PDF Oxu

Köşə

  • 6

Avropa Məhkəməsi Rəsul Quliyevin iddiasını rədd edib

Avropa Məhkəməsi Rəsul Quliyevin iddiasını rədd edib
İnsan hüquqları üzrə Avropa Məhkəməsi Rəsul Quliyevin Azərbaycan iqtidarı əleyhinə qaldırdığı iddianı rədd etmişdir. "ACP" lideri öz iddia ərizəsini Avropa Məhkəməsinə 2005-ci ildə təqdim etmişdi. İddia ərizəsinin dörd id müddətində araşdırılması Qərb ədliyyə sistemi üçün adi haldır. Yəni elə ərizələr var ki, onlara yeddi və ya on il ərzində baxılır.
R.Quliyev öz iddia ərizəsində şikayət edirdi ki, onu ictimai fondların vəsaitini oğurlamaqda və vəzifəsindən sui-istifadə hallarına görə ittiham edirlər. Əslində, R.Quliyev konkret korrupsiya və oğurluq maddələri ilə təqsirli bilinir. R.Quliyev 2005-ci ilin 17 oktyabrında London-Bakı çarter reysini London-Simferopol reysi ilə əvəzlədikdən sonra da, Azərbaycan iqtidarı tərəfindən təqib edildiyindən rəsmi şikayət etmişdir. Onun yazdığına görə, Azərbaycan hökuməti onu "siyasi motivlər üzrə təqib edirdi". Məlum olduğu kimi, Krımın paytaxtında R.Quliyevi Azərbaycandan göndərilən order əsasında həbs etmişdilər. Ancaq təəssüf ki, onu Azərbaycana təhvil verməyib, demokratiya pərdəsi altında azadlığa buraxdılar və o da fürsətdən istifadə edib, yenidən mühacir həyatı keçirməyə üstünlük verdi.
Avropa Məhkəməsinin insan hüquqları üzrə hakimləri R.Quliyevin iddia ərizəsinin əsassız olduğunu bildirmişlər. Hakimlər belə hesab edirlər ki, R.Quliyev əleyhinə heç bir Azərbaycan məhkəməsi hər hansı qərar çıxarmamışdır. Bu halda, onun Azərbaycan iqtidarı tərəfindən izlədiyini və ya təqib edildiyini sübut etmək üçün heç bir hüquqi əsas yoxdur. Bir sözlə, Azərbaycan məhkəmələrindən beynəlxalq məhkəmələrə iddia ərizəsi yalnız məhkəmə qərarlarından sonra verilə bilər.
Simferopol məsələsinə gəldikdə, mümkündür ki, Ukrayna hüquq-mühafizə orqanı əməkdaşları onu, həqiqətən də, azərbaycanlı həmkarlarının orderi əsasında həbs etmiş olsunlar. Axı son nəticədə onlar R.Quliyevi Azərbaycanın ədliyyə işçilərinə təhvil verməmişlər. O zaman R.Quliyevin "siyasi motivlər üzrə təqib edilməsi" haradan çıxır? Avropa Məhkəməsi hakimləri bir daha təkrar edirlər ki, faktik həbsin və konkret cəzaların verilmədiyi halda, xəyallarda qurulan təqib, təhdid və işgəncələr haqda danışığın əhəmiyyəti yoxdur, o ki ola kölgəndən hürküb birbaşa beynəlxalq məhkəmələrə müraciət edəsən.
R.Quliyevin Avropa Məhkəməsinə müraciəti o zaman mümkündür ki, o, mühacirət həyatına son qoyub Azərbaycana qayıtsın. Onu konkret maddələrlə ittiham edib müəyyən müddətə azadlıqdan məhrum etsələr, o, cəzasını çəkdikdən sonra beynəlxalq məhkəmələrə müraciət edə bilər. Əks təqdirdə, hər öz kölgəsindən hürküb xaricə qaçanların rəsmi instansiyalara uydurma və xəyali iddia ərizələri ilə müraciət etmələri məsləhət deyil. Axı həbs edilməmiş, incidilməmiş necə iddia irəli sürmək olar ki, ay beynəlxalq məhkəmə, tədbir tök, məni azadlıqdan məhrum etmək istəyirlər, filan-bəsməkən...
Son günlərin daha bir məhkəmə prosesi şouya çevrilmişdir. "Ol" müxalifətçi gənclər təşkilatçılarından iki nəfəri - Emin Milli və Adnan Hacızadə iyulun birinci ongünlüyündə "Livan" restoranında möhkəm yeyib-içdikdən sonra qonşu stolda oturan iki nəfərlə əlbəyaxa döyüş texnikasının üsullarına müraciət ediblər. Sonra isə, qarşı tərəfi qabaqlayaraq, polis bölməsinə gəlib şikayət etmişlər. Qarşı tərəf də şikayət ərizəsi ilə müraciət etdiyi üçün Səbail rayon polis bölməsi məsələni araşdırmalı olub. Nəticədə məlum olub ki, dalaşda müqəssir E.Milli və A.Hacızadədir. Buna görə də gənclər ictimai yerdə xuliqanlıq etdikləri üçün həbs edilmişlər.
Həbs edilənlərdən biri Hikmət Hacızadənin qardaşıdır. Bu səbəbdən, o, qardaşının xuliqanlıq üstündə yox, siyasi motivlər əsasında həbs edildiyini iddia edir. Müsavat partiyası məsələyə siyasi don geydirib, partiyanın ali orqanları adından bəyanatlar verməyə başlamışdır. Onlar "Ol" gənclər təşkilatının iki fəalının dərhal buraxılmayacağı təqdirdə, beynəlxalq məhkəməyə müraciət edəcəklərini bildirirlər.
Radikallar, səbrli olun, ilk əvvəl istintaq araşdırmaları aparılmış və gənclərin xuliqanlıqları sübuta yetirilmişdir. Hadisələrə məhkəmədə qiymət verməlidir. Yalnız bundan sonra siz şəhər məhkəməsində rayon məhkəməsi əleyhinə iddia qaldıra bilərsiniz. Konstitusiya və beynəlxalq məhkəmələrə müraciət bundan sonrakı proseslərin mövzusudur. Bir daha xatırladırıq E.Milli və A.Hacızadə "Ol" təşkilatının üzvləri olduqlarına görə yox, xuliqanlıq etdiklərinə görə həbs ediliblər.

Digər xəbərlər