PDF Oxu

Köşə

  • 676

Başsağlığı sayı artır, narahat olan varmı?..

image

Ötən həftələrdə 2024-cü ildə Azərbaycanda doğulan uşaqların sayı açıqlandı: 101066 uşaq. Və onlardan 74563-nün təbii yolla, 69913-nün isə qeysəriyyə əməliyyatı ilə həyata keçirildiyi bildirildi.

Məlumatın yayılmasından bir xeyli vaxt keçir. Maraqlıdır, görəsən budan narahat olan aid rəsmi qurum varmı? Yəni, ölkədə az qala təbii doğuşla qeysəriyyənin yarı-yarıya düşməsi kimisə narahat etdimi?

Əvvəllər qeysəriyyə əməliyyatına təsadüf nəticəsində rast gəlirdik. Anada hansısa bir patoloji vəziyyət yarandıqda, ona övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməsi tövsiyə olunurdu. Bu da ki, ana və onun yaxın qohumları tərəfindən sanki matəm kimi qarşılanırdı. Çünki insanlar şüurlu şəkildə anlayırdı ki, uşaq dünyaya təbii yolla gəlməlidir. Bunu Ulu Yaradanın səbəbi olub ki, belə məsləhət bilib. Lakin nə etməli, ana və uşaq üçün təhlükə varsa, cəhənnəm, qoy qeysəriyyə ilə olsun, deyirdilər. Yaxınlar, tanışlar, qohumlar isə belə ailələrə sanki başsağlığı verərdi ki, bəs gör nə baş verib sizin üçün.

Zaman ötdükcə, təbii doğuşlar yavaş-yavaş öz yerini qeysəriyyəyə verməyə başladı. Xeyr, burada hansısa bir patoloji vəziyyət yaranmadı ana olacaq qadınlar arasında. Onlar özləri “patoloji vəziyyət” olaraq doğuş sancılarından, ağrılarından canlarını qurtarmaq üçün bu yola əl atmağa başladılar. Bizim səhiyyə isə bunu heç də anormal hal kimi qəbul etmədi. İş gəlib o yerə çatdı ki, qeysəriyyə üçün müraciət edənlərin sayı ildən-ilə çoxalmağa başladı. Onu da qeyd edim ki, təbii doğuşla qeysəriyyə arasında 1000 manatadək fərq var. Baxmayaraq ki, qeysəriyyə daha çox vəsaitə başa gəlir, lakin qadınlar bunu daha üstün tutmağa başladı.

Bəzi həkim heyəti üçün də bu, sanki göydəndüşmə oldu. Doğuş üçün gələn qadınlar ya öz istəkləri, ya da “patoloji hal” məsləhəti ilə qeysəriyyə əməliyyatı üçün hazırlandı. Ta onlara deyən olmadı ki, təbii doğuş 1-2 saatdan sonra qadının ayaq üstündə olması, südünün normal şəkildə gəlməsi deməkdir. Onlara deyən olmadı ki, uşağın sağlamlığı üçün təbii doğuş gərəkdir. Deyilmədi ki, qeysəriyyə anormallığını nə vaxtsa göstərəcək, təbii yolla doğulanlarla qeysəriyyəlilər arasında fərqi ortaya qoyacaq. Bunu bilmək də hər bir qadının əlindədir. İnternet dünyasında nəyi bilməmiş deyilik ki...

Budur, 101066 uşağın cəmi 74563-nün təbii yolla doğulması, nə az, nə çox, 69913-nün isə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməsi, vallah dərindən düşünəndə faciədir. Lakin bunun faciə olduğunu şüurlu şəkildə neçə nəfər anladı, bu rəqəm neçə nəfərin diqqətini çəkdi, neçə nəfər həyəcanlandı ki, başımıza gör nələr gəlir...

Ötən illərin yanaşması ilə götürsək, görün başsağlığının sayı neçə olub, ildən-ilə, gündən-günə hara yüksəlib?

Bəs narahat olan necə, varmı?.. Bəlkə məsələyə gözlərimizi və ya eynəyimizi silib yenidən baxaq. Niyə kiminsə cibləri dolsun, bizimki boşalsın? Nə üçün kimsə yox ağlı ilə bizə ağıl versin, biz də onu dinləyək? Bəlkə doğuş qərarını sağlam və normal şəkildə özümüz verək, övladımızı təbii yolla dünyaya gətirək. Nə qədər əks maarifləndirmənin, sosial şəbəkələrdə boş-boş çağırışların, qonşu qadın belə edib, mən də edim, tələbə yoldaşım, rəfiqəm də qeysəriyyə ilə doğdu və ya mən nə üçün sancı, ağrı çəkməliyəm iddialarının qurbanı olmalıyıq?..

Vallah, dərk etsək, başsağlığı sayı çoxalır. Lakin dəyişənlərdən biri də odur ki, başsağlığı vermək də artıq unutduqlarımızdandır.

Mətanət Məmmədova

Digər xəbərlər