PDF Oxu

Köşə

  • 45

Pul və zəmanə...

Pul və zəmanə...
İndi elə bir vaxtdır ki, adam nədən, kimdən yazmağı, hansı mövzunu qələmə almağı belə çətinliklə təyin edir. Hər şey sürətlə dəyişir, dünyada elə qəribə və qəribə olduğu qədər də əcaib hadisələr baş verir ki, ən yaxşı halda, sən bütün bunları yalnız və yalnız quru seyr etməklə kifayətlənirsən. "Hər şey sürətlə dəyişir" deyəndə, mütləq hər hansı bir müsbət dəyişikliyi, daha dəqiqi desək, 15-20 ildən sonra uşaqlarımıza fəxrlə danışacağımız bir zəmanə inkişafından danışmıram. Elə bir zəmanəyə düşdük ki... Çoxları mənə etiraz edib deyəcəklər ki, yalnız acizlər və əfəllər zəmanədən şikayətlənə bilərlər. Amma elə deyil və mən bunu elə faktlarla sübuta yetirərəm ki... Amma yenə qarşımı ZƏMANƏ VƏ ONUN QANUNLARI KƏSİR.
Düzdür, mənalı həyat keçirmək istəyən fərasəti və bacarağı olan hər kəs üçün zaman və məkan fərqinin olmadığını, hər kəsin öz qabiliyyətinə uyğun olaraq yaşadığını iddia edə bilərsiniz. Amma yenə də deyirəm ki, hər şey elə üzdə göründüyü kimi deyil axı. Dünya mənəvi böhran içində çapalayır. İndi bu dünyanın şərtləri də, yaşamaq standartları da tamam başqadır. İndi heç kim heç kimi eşitmir, dünyada, zəmanəmizdə bir çox məsələlərin əksəriyyətini pul, arxa-dayaq həll edir. Sənin mənəviyyatın, mənəvi zənginliyin heç kimin heç nəyinə də lazım deyil.
Qabaqlar mənəvi dəyərlər hər şeyin başında gəlirdi, hər kəsə mənəvi dəyərlərinə və təhsilinə görə qiymət verirdilər, indi yox! Hazırkı zəmanədə qız evi oğlanın geniş maddi imkanlarını, bu zəmanədən baş çıxarıb, nə yolla olursa-olsun, pul qazanıb-qazanmadığını ilk əvvəl öyrənirlər. Oğlanın mənəvi baxımdan necə olması, xarici görünüşü-filanı, demək olar ki, heç kimi maraqlandırmır, hətta ailə quracağı qızı belə. Qıza da elə öyrədiblər ki, sevgi-filan boş şeylərdir, hər şeyin başı puldur. Artıq sevgi deyilən bir məfhum da ortadan çıxmağa başlayıb yaşadığımız günlərdə. İnsanlar ibtidai dövrlərdəki həyat tərzinə və ictimai təfəkkürə qayıdırlar elə bil. İndi hər kəsi ancaq və ancaq pul maraqlandırır. Bundan başqa, maraqlı heç nə yoxdur. Mənəviyyat haqda düşünənlər isə cəmiyyətdə dəli adlandırırlar. Lap kefli İskəndər kimi. Zəmanənin dəliləri... Pul yaşamaq üçün çox vacibdir, amma neçə illərdir ki, keçid adlanan dövrün mənəvi aşınmasına uğrayan cəmiyyətimizdə artıq pul bir Allah kimi qəbul edilir və ona sitayiş olunur. Karl Marksın "Kapital" əsərində hansısa bir ədibin "Yamaykadan məktublar" şeiri var idi:
"Pul bir bəladır, fəlakət gətirir insanlara,
Pul üstündə şəhərlər dönür xarabazara.
Pul üstündə tərk edir oğul ATA YURDUNU,
Pul yad, qərib ellərə didərgin salır onu."
Demək olar ki, bütün mənəvi dəyərlər bu cəmiyyətdə sanki tamamilə arxaya keçib, hər kəs bütün məsələlərin başında yalnız bir amilə əsaslanır- PULA!
İndi zəmanə elə qarışıb ki, daha uşaqlar əvvəlki kimi məktəbə bağlanmayıblar. İndi bəzi uşaqlar elə kiçik yaşlarından özlərindən çox-çox böyük işlərə qurşanıb "ÇÖRƏK QAZANMAQ", ailənin dolanmasına kömək etmək üçün balaca qəlbləri və əlləri ilə İŞLƏMƏYƏ başlayıblar! Onlar daha ali savad almaq, elm dalınca getmək, mənəvi dəyərlərə malik bir insan kimi yetişmək barədə düşünmürlər. Onlar da balaca bir çayxana, kafe, dükan-bazar sahibi olub, pul qazanmaq istəyirlər. Həm də daha onlardan israrla məktəbə getməyi tələb edən qabaqkı valideynlər də yoxdur... ZƏMANƏ hamının ağzını-dilini bağlayıb. Digər qayğısız uşaqlar isə çörək qazanmaq üçün işləməsələr də, heç oxumaq üçün dəridən-qabıqdan da çıxmırlar. Öz "səmərəli vaxtlarını" kompüter salonlarında min cür əxlaqa zidd əməllər üçün, savaddan başqa hər cür rəzil "informasiyalar" üçün xərcləyirlər. Bir də normal insanın psixologiyasını özündən çıxaran, hər bir yeniyetmədə ancaq və ancaq kütlə təfəkkürü və əcaib "musiqi duyumu" yaradan "meyxana ustadları"nın barbar deyişmələri yaşadığımız günlərin fəlakət kriteriyasıdır. Həm də əgər məktəbdə müəllim də qiymət yazmaq üçün şagirdinin başına yox, onun cibinə boylanırsa, getdi elm sevgisi işinin dalınca...
Düzdür, yüksək təhsilli, bir neçə xarici dil bilən, kopmüter proqramlarına yiyələnən hər kəs üçün böyüyəndə işıq ucu var. Amma yenə də ARXAna boylanmalısan... Çünki bu zəmanədə hər şeyi təkcə savad və pul da həll etmir. Bura həm də Şərqdir axı.

Digər xəbərlər