PDF Oxu

Köşə

  • 690

Müəlliminə səhv sual verənlərə...

image

Ötən həftə bəzi fənn müəllimlərinin sertifikasiya imtahanında ortaya çıxan səhv, çaşdırıcı və mənasız suallar onu göstərdi ki, biz hələ də bizə yazmağı, danışmağı, cümlə qurmağı öyrədən müəllimlərimizə onların haqq etdiyi qədər sayğı və qayğı ilə yanaşa bilmirik.

Kimdir bu sualları tərtib edənlər? Həmin müəllimlərin dərs dediyi, təlim-tərbiyə verdiyi təhsil ekspertləri, aid mütəxəssislər və sair.

Müəllim təhsilverəndir. Onların arasında ən yüksək səviyyədə bilik sahibi olanlar da var, orta səviyyədə də. Lakin savadı aşağı səviyyədə olan müəllim, düşünürəm ki, ölkəmizdə çox sayda ola bilməz. Təhsil sistemini, ali məktəblərə qəbul səviyyələrini, işə qəbul və sertifikasiya imtahanlarının tətbiqini nəzərə alsaq, belə deməyə əsas da yaranır.

Bəs belə olduğu təqdirdə nə üçün ötən həftə sertifikasiyaya cəlb edilən müəllimlər bu qədər problemlə üzləşməli idilər? Nə üçün bildikləri onlara bilmədikləri kimi təqdim olunmalı idi. Nə üçün onlar öz bildikləri qarşısında çaşbaş qalmalı idilər? Nə üçün dəqiq bildikləri hər hansı məsələ onları dəqiqələrlə fikirləşməyə, cavablar arasında baş sındırmağa vadar etməli idi? Nə üçün onların əsəbləri gərginləşməli, bu vəziyyətdə imtahan vermək məcburiyyətində qalmalı idilər?

Sertifikasiya müəllimlərin bilik səviyyəsini qiymətləndirməklə yanaşı, həm də onların əmək haqqına təsir göstərən vasitədir. Belə olan halda müəllim nə üçün nə biliyini təqdim edə bilir, nə də gələcək əməkhaqqı artımına nail olur?

Sualları təqdim edənlərə sözüm var. Şəxsən mən sizin yerinizə olsaydım, bu sualların üzərində günlərlə baş sındırıb əmin olduqdan sonra ortaya çıxarardım. Düşünərdim ki, bu suallar müəllimlər üçündür. Axı mənim əlimdən tutub yazmağı öyrədən odur. Axı mənə doğma dilimdə oxumağı öyrədən odur. Axı illərini məktəbə, bizə, təlim-tərbiyəmizə həsr edən, bizim ali məktəb qapılarından içəri daxil olmamızın, bu gün müxtəlif ixtisaslara yiyələnməmizin səbəbkarı onlardır. Bu gün müxtəlif vəzifələrə yüksəlmə səbəbimiz də onlardır.

Bütün bunları nə tez unutduq. Unutduq ki, müəllimimizə əndrabadi suallar tərtib etdik. Onları bildikləri məsələlər barədə düşünməyə vadar etdik. Əsəblərini gərginləşdirdik, saatlarını əllərindən aldıq. Öz yanlışımızla imtahandan sonra haqqlarını tələb etməyə, sosial platformalarda ədalət çağırışına vadar etdik onları.

Müəllimlərimiz sualları tərtib edən şagirdlərini yenə qarşılarına qoyub onlara sətir-sətir, söz-söz, cümlə-cümlə anlatmağa çalışdılar ki, bax, burada bu səhvi, orada bu səhvi etmisiniz.

Maraqlıdır, belə olan hallarda müəllim də özünü qınayır. Düşünür ki, yəqin yaxşı dərs verə bilməmişəm. Haqlıdırlar da. Çünki belə çaşdırıcı, qəliz, məntiqdənkənar suallarla qarşılaşan hər müəllim belə düşünməyə iki dəfə haqlıdır.

Bəs sual tərtib edənlər necə, müəllimlərin onlara izah etdiyi cavablarla razılaşdılarmı, görəsən? Harada səhv etdiklərini anladılarmı? Müəllimlərinin iradını qəbul etdilərmi? Sual tərtib edənlərdən bir açıqlama gözləyirik. Cavab versinlər, görək, özlərini, yoxsa müəllimləri haqlı hesab edirlər?

Elm və Təhsil naziri Emin Əmrullayev açıqlamalarının birində sualların daha çox çaşdırmaq üçün hazırlandlğını vurğulayır. Bəli, ötən həftə gördüyümüz kimi, bəzi suallar məntiqdən, elmdən, biliyin ortaya çıxarılmasından çox çaşdırmağa xidmət etdi.

Ola bilər, test suallarında səhv ola bilər. İnsan zəkasıdır, səhv edə bilər. Lakin bu, bir test tapşırığında ən çox bir dəfə ola bilər. Çox qarşılaşmışıq, buraxılış və ali məktəblərə, magistraturaya qəbul imtahanlarında belə səhv, anlaşılması çətin suallar olub. Gənclər çaşdırılıb və çətin sual qarşısında qalaraq həmin sualın üzərindən sakitcə keçib gediblər. Hansı ki, o sual yazıldığı təqdirdə kiminsə taleyini dəyişə bilərdi.

Lakin müəllimlərə qarşı bu səhvi edənlər bir dəfə deyil, bir neçə dəfə düşünməlidir. Ən birinci, bu sualları müəllimlərinə tərtib etdikləri, ikinci, onlara səhv sualın təqdim olunmasının böyük sayğısızlıq olduğu, üçüncüsü, onların nüfuzuna xələl gətirdikləri, dördüncüsü isə əməkhaqlarına təsir göstərəcək faizin aşağı eşməsi üçün.

Müəllim hər zaman nüfuz, hörmət təcəssümü olub. Bu, indi də, sabah da, gələcəkdə də belə olmalıdır. Onlara hörmət, qayğı hər birimizin insanlıq borcudur. Belə isə müəllimlə davranışda, söhbətdə, yanaşmada, hətta onlar üçün hazırladığımız test suallarında da ciddiyyətə varaq. Çünki qarşımızdakı MÜƏLLİMdir. Bizi öyrədən, həyata hazırlayan, uğurlarımızın səbəbkarı, MÜƏLLİM.

Mətanət Məmmədova

Digər xəbərlər