Elçin Bayramlı
Son məlumata görə, Azərbaycanda ildə 100 minə yaxın körpə abortla qətl edilir. 2025-ci ildə ölkədə doğulan uşaq sayı 95 mindən çox olub, abortlar da 95 mindən çox olub. Demək, hətta rəsmi rəqəmlərə görə belə hər 2 körpədən 1-i ana bətnində öldürülüb. Lakin heç də bütün abortlar rəsmi qeydiyyata alınmır, ona görə də, ekspertlər real rəqəmin bundan xeyli çox olduğu güman edirlər. Bunların əhəmiyyətli bir hissəsini selektiv abortlar təşkil edir. Əsasən, ana bətnindəki körpənin qız olduğu bilinəndə aborta məruz qoyulur. Nəticədə, yeni nəsildə cinsi balans getdikcə pozulur.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi qız olub.
1991-ci ildə hər 1000 kişiyə 1048 qadın düşüb. 2005-ci ildə hər 1000 kişiyə 1032 qadın, 2025-ci ildə isə hər 1000 kişiyə 1009 qadın qeydə alınıb. Hazırda ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.
Doğulan körpələr arasında qız uşaqlarının sayının azalmasının ən böyük səbəbi selektiv abortlardır. Bu məsələdə biz adətən dünyada 1-ci və 2-ci yerdə oluruq. Selektiv abortlar son dövrlər ölkəmizdə kütləvi şəkildə həyata keçirilir. Bizdə abort statistikası çox yüksəkdir. İldə təxminən 100 minə yaxın abort 10 milyonluq əhali üçün həddən artıq çoxdur.
Əsas məsələ abort cinayətinin qarşısını almaqdır. Söhbət təkcə selektiv abortdan deyil, ümumiyyətlə abortdan gedir. Abort qətl hadisəsidir, canlı bir insanın öldürülməsidir. Bunun qarşısı alınmalıdır, hüquq sistemində ağır cəza kimi qəbul olunmalı və cəzalandırılmalıdır. Abortlar cəmiyyətdə demoqrafik balansa mənfi təsir göstərir, mənəvi-sosial problemlər yaradır. Ona görə bu məsələ həll olunmalıdır. Bir çox ölkədə abort ağır cinayət sayılır və ciddi cəzalandırılır. Bizdə də bunu eləməyə ehtiyac var.
Cins bölgüsündə tarazlığı süni şəkildə stimullaşdırıb tənzimləməyə ehtiyac yoxdur. Təbiət özü bütün canlı növlərində cins fərqini balanslaşdırır. Min illərdir insan cəmiyyətində balans 50/50-yədir, uzağı 49/51 olur. Bu bərabər balansdır. Biz süni müdaxilə, selektiv abortlar eləməsək və yaxud ölkələr uzunmüddətli, dağıdıcı müharibə aparmasalar, cinsi balansda problem yaranmır. Eləcə sadə qaydalarla, düzgün bioloji sistemlə yaşamaq kifayət eləyir ki, təbiət öz balansını formalaşdırsın. Bu balans yalnız süni yolla dəyişdirilə bilər. Buna da ən böyük səbəb selektiv abortdur. Uzunmüddətli müharibələr nəticəsində oğlanların məhv olması da cins balansını dəyişə bilir.
Mən illərdir təklif eləyirəm ki, abortlara görə ağır cəzalar qoyulsun, abort qadağan olunsun. Çünki bütün dünya alimlərinin ümumi rəyinə görə, artıq 6 həftəlik körpə tam bir insan formasına malikdir. O, artıq insandır. Bir sözlə, abort birbaşa uşağın qətlə yetirilməsidir. Ona görə abort qətlə bərabər bir cinayət kimi cəzalandırılmalıdır.
Abort hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror olmaqdan əlavə həm də, ananın sağlamlığının məhv edilməsi deməkdir. Abortlar cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir.
Azərbaycanda həkimlərə uşağın cinsini deməsi qadağan olunsa da, bu qadağaya əməl olunmur, valideynlər həkimlərdən uşağın cinsini öyrənir və qız uşağıdırsa abort edirlər.Buna görə cəzalar dəfələrlə sərtləşdirilməlidir.
Xəstəxanalarda abort qadağan olunmalı, bunu edən həkimlər cəzalandırılmalıdır. Yalnız bu halda cins balansı bərpa olunacaq. Təbiət özü elə tənzimləyəcək ki, yenə qız-oğlan doğumu 50/50 və yaxud 51/49 civarında olacaq. Min illərdir insan cəmiyyətində həmişə belə olub. Bütün digər canlılarda da bu balans tam bərabər və bərabərə yaxın bir formada olur.
Yəni, təbiətin balansı yalnız süni yollarla pozulur və bu, insan cəmiyyətinin öz problemidir. Bu problemi qaydaya salmaq, düzgün bioloji qaydalarla yaşamaq gərəkdir. Qeyd etdiyim kimi, sərt cəzalar tətbiq etməklə bu cinayətin qarşısını almaq, yəni həm də cins bölgüsündə tarazlığı qorumaq mümkündür.