PDF Oxu

Köşə

  • 747

Vuran da məlumdur, yıxan da...

image

Bəzən həmkarlarla apardığımız söhbətlər zamanı Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin səhvlərini xatırlatdıqda, "İndi günahkarmı axtarmalıyıq?" sualını verənlər də tapılır. Əgər AXC-dən prezident kürsüsünə əyləşdirilmiş Ə.Elçibəy Kəlbəcəri təhvil verdikdən sonra onu qaytara bilmirdisə, "BMT tezliklə onu ermənidən alıb, bizə verəcək" ifadəsi ilə zərbəni özündən uzaqlaşdırırdısa, o zaman hansı qənaəti möhkəmləndirməliyik? Axı Kəlbəcər ermənilərə təhvil verildikdən indiyədək onu geri qaytarmağa müvəffəq olmamışıq. BMT-nin qərarı isə Ermənistan rəhbərliyi tərəfindən saya salınmır. Məgər rayonu verənin heç bir günahı yox idimi? Belə bir ifadə var: sən vurmadın, mən yıxılmadım... Bəlkə günahkar tərəfə mükafat verək? Digər rayonlarımızın işğalında da oxşar ssenari mətni yazılmışdır. Hamısında vuran da məlumdur, yıxılan da.

Bəzən beynəlxalq təşkilatları ikili standartlara görə ittiham edirik. Ancaq bizim müxalifət ikili standartları onlardan xeyli əvvəl tətbiq etməyə başlamışdır. Yeni "Talış-Muğan Respublikası" Əlikram Hümbətovun kurasiyasına keçir və bu xəyanətkar addımına görə, o, ittiham edilir. Gəncəbasar bölgəsində möhkəmlənmiş Surət Hüseynovun paytaxta hücum etməyəcəyi təqdirdə, onun hökmdarlıq dairəsi də tanınacaqdı. 8-ci Kilometr isə Rövşən və Mahir Cavadovların bastionu idi. AXC hökuməti də Bakını əldə saxlamağa cəhd edirdi. Qərb bölgəsi Əmiraslanovun nəzarəti altında idi. "Sadval"çılar da Qusardan əlavə, Qubaya, Xaçmaza iddi edir, "sərhədlərini" Şabran və Siyəzənə doğru genişləndirərək, "Ləzgistan Respublikası" yaratmaq istəyirdilər. AXC hökuməti bunun qarşısını ala bilmirdi. Necə deyərlər, ağız deyəni qulaq eşitmir, göz görənə inanmaq olmurdu. Vuran vuranın, yıxan yıxanın idi. Vuran da məlum idi, yıxan da. Ancaq vurana da, yıxana da eyni prizmadan yanaşılırdı.

Vurana vuran, yıxana yıxan deyilmədikcə, istənilən idarə strukturu çöküb, yerini Həsənsoxdu dəyirmanına, yəni anarxiyaya verir. 1992-ci ilin payızında hakimiyyət sükanı arxasına keçən AXC, bir-iki aydan sonra sıralarından qopan İsa Qəmbərovun Müsavat partiyası ilə cütlük təşkil etdi. 1992-ci ilin dekabrından etibarən, başlarının bir qazanda qaynaması qeyri-mümkün olan Elçibəy-Qəmbərov qarşıdurması başladı və altı aydan sonra Surət Hüseynovun təqibi ilə üzləşərək, iflasa uğradı.

AXC-Müsavat cütlüyü mənsubları bir-birilərini vurmaqda-yıxmaqda davam etdikləri vaxt müdafiə edilməyən ərazilərimiz sürətlə düşmənin nəzarəti altına keçdi. Bu hökumətin özünün dəvət etdiyi Ümummilli Lider Heydər Əliyev hər bir şeyi öz adı ilə çağırmağa başladıqdan sonra vəziyyət müsbətə doğru dəyişməyə başladı. Vuran da, yıxan da dərhal öz qınına çəkildi. Bir çoxları Ümummilli Liderə ətrafını silahlandırmağı məsləhət görürdü. Bu müdrik şəxsiyyət bu cür məsləhətləri bir neçə dəfə qulaqardına vursa da, təklif verənlərin təkidi daha da artırdı. O vaxt Ümummilli Lider dedi: söz silahı yüzlərlə silahdan daha güclüdür. Dedi və dediyini əməli ilə doğrultdu.

Müxalifətçilər isə bu gün də, o vaxtlar torpaqlarımızın kimin ucbatından itirildiyini ört-basdır etmək istəyir və günahkar axtarmamağı məsləhət görürlər. Müqəssirlər məlumdur. Yəni onların özlərinin keçmişdə buraxdıqları səhvlərdir. Qorxurlar ki, açıb-ağardanda, xoruzun quyruğu görünəcək...


VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər