Zəmanə uşaqları, yaxud “Uşağını döyməyən dizinə döyər”
"İndinin uşaqlarında uşaqlıqdan əsər-əlamət yoxdur. Nə böyük sayırlar, nə də kiçik". Yəqin bu sözləri hər birimiz tez-tez eşidirik. Ağsaqqallar yaman gileylidirlər. Amma niyə belə olduğunu heç kim araşdırıb deyə bilmir. "Niyə" bax heç bunu özüm də BİLMİRƏM. Bilməsəm də, yenə sizinlə dərdləşəcəyəm. İlin-günün bu vaxtı bəziləri üçün cansıxıcı sayılan mövzuya toxundum. Amma yox, lap yeridir. Mənəvi dəyərlər üçün ZAMAN məsələsi yoxdur.
Böyük rus pedaqoqu Uşinskinin yanına bir valideyn gəlir ki, uşağının tərbiyəsi ilə bağlı ondan məsləhət alsın. Məşhur pedaqoq həmin valideyndən uşağının neçə yaşda olduğunu soruşur. Valideyn cavab verir ki, uşağı on gündür ki, doğulub. Uşinski isə həmin valideynə qayıdır ki, uşağının tərbiyəsinə görə düz on gün gecikib. Çünki təlim-tərbiyənin öz vaxtı-vədəsi var. Müəllim-şagird məsələsinin isə, ümumiyyətlə, nə yayı var, nə qışı. Tərbiyə elə tərbiyə, əsil müəllim isə həmişə MÜƏLLİMDİR. Həm də atalarımız keçən əsrlərdə "uşağını döyməyən dizinə döyər" deyimini boş yerə deməyiblər ki. Elə tərbiyə və mənəvi dəyərlərin qorunmasına belə laqeyd yanaşmışıq ki, mənəvi dəyərlər baxımından indi baş qaldıran bir sıra faciləri yığıb-yığışdıra bilmirik də. Çox ağır məsələlərə toxunacağam və bir az da məni bağışlayın, çox ağır da danışacağam. Niyə? Çünki buna MƏCBURAM. Dövlət, şəxsən, Azərbaycan dövlətinin başçısı kimi Prezident İlham Əliyev məktəblərin ən müasir avadanlıqlarla təmin olunması, bütün uşaqların əla təhsil almaları üçün xüsusi dövlət proqramları hazırlayıb icra edir. Elədir-elə deyil?! Adamın başının üstündə ALLAH var axı, ELƏDİR. İndi Prezident hər gün ölkənin bütün məktəblərini bir-bir gəzib aparılan tədris proqramları ilə maraqlanası deyil ki. Bu işi görmək üçün məktəb rəhbərləri, pedaqoqlar var. Amma.
Hə, yenə də deyirəm, hər şey bu əmmadan başlayır. Uşaqlar niyə bu gün bizim mentalitetimizə uyğun olmayan bir istiqamətə gedirlər, niyə əvvəlki kimi müəllim-şagird münasibətlərindən əsər-əlamət belə qalmayıb, niyə ailələrdə əvvəlki kimi uşaqların təlim-tərbiyəsi ilə maraqlanmırlar və sair və sair... Suallar çox, cavablar isə barmaqla göstəriləcək qədər az. Yenə ZƏMANƏMİ? Yox, əziz atalarım və analarım, bacılarım və qardaşlarım. Zəmanə həmin zəmanədir, məktəb yolları da həmin yollardır, elə uşaq sevgisi də həminkidir. Amma. Hə yenə əmma çıxır. Nədir e bu əmma deyilən şey? Bu əmma odur ki, qabaq ailədə uşaqlarla davranış tamam başqa idi. O zaman ata və analar uşaqlar üzərində böyük nəzarətə malik idilər. Valideynlərlə məktəb arasında əməlli-başlı sıx əlaqə vardı. Uşaq məktəbə getməmək nədir, bir dərsə on dəqiqə gecikən kimi, balaca şuluq salan kimi dərhal valideyni çağrılıb bütün valideyn şurası qarşısında rüsvay olunurdu. Həmin valideyn isə cəmiyyətdə düşdüyü bu vəziyyətə görə uşağını elə tənbeh edirdi ki, o uşaq "həmin dərs"dən sonra bir də belə qələt eləmirdi. Həm də o vaxtın valideynləri bir az ağır çəkili idilər, axı. Hər işdən ötrü özlərini zərbə altına atacaq, uşağını boynuna mindirəcək adamlar o vaxt barmaqla sayılırdı. Kim nə deyir desin, valideyn uşağını birinci gündən tərbiyə etməsə, ona bələkdəcə əsil valideyn tərbiyəsi göstərməsə, o uşağın axırı, sadəcə, "heç nə".
İndinin uşaqları xoşagəlməz yerlərdə gün keçirirlərsə, Avropanın ən murdar vərdişlərini sabahısı gün gündəlik həyatında tətbiq edirlərsə, bunun günahı KİMDƏDİR? Valideyn və müəllimdə! İndinin uşaqları niyə müəllimdən çəkinmirlər? Çünki indinin bəzi müəllimlərində müəllimlikdən əsər-əlamət belə qalmayıb. Qabaq biz müəllim görəndə, qaçıb gizlənərdik, müəllimin, həqiqətən də, çörək yeyib-yemədiyini aramızda müzakirə edərdik. Amma indi vəziyyət bambaşqadır. Zəmanə elə həmindir, sadəcə, biz BAŞQALAŞMIŞIQ!