PDF Oxu

Köşə

  • 1 769

Həyatını 2 ad və ya soyadla yaşayan insanlar - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

2025-ci ildə Azərbaycanda ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı ümumilikdə 2723 akt qeydi tərtib olunub. Ədliyyə Nazirliyin açıqlamasına əsasən, həmin şəxslərdən 917-si yalnız adını dəyişdirib. Soyadını dəyişdirmək üçün müraciət edənlərin sayı isə 1383 nəfər olub. Bundan əlavə, 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib. Bəs bunun əsas səbəbləri nədədir? Niyə insanlar adlarını, soyadlarını dəyişirlər?

Bu tendensiyanın müxtəlif səbəbləri var və əsasən 2 istiqamətdə özünü göstərir. Bir hissəsi dəblə bağlıdır- bəzi insanlar müəyyən adları bəyənmədikləri üçün onları dəyişdirməyə üstünlük verirlər. Halbuki bu adlar bizim ənənəvi, milli və tarixi adlarımızdır; əsrlər boyu istifadə olunmuş, dərin mənalar daşıyan adlardır. Sadəcə dəbə uyğun gəlmədiyi üçün bu adların dəyişdirilməsi arzuolunmaz və mənfi hal kimi qiymətləndirilə bilər.

Lakin burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur. Obyektiv səbəblərə gəldikdə, bəzi hallarda valideynlər uşaqlarına mənası uyğun olmayan, yaxşı səslənməyən və ya gülünc adlar verirlər. Bu cür adlar uşaqların sosial mühitdə lağ obyektinə çevrilməsinə səbəb ola bilər. Belə hallarda həmin şəxslər adlarını dəyişdirməyə məcbur qalırlar. Bu cür dəyişiklikləri anlayışla qarşılamaq lazımdır. Heç bir uşaq valideyninin düşüncəsizliyi ucbatından ömür boyu mənəvi əziyyət çəkməməlidir. Ad insanın kimliyinin ayrılmaz hissəsidir və əgər bu kimlik şəxs üçün mənfi emosiyalar doğurursa, onun dəyişdirilməsi təbii və başadüşüləndir. Lakin digər hallarda, xüsusilə də sırf dəbə uyğunlaşmaq məqsədilə ad və soyadların dəyişdirilməsi zəruri hesab olunmamalıdır.

Soyad məsələsinə gəldikdə, burada dəyişikliklər əsasən şəkilçilərlə bağlı olur və bu, milliləşdirmə prosesi çərçivəsində mühüm və zəruri bir addım kimi qiymətləndirilə bilər. Şəxsən mən özüm də 1990-cı illərin sonlarında soyadımın şəkilçi hissəsini rəsmi şəkildə dəyişdirmişəm.

Burada vacib bir məqam var: şəkilçiləri dəyişmək normaldır və bu zaman soyadın kök hissəsi qorunub saxlanılır. Lakin soyadın tamamilə dəyişdirilməsi, yəni fərqli bir soyad götürülməsi doğru hesab edilə bilməz. Çünki soyad bir ailənin, bir nəslin yüzillərlə formalaşmış tarixi tanınma nişanıdır. Bu tarixi bağları qırmaq, həmin ailə və nəsil ardıcıllığını pozmaq deməkdir.

Soyadı dəyişdirərkən bəzi məqamlara fikir vermək lazımdır; bəzən soyadı da ad kimi şəkilçisiz sözdən götürürlər- şərti olaraq “Saleh Qurban” kimi bir ad-soyad formasında hər iki hissə ad təsiri bağışlayır və bu zaman hansı hissənin ad, hansının soyad olduğu aydın olmur. Ona görə də soyadlar ad formasında olmamalı, ya şəkilçi ilə tamamlanmalı, ya da fərqli bir sözlə ifadə olunmalıdır ki, ad və soyad bir-birindən aydın şəkildə seçilə bilsin.

Hazırda insanlar bu məsələdə daha sərbəstdirlər və qanunvericilik də onlara bu azadlığı tanıyır. Lakin mən bunu məntiq və ədalət baxımından dəyərləndirərək düşünürəm ki, ad və soyad seçimi milli köklərə əsaslanmalı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və psixoloji xüsusiyyətlərinə uyğun olmalıdır.

Ümumiyyətlə, adlar və soyadlar bir millətin identifikasiya sisteminin əsas elementlərindəndir. Onlar xalqın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini əks etdirən mühüm göstəricilərdir. Dünyanın əksər ölkələrində ad və soyadlar vasitəsilə şəxsin hansı millətə mənsub olduğu müəyyən edilir. Təəssüf ki, bizdə bəzən dəblə bağlı olaraq filmlərdən və seriallardan götürülmüş, ənənəvi adlarla heç bir əlaqəsi olmayan adlar uşaqlara verilir. Bu isə nəticədə tarixi adların unudulmasına, ad baxımından nəsillər arasında əlaqənin qırılmasına səbəb olur, milli mədəniyyətin və mənəvi irsin pozulmasına gətirib çıxarır. Millətin tarixi, mədəniyyəti və düşüncə tərzinin davamlılığı üçün ad və soyadlarda tarixi ənənələr qorunmalıdır.

Sevindirici haldır ki, bir neçə il öncə mənşəyi və mənası uyğun olmayan adların uşaqlara verilməsinə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub.

Ümumiyyətlə, insan həyatı boyu bir ad və bir soyadla yaşamalıdır. Əgər ciddi bir səbəb yoxdursa, adın və ya soyadın dəyişdirilməsi məqsədəuyğun deyil. Bu, qadınların ərə getməsi zamanı öz soyadını dəyişdirməsinə də aiddir. Fikrimizcə, buna heç bir ehtiyac yoxdur.

Digər xəbərlər