Radikallar sosial problemləri qabartmağa cəhd edirlər
Radikallar indi də enerjidaşıyıcılarının qiymətlərinin artırılmasından öz məqsədləri üçün istifadə etməyə cəhd edirlər. İ.Qəmbərov, Ə.Kərimov, L.Hacıyeva, S.Cəlaloğlu və digərləri qazın qiymətinin iki dəfədən artıq artırılması ilə əlaqədar ciddi fəaliyyətə keçməyin vaxtı olduğunu bildirmişlər. Öz KİV-lərində çıxış edən radikal mövqeli yazarlar əhalini qarşıdurma yaratmağa çağırmışlar. Artıq radikallar kütləvi aksiyalar keçirməyi planlaşdırırlar.
İ.Qəmbərov iyulun 2-də 20-yədək partiya sədrini Müsavat qərargahında keçirilən toplantıya çağırmışdır. İ.Qəmbərov, Ə.Kərimov, İ.Ağazadə, P.Hüseynov, L.Hacıyeva, S.Cəlaloğlu və digər partiya liderləri keçirilən yığıncaqda etdikləri çıxışları ilə yadda qalmışdır. Deyəsən, dağılmış, pərakəndə hala düşmüş radikallar ara qarışdırmaqla siyasi durumlarında dəyişiklik əldə etməyə çalışırlar. Əlbəttə, bəhanə kimi əhalini qabağa verməyə və onların hüquqlarının qaz idarəsi rəhbərliyi tərəfindən pozulduğunu bildirmək istəyirlər.
Radikal liderlər kütlələrdə maraq doğurmaq üçün paytaxtın küçə və meydanlarında icazəsiz aksiyalar keçirəcəklərini dilə gətirirlər. "ACP"-nin mühacir həyatı keçirən lideri Rəsul Quliyevin selektor əlaqəsi vasitəsi ilə toplantı iştirakçıları ilə əlaqə yaratdığı bildirilir. Deyilənə görə o, kütləvi aksiyaların ilkin mərhələsində təşkilati məsələlər üçün 30 min dollar ayırmağa hazır olduğunu bildirmişdir.
Yığıncağın gedişində İ.Qəmbərov, Ə.Kərimov, İ.Ağazadə, Arif Hacıyev, Həsən Kərimov, Zakir Hüseynli paytaxtda və rayon mərkəzlərində iğtişaşların təşkili üzrə Təşkilat Komitəsinin üzvü seçilmişlər. Nəzərdə tutulmuşdur ki, Təşkilat Komitəsində hər biri 10 nəfərdən ibarət qruplar yaradılsın. Apardıqları təşviqata görə qrup üzvlərinin hər birinə 100 manat verilməsi nəzərdə tutulur.
"QHT-lər haqqında qanunun" qəbul edilməsi bəzi məkrli qüvvələrin narahatlığına səbəb olmuşdur. Başlıca narahatlıq xarici qrantların qeyri-qanuni fəaliyyət göstərən QHT rəhbərlərinin əllərindən çıxması faktıdır. Onlar bu sahədə tarazlıq yaratmaq üçün etirazçıların sıralarına qoşulaq istəyirlər. Onların bu addımı radikalların xoşuna gəlmişdir. Həm də atalar demişkən, cəhənnəmə gedən özünə yoldaş axtarar. Onların devizi ya ölkə daxilində çaxnaşma yaratmaq, ya da siyasət səhnəsini birdəfəlik tərk etməkdir.
2 iyul toplantısında qazın qiymətinin qaldırılması ilə bağlı rayonlarda təxribatların gücləndirilməsinə xüsusi diqqət verilmişdir. Müəyyən təxribat tədbirləri görüldükdən sonra rayon mərkəzlərində və qəsəbələrdə kütləvi aksiyaların keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə radikalların nümayəndələri iyulun 4-5-də bölgələrə xüsusi qruplar ezam etməyi nəzərlə tuturlar. Onlar təxribat aktlarının həyata keçirilməsi üçün yerlərdə müəyyən qrupların formalaşdırılmalarına başlamağı nəzərdə tuturlar.
Ancaq qazın qiymətinin artırılmasına etiraz edənlərin qarınlarının ağrımasının xüsusi səbəbi üzrə çıxmışdır. Sən demə, AXCP (i) 5, Müsavat isə 3 ildir ki, enerjidaşıyıcılarının və istifadə etdikləri suyun pulunu ödəmir. Bir çox radikal mövqeli partiya və qurumlar da eyni vəziyyətdədirlər. Göründüyü kimi, onlar, əsasən, öz paxırlarının üstünü örtmək məqsədilə bu addımı atırlar. Əhalinin adından istifadə etmək isə radikalların öz siyasi ambisiyalarını gerçəkləşdirmək niyyəti güdür.
Etiraf etmək lazımdır ki, toplantıda iştirak edənlərin heç də hamısı radikalların çağırışlarını ciddi qəbul etməmişdi. Onlar da söz alıb çıxış etmiş və real vəziyyətdə mübarizənin istiqamətini bu səmtə yönəltməyi səhv addım kimi qiymətləndirmişlər. Onlar radikalları öz ifratçı meyillərindən əl çəkməyə və sağlam mübarizəyə çağırmışlar.
AMİP lideri Etibar Məmmədov, lANİF" prezidenti Eldar Namazov, lVAMBP", Ədalət, VHP və lAzadlıq" partiyalarının sədrləri Hacıbaba Əzimov, İlyas İsmayılov və Əhməd Oruc kütləvi aksiya keçirmək və təxribat törətmək cəhdlərinə öz kəskin etirazlarını bildirmiş və radikalların səhvlərini təkrarlamayacaqlarını bildirmişlər.
Radikal qurum liderləri isə öz keçmiş ənənələrinə sadiq qalaraq axıradək gedəcəklərini bildirmişlər. Bu cür dəst-xətlə onlar indiyədək bir neçə dəfə təmsilçiləri olduqları qurumları süquta aparmışlar. Süqut yenə də qaçılmaz olacaqdır.