Xəyanət: əvvəllər və indi
Son dəfə AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri ermənilərlə ölkəmiz arasındakı ikili standart qiymətinə bir daha sadiq qalmışlar. Faktiki şahidlər kimi yığıncağın gedişində Azərbaycanı bir neçə böhtançı hüquq müdafiəçisi təmsil etmişdi. Onlar bu dəfə də iftiralı donoslarını təkrarladılar. Onların verdikləri ifadələr real faktlardan uzaq olsa da, dinləmələr zamanı reallıq kimi qiymətləndirildi. Guya Azərbaycanda hər addımbaşı insan hüquqları pozulur, demokratik prinsiplər tapdanır, nəhayət, guya həbsxanalarda siyasi məhbuslar əlindən tərpənmək olmur və s.
Bizim "hüquq müdafiəçiləri"nin bu ifadələrindən sonra Ermənistanla Azərbaycan arasında pis mənada tarazlıq yaradaraq, Yerevanın təcavüzkar simasını bir daha pərdələdilər. Pərdələyici funksiyasını yerinə yetirənlər "sivil" Avropanın təmsilçiləridirlər. Onlar AŞPA, ATƏT, BMT, NATO kimi beynəlxalq təşkilatlarda yüksək və zəif postu tutur, Azərbaycana Andres Herkel, Bernar Fasye, Metyu Brayza, Yuri Merzlyakov kimi peşkaları nümayəndə kimi göndərir, Səidə Qocamanlı, Novella Cəfərova kimi "hüquq müdafiəçiləri" isə belə həlledici anda erməni dəyirmanına su tökürlər.
Hər şey bizimkilərin donoslarından sonra başlanır. Həmməruzəçilər bu donoslardan mənəvi güc alıb, öz bəd ayaqları ilə torpaqlarımızı murdarlayır və buradakı radikallardan xalqımız və dövlətçiliyimiz əleyhinə əlavə, böhtançı məlumatlar alır, Avropaya qayıtdıqdan sonra beynəlxalq təşkilatların yuxarı pillələrində qərar tutan doslarını bu yalançı məlumatlarla yükləyir, onlar da, öz növbəsində, bir xristian təəssübkeşi kimi, ikili standart oyununa rəvac verirlər. Axı ermənilər katalikos da olsalar, xristian hesab edilirlər. Bizi isə müsəlman olduğumuz üçün bizlərə təcavüzə dözüm aşılanır. Rəsmi surətdə deyirlər ki, probleminiz ərazi bütövlüyünüz çərçivəsində həll ediləcək, sizin ərazi bütövlüyünüzü tanıyırıq və s. təsəlliverici sözlər. Biz də 17 ildir ki, onların dediklərinə qulaq asıb, dözürük. Dözməsək, yəqin ki, bizə də Gürcüstana verdikləri qulaqburmasından pay verərdilər.
Avropanın xristian təəssübkeşləri onlara donos çatdıran müxalifətimizi bol qranta qonaq edir və qarınlarını doydururlar. Onlar da yeyib, şadlıqlarından şıllaq atırlar. Artıq Müsavat və AXCP (i) liderləri öz partiyalarının funksionerləri, eləcə də, "DUH" və "ATA" blokları tərəfindən açıq surətdə satqınçılıqda ittiham edilməkdədirlər. Bu gün bir çoxları İ.Qəmbərovun AXC-nin klassik formada bərpa olunması təklifini anlaya bilmirlər. Elman Türkoğlu, Əhməd Oruc, Teyyub Qənioğlu və digərləri isə deyirlər ki, əgər İsa bəy AXC-ni bərpa edəcəkdisə, nə səbəbə bir vaxt onun kərpiclərini öz əlləri ilə sökürdü?
Bu, əsil etimadsızlıqdır. İ.Qəmbərov hələ uzaqdan-uzağa yalnız "QRUH" ətrafında fırlanmaqdadır. Ancaq istərdi ki, daha nəhəng radikal blok yaradıb, onun başında dayansın. Ancaq bu, sadəcə, qeyri-mümkündür. Hazırda bütün müxalifəti təmsil edən hər hansı bir blok yaratmaq real deyil. Çünki radikalizmə maraq get-gedə azalmaqdadır. Müxalifətin vahid namizədi adı uğrunda mübarizə aparmağa xüsusi ehtiyac yoxdur. Sadəcə olaraq, bu təklif cəlbedici deyil. Odur ki, bir vaxt öz partiyalarının sədr kürsüsündə möhkəmlənmək istərkən, sürüşə-sürüşə aşağı düşənlərin tərsinə hərəkət edərək yuxarı qalxmaları fələyin çərxini geriyə fırlamaq kimi çətin olardı. Ancaq təəssüf ki, öz yanlış iddiaları ilə irəli gedəcəklərinə yalançı inam aşılayanlar hələ də tarixin səhifəsindən düşməmişdir.
Bir çox müxalifət təmsilçiləri əmindirlər ki, Cəbhənin tərkib hissələrinə parçalanmasına yalnız "islahatçı" Əli Kərimovun əllaməlikləri yox, həm də Müsavat başqanı İsa Qəmbərovun pərdəarxası əməlləri bais olmuşdur. Bir vaxt Mirmahmud Fəttayevin partiyasını "əsil AXCP" kimi qəbul edən İ.Qəmbərovun bloklarda Əli Kərimovun AXCP (i)-si ilə əməkdaşlıq etdiyini xatırlasaq, bunu onun bir əldə iki qarpız tutması kimi xarakterizə etmək olar. Sözsüz ki, o vaxt da hadisəyə eyni qiymət verilirdi. O vaxt Cəhbəni dağıdan İ.Qəmbərov indi Cəbhəni bərpa etməklə nə demək istəyir? Bir çox müxalifət funksionerləri bu sualın cavabını bilmirlər. Bilmək istədikləri isə yalnız odur ki, nə səbəbə başqan bu qurumun parçalanmasına rəvac verən hərəkətlərə yol vermişdir.