PDF Oxu

Köşə

  • 1 671

Azərbaycan polisinin apardığı müharibə - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

108 yaşı tamam olan Azərbaycan polisi xalqımızın və dövlətimizin keşiyində əzmlə dayanır və ictimai təhlükəsizliyi yüksək səviyyədə təmin edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada ən təhlükəsiz ölkələrdən biridir. Bunu ölkəmizə gələn minlərlə turist də təsdiq edir.

Obyektivlik naminə qeyd etmək lazımdır ki, Daxili işlər naziri vəzifəsinə general-polkovnik Vilayət Eyvazov təyin olunduqdan sonra nazirliyin işində əsaslı dönüş yaranıb, vətəndaşların şikayətlərinə baxılması və müvafiq tədbir görülməsi insanlarda polisə inamı artırıb, cinayətkarlara qarşı mübarizə güclənib, rüşvət faktoru böyük ölçüdə aradan qaldırılıb. Nazirliyin qaynar xəttinə zəng edildikdə və ya onlayn müraciət edildikdə dərhal cavab verilir və müvafiq tədbirlər görülür.

Aydındır ki, ölkədə sabitliyi, təhlükəsizliyi, qayda-qanunu tətbiq etməkdə polislə vətəşdaşlar arasında qarşılıqlı inamın, əməkdaşlığın olması böyük rol oynayır. Nazirlik də son dövrlərdə buna çalışır. Nəticədə polisin işində həm ciddi keyfiyyət dəyişikliyi baş verib, həm də vətəndaşlarda polisə və dövlətə inam kəskin artıb.

Polisimizin apardığı ən əhəmiyyətli və ən çətin işlərdən biri də narkomaniyaya qarşı mübarizədir. Məlum olduğu kimi, son dövrlərdə qlobal narkomafiya dünya ölkələrində ənənəvi narkotiklərlə yanaşı, yeni süni kimyəvi narkotiklərin də ucuz qiymətə yayılmasını təşkil edir. Ölkəmizdə də, gənclər arasında belə qorxunc narkotik və psixotrop maddələrin yayılması milli genefondumuza ağır zərbələr vurur. Bu səbəbdən hüquq mühahizə orqanları, xüsusən DİN bu hallara qarşı mübarizəni gücləndirib.

Son illərdə Daxili İşlər Nazirliyinin narkomaniyanın yayılmasına, narkotik ticarətinə qarşı apardığı mübarizə son dərəcə effektli olub, insanları zəhərləməklə məşğul olan yüzlərlə şəxs, qrup, yüz tonlarla narkotik maddə ələ keçirilib.

Qeyd etmək lazımdır ki, görülən tədbirlər son dərəcə peşəkarlıqla və effektiv şəkildə həyata keçirilib və çox ciddi nəticə verib. Demək olar ki ölkədə narkotacirlərin fəaliyyəti minimumadək endirilib. Bununla belə, mütamadi olaraq yeni narkoticarətçilər aşkar olunur, külli miqdarda təhlükəli narkotik maddələr müsadirə olunur. Demək bu işi davam etdirmək və sona çatdırmaq əzmi var.

Milli genefondumuza ən ağır zərbə vuran narkotik maddələrdir. Bundan başqa, narkomaniya ölkədə kriminogen vəziyyəti ağırlaşdırır, cinayətlərin sayının artmasına gətirib çıxarır, vətəndaşların təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Məhz bu səbəbdən narkomaniyaya qarşı belə bir mütəşəkkil və effektiv mübarizə ən böyük alqışa layiqdir.

Bu səbəbdən narkomaniyaya, narkomafiyaya qarşı mübarizədə vətəndaşlar polisin yanındadır və bu mübarizəyə dəstək verir. Bu birlik və əməkdaşlıq ölkəmizdə cinayətkarlığın qarşısının alınması, təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquqlarının pozulmasına qarşı ciddi bir müdafiə sistemi formalaşdırıb.

Burada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin gərgin və effektiv işini də xüsusi qeyd etmək lazımdır. Bu idarənin peşəkarlığı nəticəsində Azərbaycan cinayətkar qrupların, narkomafiyanın əl-qol aça bilmədiyi ölkələrdən birinə çevrilib. İndi Daxili İşlər Nazirliyi xaricdən idarə olunan bu cinayətkar əl-qolları ölkəmizdən tamamilə çəkilməyə məcbur etmək üçün böyük bir müharibəyə başlayıb

Azərbaycan polisi həmişə olduğu kimi bu gün də vətəndaşların keşiyində, dövlətimizin arxasındadır. Vətən müharibəsində polislərimiz də mübarizə apardı və qalib gəldik. İndi isə ondan heç də geri qalmayan daha bir müharibə aparırlar, xalqımızı, gələcəyimizi norkamaniya kimi qorxulu düşməndən xilas etmək uğrunda müqəddəs bir müharibə. Bu müharibə biz də polisimizin yanında olmalıyıq, bu halda daha tez qalib gələcəyik. Tezliklə narkomaniya və cinayətkarlıq üzərində tam və qəti qələbənin əldə olunacağına artıq heç kimdə şübhə yoxdur.

2 iyul Polis günüdür. Başda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov olmaqla bütün polislərimizi peşə bayramları münasiətilə təbrik edir, onlara xalqımızın və dövlətimizin mənafeyi uğrunda apardıqları müqəddəs müharibədə qələbə arzulayırıq.

Digər xəbərlər