PDF Oxu

Köşə

  • 12

Əhməd Oruc radikallara gəl, Tahir Kərimli get deyir

Əhməd Oruc radikallara gəl, Tahir Kərimli get deyir

Mirzə Qərənfil:
Əhməd bəy dedi ki, radikal gülür,
Yeni blokundan nurlar tökülür,
Tahir bəy söylədi radikal ölür,
Tərk edir meydanı başıaşağı,
Atılıb arxivə xoşbəxtlik çağı,
Alıbdı üstünü kədər bulağı.

Ə.Oruc:
Yığışıb bir yerə dörd-beş radikal,
Yeni bir blokdan umur istiqbal,
Edibdi onları sərməst xoş xəyal,
Səsə şəklənibdi ifrat qulağı.

T.Kərimli:
Radikal qurumlar o qədər şokda
Ki, çıxış yolu yox yeni blokda,
Atılıb-düşməyə yox adi haqq da,
Radikal getməkdə üzü aşağı.

Ə.Oruc:
"DUİ"-də tapacaq ifrat imdadı,
Qucacaq quruma girən hər yadı,
"Azadlıq" olacaq qurumun adı,
Sayalı olacaq həm də ayağı.

T.Kərimli:
Düzülüb sıraya köhnə qurumlar,
Radikal kökslərdə açıb şırımlar,
Sıfır həddindədi indi yardımlar,
Liderlər itirib saqqal darağı.

Ə.Oruc:
Nə qədər Mirmahmud ön plandadı,
Radikal qurumlar şöhrət-şandadı,
Bir əlim Allahda və Qurandadı,
İmamda axtardım özüm dayağı.

T.Kərimli:
Radikal özünü pələng sandı da,
Aciz olduğunu sonda qandı da,
Hazırda hər biri əlimyandıda,
Heç zaman yüksəlməz ifrat bayrağı.

Ə.Oruc:
Radikal düşsə də coşqun bir selə,
Çıxardı oradan o, gülə-gülə,
Dayaqdı "DUİ"-nin beş üzvü belə,
Vardır Mirmahmudun buna marağı.

T.Kərimli:
Nə yeni qurumu, balası yoxdu,
İfratın dəstəkçi xalası yoxdu,
Odur ki, onların xilası yoxdu,
Bəsdi hər birinə elin qınağı.

Ə.Oruc:
Heç kəs deməsin ki, radikal təkdi,
Beynəlxalq qurumlar ona dəstəkdi,
İfratlar zirvəyə yüksələcəkdi,
Diqtə edəcəkdir elit sayağı.

T.Kərimli:
Aşağı endirib bayrağını da,
Çəkib yorğanına ayağını da,
Radikal itirib dayağını da,
Həm də pis keçirib ellik sınağı.

Ə.Oruc:
Bələdiyyələrdə çox yer tutarıq,
Gələn il seçkidə mandat udarıq,
Kütlə işimizi eyləməz fırıq,
İşimiz alınmaz heç də bayağı.

T.Kərimli:
Bu gün radikallar dərk etməlidi,
Təxirə salmadan bərk etməlidi,
Siyasi meydanı tərk etməlidi,
Xalq da bağışlamaz heç bir alçağı.

Ə.Oruc:
Bizim işimiz yox qalmaqal, şokla,
Zirvəyə ucallıq yeni blokla,
Bizə pul verənlər danışar xalqla,
Kütlə simamızda görər qoçağı.

T.Kərimli:
Səhərdi, xoruzun banı çatıbdı,
Xeyirin sökülən danı çatıbdı,
Artıq radikalın sonu çatıbdı,
Qırılıb dayaqdan kəndirin bağı.

Ə.Oruc:
Düzdü, şimşəklərdən zəif çaxırıq,
Görünür, axına qarşı axırıq,
Ancaq gələcəyə doğru baxırıq,
İstərik biz aşaq ən uca dağı.

Tahir Kərimli:
Çox edib, radikal daha etməsin,
Ucuzluğa gedib, baha etməsin,
Onlar ümid də sabaha etməsin,
Hər biri kəsildi xalqına yağı.

Əhməd Oruc:
Hələ ki, yaxşıdı xoş halımız da,
Çox aşağı deyil heç balımız da,
Çünki dayanıbdı boss dalımızda,
Neyçün deməliyik bayatı, ağı.

T.Kərimli:
İfratlar xalqına bəla gətirib,
Zaman da onları dala gətirib,
Radikalın bəxti belə gətirib,
Aldada bilməzlər artıq uşağı.

Əhməd Oruc:
Mitinq dəb salmağa çalışacağıq,
Birinci olmağa çalışacağıq,
Biz nəfər almağa çalışacağıq,
London, Paris deyib gəzdik oymağı.

T.Kərimli:
Lider dediyiniz İsa, Əlidi,
Zaman radikalı itirməlidi,
Konstruktiv qüvvələr gətirməlidi,
Sizlər dayandırın bossu soymağı.

Digər xəbərlər