PDF Oxu

Köşə

  • 13

Avtobuslara minmək üzrə əsasnamə

Avtobuslara minmək üzrə əsasnamə
Əvvəllər şəhər mərkəzində kiçik avtobuslarda gələrdik. Bir neçə ay əvvəl ölkənin nəqliyyat rəhbərliyi əhalinin rahatlığını təmin etmək məqsədilə Almaniyadan 80 sərnişin tutumlu avtobus gətirib istifadəyə buraxıblar. Nazirlik əməkdaşları bu addımı sərnişinlərə göstərilən yüksək xidmət kimi dəyərləndirirlər. Bu, doğrudanmı belədir? Əlbəttə, əgər kiçik tutumlu avtobuslara maksimum 15 adam yerləşirdisə, nəhəng avtobuslarla 5-6 dəfə artıq sərnişin aparmaq mümkündür. Bunu yüksək xidmət kimi qəbul etmək olarmı?
Əlbəttə, olmaz. Çox adam daşımaq özlüyündə xeyirliyə yozulsa da, az olsun - yaxşı olsun ifadəsi də az söz demir. Əgər mini-avtobusların sərnişin tutumu az olsa da, avtobuslararası fasilə cəmi iki dəqiqə idi və sərnişinlər boş avtobus gözləyə bilirdi. İritutumlu Almaniya avtobusları isə 15-20 dəqiqədən bir gəlir və avtobus tamamilə dolmayınca, sürücülər yerlərindən tərpənmək bilmirlər. Gecə saat 10-11 radələrində də bu avtobuslara kifayət qədər çox sərnişin minir və bu zaman salonda tərpənməyə yer tapılmır.
Almaniyadan gətirilmiş yeni, "rahat" avtobusların başqa bir qüsuru, bit kimi hərəkət etmələri və üç addımdan bir saxlamalarıdır. Bu avtobusların sürücüləri yol boyu hər əl edənin və etməyənin yanında dayanır və salona 90-120 adam yükləməyə cəhd edirlər. Şəhərə çatdıqda isə yalnız dayanacaqlarda saxlayır və yol polisini üzərlərinə məhdudiyyətlər qoymaqda qınayırlar.
Nəhəng avtobuslar təzə-təzə istifadəyə verilərkən, telekanallarda tez-tez belə məlumatlar verirdilər ki, almanlar bu avtobuslara qabaq qapılardan daxil olub gediş haqqı ödəyir, orta və arxa qapılardan isə düşüb gedirlər. Onlar bizim sərnişinlərin bu tələblərə cavab verməyəcəyini proqnozlaşdırırdılar. Əslində, onların proqnozları doğu çıxdı. Bu yerdə mən bu sualıma cavab axtarıram: "Aya, deyin, görüm almaniyalı sərnişinlər oturacaqlar tutdulduqdan sonra ayaq üstə durub bizim kimi sallana-sallanamı gedirlər." Mənim bildiyimə görə, Almaniyada sərnişinlər, əsasən, oturacaq yerlərindən istifadə edir və heç bir avtobusa 40-45 adamdan artıq minən olmur. Oturacaq yerləri tutuldu-tutulmadı, almaniyalı sürücülər vaxt hesabı ilə avtobuslarını sürüb gedirlər.
Etiraf etməliyik ki, bizdə sürücü mədəniyyəti aşağı olduğu kimi, sərnişin mədəniyyəti də bir o qədər yüksək deyil. Sürücü vaxtı bir kənara atıb, qapıları taybatay açaraq, salonu ləbələb doldurmaq istəyir. Sərnişinlər də sürücülərin tələblərinə cavab verir, basabasla avtobusa doluşurlar. Hətta yaşlı və əliuşaqlı adamlar görmüşəm ki, çiyinləri ilə qapıdan sallanan sərnişinləri itələyib, dayanmaq üçün özlərinə yer düzəltməyə çalışırlar. Əslində, bir sərnişin kimi, biz necə hərəkət etməliyik?
Bu suala cavab verməmişdən əvvəl kiçik bir əhvalat danışmaq istəyirəm. Dayanacaqlardan birində basabasla avtobusa minən sərnişin sürücünün bir neçə metr getdikdən sonra avtobusu yenidən saxladığını görüb, çox adam götürdüyünə görə, onu yumşaq tərzdə qınadı. Sürücü də sakit tərzdə dedi: "Mən plan doldururam. Düzdü, sərnişinlər çoxdu. Minirlər minsinlər, minmirlər minməsinlər."
Etiraf etməliyik ki, biz birincilərdənik. Deyirik, bu avtobusla gedəcəyik, vəssalam. İndi bir qədər əvvəl verdiyim sualına üzərinə qayıtmağı lazım bilirəm: bəs biz neyləməliyik? Əslində, ən azı iş vaxtının başlanmasından saat yarım tez dayanacağa gəlib, ləbələb ağzınacan dolu avtobuslara təpilməməliyik. Gözləməli və oturacaq yerləri boş olan avtobusa minməliyk. Eybi yoxdur, qoy gənclərin 10-15 nəfəri salonun ortasında ayaq üstə dursun.
Biz bu təlimata əməl etsək, sürücülərin sürüb getməkdən başqa əlacı qalmayacaq. O vaxt biz sərnişin mədəniyyəti sahəsində az da olsa almanlara yaxınlaşmalı olardıq. Bu məsələni yoluna qoyduqdan sonra, heç bir sürücü öz avtobusuna 120 nəfəri ləbələb doldura bilməyəcək. Yəqin bundan sonra avtobusların sahibləri planın doldurulması şərtlərində müəyyən dəyişiklik edəcəklər ki, sürücülər qaçıb dağılışmasın. Ancaq bundan sonra biz almanlar kimi, qabaq qapılardan girib gediş haqqı ödəyəcək, orta və arxa qapılardan düşüb evimizə, iş yerimizə, dükana, bazara və istirahət guşələrinə gedəcəyik. Bu da sənə alman mədəniyyəti. Ancaq bu, çoxmu asandı?

Digər xəbərlər