Elçin Bayramlı
Son illərdə məktəblərdə şagird özbaşınalığı və intizamsızlıq artmaqdadır. Artıq vəziyyət o yerə gəlib ki, bəzi müəllimlər buna dözməyb işdən çıxırlar. Şagirdyömlü təhsil siyasəti adlandıran sistemin tətbiqi daha çox məni nəticələrə səbəb olub.
Biz müəllim və şagird arasındakı problemləri həll etmək üçün nə etmək lazım olduğunu uzun illərdir deyirik. Sosioloqlar, təhsil ekspertləri, pedaqoqlar, ziyalıların bu məsələləri daim qabartmasına baxmayaraq, Elm və Təhsil Nazirliyinin məsul şəxsləri deyilənləri qulaqardına vurur.
Məktəblərdə baş verən hadisələrə, habelə müəllim-şagird münasibətlərində yaranmış problemlərə baxarkən aydın şəkildə görünür ki, bunun səbəbi təhsilin başında aparılan eksperimentlərlə bağlıdır. Guya şagirdyönümlü tədris proqramı, kurikulum sistemi yaradılır, beləliklə şagirdə tam "volya" verilir ki, nə istəsə etsin, müəllimlərə isə deyirlər ki, "dəymə-toxunma".
Məsələnin digər tərəfi də budur ki, valideynlər uşaqlarına tərbiyə verməyi tərgidiblər. Cəmiyyətimizdə kütləvi surətdə uşaqlara tərbiyə verilməsi artıq yoxdur. Hazırda ailənin mərkəzində uşaq dayanır. Ata, ana bunun nazıyla oynamalı, bütün tərbiyəsizliklərinə dözməli, istədiyi şey isə dərhal qarşısında hazır olmalıdır. Belə uşaq böyütmək prinsipi və xəstə təfəkkür bizə necə gəldi, bilmirəm, amma bütün cəmiyyətə virus kimi yoluxdu. Bunun da nəticələri ortadadır.
Məktəblərdə baş verənlərdə günah müəllimdə yox, uşaqlarda yox, valideynlərdədir. Burada müəllimlərin, məktəbin tərbiyə vermək hüququ əlindən alınıb, sadəcə təhsil vermək imkanı saxlanıb. Məktəb təlim-tərbiyə ocağıdır və yüz illərlə də belə olub. Təhsillə tərbiyə eyni vaxtda verilməlidir. Əgər tərbiyə yoxdursa, heç bir təhsildən söhbət gedə bilməz.
Belə çıxır ki, biz uşaqlarımızı robota çevirmək və sadəcə beyninə informasiya yükləmək üçün məktəbə göndəririk. Biz insan yetişdirməyə çalışmırıq. Belə olan halda da görürük ki, bu uşaqların öyrəndikləri bir qara qəpiyə dəymir.
Təhsilin başındakı eksperimentləri qurtarmaq lazımdır. Əlvəlki ənənəvi sistemə qayıtmaq lazımdır. Biz görürdük ki, əvvəllər müəllim-şagird münasibətləri necə idi, indi necədir. Bu da onu göstərir ki, son dövrlərdə aparılan eskperimentlər biabırçı və faciəvi nəticələr verib. Bunu dayandırmaq lazımdır. Biz bunu nazirliyə deməkdən yorulmuşuq. Lakin nazirlik bunlara əhəmiyyət vermir.
Hansı problemi qaldırırsansa, ondan da betərini gətirir. Mənə maraqlıdır ki, bunların məqsədi nədir?! Nə fikirləşirlər?! Bizim uşaqlarımız tamamilə tərbiyəsizləşir, eqoist, narsist olurlar. Bununla bağlı nə fikirləşirlərlər?! Belə biabırçı məktəb lazım deyil. Ona görə də ya məktəbi ləğv etsinlər, ya da normal, insani bir təhsil sistemi qursunlar.
Bəziləri iddia edir ki, məktəbdə şagirdlərə heç bir tənbeh və nəzarət olmamalıdır. Kim deyir ki, cəza mexanizması olmamalı, uşağa qulaqburması verilməməlidir?! Bunu haradan çıxarıblar? Onda Cinayət Məcəlləsini ləğv etsinlər ki, kim nə istəyir, etsin. Cəzalanmayan uşaq tərbiyəsiz, qudurğan uşağa çevrilir. Çünki o başa düşür ki, ona heç kim heç nə edə bilməz və kefi istəyəni edəcək.
Bizim vaxtımızda müəllim bizə valideyn kimi yanaşırdı və yeri gələndə tənbeh də edirdi. Bu gün ortada gördüyümüz Azərbaycanın bütün dəyərli ziyalıları həmin o uşaqlardır. Onların heç biri nə terrorçu, nə cibgir, nə də tərbiyəsiz olmayıb. Belə olmalıdır və uşaq başa düşməlidir ki, etdiyi hərəkətin cəzası var. İndi isə deyirlər ki, uşaq nə istəyir etsin. Bunun axırı ona gətirib çıxarır ki, bir azdan uşaqlar Amerikadakı kimi məktəbə bomba qoyub partladacaqlar. Bunlar anarxiya və özbaşınalığa gətirib çıxarır. Bu səbəbdən məktəblərə, müəllimlərə tərbiyə funksiyası geri qaytarılmalı və uşaqlara evdə ciddi tərbiyə verilməlidir. Məktəbdə özbaşınalıq edən şagirdin valideyni cəzalanmalıdır.