. Sanki gəlin köçəndən, dünyaya övlad gətirəndən sonra böyüyür, qadınlaşır və bu adı daşıyır.

Və əsas-qadınla qızı bir-birindən əsrlərlə fərqləndirən məsələyə gəlmək istəyirəm. Vaxtilə qızlar qaş və üzlərini gəlin köçən günlər ərəfəsində səliqəyə salardılar. Qızlar gəlin köçəndən sonra qızıl zinət əşyalarından istifadə edərdilər. Bəzi geyimlərlə də qadınla qız bir-birindən fərqlənərdi.

Nə təmizliyin, nə səliqənin əleyhinə deyilik, xeyr. Düzgün başa düşülməmi xahiş edirəm. Lakin bu, elə bir dərəcədə olmalı idi ki, qızla qadın arasında bir fərq olsun.

İndi kənd-şəhər, fərq etmir, hər yerdə qadın qızlarla rastlaşırıq. Heç cür ayırd etmək olmur ki, bunların hansı qadın-yəni ailə quran, gəlin köçəndir, hansı hələ bu mərhələləri keçməyəndir. Hələ qızı orta məktəbi bitirməmiş analar onları qaş və üzlərini səliqəyə salmaq üçün gözəllik salonlarına yollayır və yaxud da özləri ilə birlikdə aparırlar.

Səliqənin əleyhinə deyilik, yenə deyirəm. Lakin bu səliqəni elə bir formada etmək olardı ki, qızla qadın bir-birindən fərqlənsin. Əvvəllər toyu olan qızları səhəri gündən etibarən hamı görmək istəyirdi. Çünki o, tamamilə dəyişirdi. Üzünə bir gözəllik gəlirdi. Hamı bu gözəlliyi, dəyişikliyi görməyə can atırdı. Lakin indi qızları toydan əvvəl necə görürüksə, toyun səhəri günü də eyni görürük. Dəyişən heç nə olmur üzlərində.

Təəssüf ki, onların üzlərində dəyişən bir şey olmasa da, lakin dəyərlərimizdə dəyişilənlər həddən artıqdır. Elə bunun özü də dəyərlərimizdən biri idi ki, dəyişdik, məhv etdik.

Qadınlaşan qızlar bu incə, heç də hər xalqa məxsus olmayan dəyəri məhv etdi. Biz böyüklər-qızlarımıza əlimizlə bu dəyişiklikləri edənlər isə göz yumduq hər şeyə. “Müasir dövrdür”,- deyib dəyərlərimizi dəyərdən saldiq. Qızlarımıza qızıl zinət əşyaları aldıq, onlar da bunlardan yetərincə istifadə etməyə başladılar. Bahalı pal-paltar aldıq, həm də yaşlarına uyğun olmayan paltarlar. Beləliklə, cəmiyyətdə kimin qadın, kimin qız olmasına son qoyduq. Toyundan sonra gəlinlik xonçalarından geyinən qadınla universitetə gedən qızların geyimi də, zinət əşyaları da bir oldu. Qaş-üzləri də həmçinin.

Odur ki, bu gün qızların yalnız ailə üzvləri, qohumları, rəfiqə və tələbə yoldaşları onların ailə qurmadığından xəbərdardır. Yoxsa mənim kimi kənardan baxan yüzlərlə insan nə bilsin ki, bunlar ailə qurub, yoxsa qurmayıb... Bunun əlamətlərini məhv etmişik. Ona görə də gözə dəymir.

Desəm, nə edək ki, bunu yenidən bərpa edək? Sualıma cavab tapa bilmirəm. Bəs siz?

Mətanət Məmmədova

Digər xəbərlər