PDF Oxu

Köşə

  • 1 774

Psixotron müharibə: silahlı uşaqlar silahsız cəmiyyətə qarşı - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bakıda fəaliyyət göstərən "İdrak" litseyində baş verən qanlı hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bir şagirdin məktəbə odlu silah gətirərək müəllimi güllələməsi şok effekti yaradıb.

Təəssüf ki, cəmiyyətdə uşaq aqressivliyinin və kriminallığının səsviyyəsi sürətlə artır. Bu, uşaq tərbiyəsində çox ciddi problemlərin olduğunu göstərir. Biz cəmiyyət olaraq tərbiyə məsələsini arxa plana atmışıq. Bu vəziyyət üç əsas faktorla bağlıdır: ailə, məktəb və ətraf mühit. Hər üçündə də vəziyyət acınacaqlıdır.

Bəzi psixoloqlar ailələrə ‘uşaqlara azadlıq, sərbəstlik verin, qoyun nə istəyirlər etsinlər’ deyərək onları tam sərbəst buraxmağı təbliğ edir. Nəticədə uşaqlar həm real, həm də virtual aləmdə tam nəzarətsiz qalır. Valideynlər tərəfindən azyaşlıların əlinə internetə bağlı olan smartfon verilir və onların bu nəzarətsiz məkanda hər cür materiala baxmasına icazə verilir ki, bu da onları psixotron terrora məruz qoyur.

Mən uzun illərdir ki, təklif edirəm ki, 16 yaşa qədər uşaqlara smartfon verilməsin. Artıq bir çox ölkələrdə bu qadağalar tətbiq olunur. Əlaqə üçün sadə, internetə çıxışı olmayan telefonlar kifayətdir. İnternet isə yalnız evdə və ya məktəbdə valideyn və ya müəllim nəzarəti ilə faydalı məlumatlar üçün istifadə edilməlidir.

Həmçinin, uşaqların aqerssiv xarakterli, qanlı-qırğınlı komputer oyunlarından aralı saxlamaq lazımdır. Bir çox uşaqlar hətta zombi oyunları oynayırlar ki, bu da onların psixologiyasının pozulmasına və vəhşiləşməsinə səbəb olur. Uşaqların alt şüuruna yerləşən və onların xarakterini ciddi şəkildə formalaşdıran bu materiallar onları mənəvi-əxlaqi cəhətdən məhvə sürükləyir. Nəticədə, bu uşaqlar kriminala, qətlə, hər cür cinayətlərə normal baxan varlıqlara çevrilirlər. Yəni, faktiki olaraq, əksər validenylər öz uşaqlarının ən böyük düşmənidir.

Məsələ, təkcə virtual dünya ilə də bitmir, real dünyadan da ciddi təhlükə var. Valideynlər övladlarının həyətdə, küçədə kimlərlə oturub-durduğuna mütləq nəzarət etməlidir. Bu nəzarət olmadıqda, onlar asanlıqla, kriminal qrupların, narkomanların və sair təhlükəli qrupların təsirinə düşürlər. Bir sözlə, hər bir uşaq sutkada 24 saat saniyə-saniyə nəzarətdə olmalı və belə şeylərdən uzaq saxlanmalıdır. Bunun üçün uşaqların asudə vaxtının düzgün təşkili də çox vacibdir.

Keçmişdə çox sayda ödənişsiz yaradıcılıq və idman mərkəzləri vardı və uşaqlar, yeniyetmələr onlara yönəldilirdi, onların zərərli meyllərə vaxtı da qalmırdı.. İndi belə yerlər həm azdır, həm də pulludur. İmkansız ailələr hər uşaq üçün ayda 50-100 manat ödəyə bilmir. Bir ailədə orta hesabla 2-3 uşaq olduğunu nəzərə alsaq, bu, ailənin gəlirinin çox ciddi bir hissəsini aparar. Belə olduqda isə uşaqlar asudə vaxtlarını internetdə vəhşilik və aqressiya dolu oyunlarla, zorlama, qətl və sair cinayətləri təbliğ edən təhlükəli videmateriallara baxmaqla keçirirlər. Bu, onların alt şüuruna hopur; adam öldürmək, quldurluq etmək beyinlərində adiləşir. Virtual oyunlarda şəhərləri partladıb dağıdan, qabağına çıxan hər kəsi qətlə yetirən uşağın pxisologiyasında bu hallar adiləşir və normal qəbul olunur.

Daha bir problem isə məktəblərlə bağlıdır. Məlum doluğu kimi, bütün tarix boyu və indi də bütün ölkələrdə məktəb təlim-tərbiyə ocağıdır. Hətta təhsilin ən yüksək səviyyədə olduğu Finlandiya və Yaponiya kimi ölkələrdə də məktəbin prioriteti təhsildən qabaq tərbiyədir. Əxlaqı olmayan təhsil təhlükə mənbəyidir.

Bizdə də bu yaxınlaradək məktəb təlim-tərbiyə ocağı idi. İndi isə ‘şagirdyönümlü təhsil sistemi’ adı altında məktəbin əlindən tərbiyə funksiyası alınıb, müəllim tam səlahiyyətsiz qoyulub. Uşaqlar günlərinin yarısını keçirdikləri məktəbdə tam nəzarətsiz, heç bir tənbehə məruz qalmadan özbaşına davranırlar və hər cür hadisələr törədirlər. Artıq neçə illərdir ki, məktəblərdə cibində bıçaq gəzdirib dava edən, müəllimləri lağa qoyun, açıq təhqir edən uşaqlar görürük, çünki bilirlər ki, onlara heç kim heç nə deyə bilməz. İndi isə, vəziyyət məktəbə odlu sulah gətirib kimisə güllələmək səviyyəsinədək gəlib. Bu halların qarşısını almaq üçün "şagirdyönümlü" adı ilə qoyulmuş cəfəngiyyata son qoyulmalı, bu yeni təhsil eksperimenti dayandırılmalı, məktəblərə tərbiyə funksiyası geri qaytarılmalı, müəllimlərin şagird üzərində nəzarət və tənbeh hüququ bərpa edilməlidir.

Belə hadisələr törədən uşaqların valideynləri ağır cəzalandırılmalıdır. Yalnız bu, onları uşaqlarına tərbiyə verməyə vadar edə bilər. Əks halda, bu sahədə vəziyyət daha da pisləşəcək. Sağlam gənclik istəyiriksə, bu məqamlara təcili müdaxilə etməliyik. Həm də çox təcili. Çünki artıq onsuz da çox gecikmişik...

Digər xəbərlər