PDF Oxu

Köşə

  • 1 222

İctimai nəqliyyatda davranış mədəniyyəti: Problem təkcə avtobus deyil - KÖŞƏ

image

Hər səhər minlərlə insan işə, məktəbə və universitetə getmək üçün ictimai nəqliyyatdan istifadə edir. Avtobuslar, metro qatarları və digər nəqliyyat vasitələri şəhər həyatının ayrılmaz hissəsinə çevrilib. Son illər yeni avtobuslar alınır, marşrut şəbəkəsi yenilənir, ödəniş sistemi müasirləşdirilir. Bütün bunlar vacib addımlardır. Ancaq rahat və təhlükəsiz ictimai nəqliyyat təkcə yeni avtobuslardan ibarət deyil.Çox vaxt problemlərin əsas səbəbi nəqliyyat vasitəsinin özü yox, ondan istifadə edən insanların davranışıdır.Demək olar ki, hər gün eyni mənzərə ilə rastlaşırıq. Avtobus dayanacaqda tam dayanmamış sərnişinlər qapıya doğru sıxlaşır. Düşmək istəyənlərə yol verilmir, hər kəs birinci minməyə çalışır. Nəticədə həm vaxt itirilir, həm də narazılıq yaranır.Başqa bir problem yüksək səslə telefonla danışmaqdır. İctimai nəqliyyat onlarla insanın istifadə etdiyi məkandır. Buna baxmayaraq, bəziləri şəxsi söhbətlərini hamının eşidəcəyi səslə aparır. Digərləri telefonda video izləyir və ya musiqiyə qulaq asır, amma qulaqlıqdan istifadə etməyi lazım bilmir. Belə hallarda bir nəfərin rahatlığı onlarla insanın narahatlığına çevrilir.Təəssüf doğuran hallardan biri də yaşlılara, hamilə qadınlara, azyaşlı uşağı olan analara və sağlamlıq imkanları məhdud şəxslərə yer verilməməsidir. Halbuki bu, qanunlardan əvvəl vicdan məsələsidir. Bir neçə dəqiqə ayaq üstə qalmaq sağlam bir insan üçün ciddi problem yaratmaz. Amma həmin yer ehtiyacı olan biri üçün böyük rahatlıq deməkdir.İctimai nəqliyyatda təmizliyə münasibət də düşündürücüdür. Bəzən sərnişinlər istifadə etdikləri su şüşəsini, kağızı və ya digər tullantıları avtobusda qoyub düşürlər. Halbuki həmin nəqliyyat vasitəsi yalnız bir nəfərə deyil, hər gün minlərlə insana xidmət edir. İctimai əmlaka münasibət cəmiyyətin mədəniyyət səviyyəsini göstərən əsas meyarlardan biridir.Problemin başqa tərəfi isə sürücülərlə sərnişinlər arasındakı münasibətdir. Kobud danışıq, səbirsizlik, qarşılıqlı hörmətsizlik bəzən adi bir səfəri gərginliyə çevirir. Halbuki bir təbəssüm, nəzakətli müraciət və qarşılıqlı anlayış bu gərginliyin qarşısını ala bilər.İctimai nəqliyyat şəhərin kiçik modelidir. Orada müxtəlif yaşda, fərqli peşədə və fərqli düşüncəyə malik insanlar bir araya gəlirlər. Məhz buna görə də qarşılıqlı hörmət və etik davranış xüsusi əhəmiyyət daşıyır.Bu gün biz çox vaxt avtobusların sayından, marşrutlardan və ya sıxlıqdan şikayət edirik. Bunlar həqiqətən də həllini gözləyən məsələlərdir. Ancaq ən müasir və ən rahat avtobus belə, sərnişinlər bir-birinə hörmət etmirsə, tam rahatlıq yarada bilməz.Mədəniyyət yalnız teatrda, muzeydə və ya kitabxanada özünü göstərmir. O, avtobusa minərkən növbəyə riayət etməkdə, düşən sərnişinə yol verməkdə, yaşlı insana yer təklif etməkdə, ətrafdakıları narahat etməməkdə və ictimai əmlaka sahib çıxmaqda da özünü göstərir.Şəhərləri müasir edən təkcə yeni yollar və yeni avtobuslar deyil. Şəhəri müasir edən həmin avtobuslarda bir-birinə hörmətlə yanaşan insanlardır. Çünki ictimai nəqliyyatın keyfiyyətini müəyyən edən təkcə onun mühərriki yox, həm də içində formalaşan davranış mədəniyyətidir.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər