"Gözün aydın" ey millət! Əli Kərimli "qeyrətə" gəldi! O gün saytların birinə müsahibə verərkən deyib ki, "əgər mən də prezident (?!-R.) olsaydım, Əkrəmi "Xalq yazıçısı" adından məhrum edərdim"... Yaxşı avazdır, əgər oxuduğu Quran olsaydı! Ancaq məsələ Əlinin "qeyrətə" gəlməsi deyil, məsələ həm də onun hərdəm-hürdəm xəyalları məsələsidir. Demək belə çıxır ki, "cəbhə" sədri prezident deyilsə, bu ölkənin milli ruhuna, milli heysiyyatına, milli əqidəsinə həqarət edən xainlər "qəhrəman" olmalı, yox, əgər "prezidentdirsə", xalq düşməni elan edilməlidirlər. Məntiqsizlik görmüşdüm, amma beləsini yox! Ancaq bu məntiqsizlikdən heç də təəccüb-filan hissi keçirməyə də dəyməz. Çünki görün bu ifadələrin kim deyib? - Müxalifətin aparıcı "siması", "lideri" və "qeyrətlisi" AXCP sədri Əli Kərimli! Həmin Ə.Kərimli ki, rəhbərik etdiyi təşkilatın daxilində onlarla bişərəfliklər, rəzilliklər baş verib. Təcavüz, murdar hərəkətlər və s. Ancaq o, partiya sədri kimi bütün bunların qarşısını almaq əvəzinə, mətbuata çıxıb deyib ki, hakimiyyət AXCP-yə qarşı təzyiq edir. Daha bundan artıq hansı "qeyrəti" gözləmək olar Ə.Kərimlidən? Məncə heç hansını...
Deyir ki, asqıran ağıza tövbə yoxdur
İndi də məlum Əkrəm Naibov məsələsi. Uzun müddət susqunluq gösrətən, həmin susqunluğun ardınca Əkrəmə dayaq çıxan, onun mənfur "Daş yuxular" əsərini müdafiə edən AXCP sədrinin hazırda "valını" dəyişməsi sonradan "qeyrətə" gəlmək məsəlini birə-beş artırdı. Yəni qeyrətin çatırdısa, bu etirafı vaxtında edərdin. Üstündən bu gün-sabah bir ay keçəcəyi məsələni yenidən qabardaraq, əslində, siyasi ambisiyanı ortaya çıxarmağın isə ümumiyyətlə, yeri yoxdur. Yoxdur, vəssalam! Çünki kor-kor, gör də gördür ki, Ə.Kərimli yalandan qeyrətə gəlməyində də siyasi mənfəətini güdür. Necə deyərlər, uşaqda fərasətə bax, bir gör hansı oyunbazlıqlardan çıxır?! Ə.Naibovun "Daş yuxular"ı isə Ə.Kərimliyə "qeyrətə" boğulmaq üçün bir presedentdir, yəni süni imkan. Yeri gələndə Ə.Kərimli gedib Ə.Naibovun gecələr gizlin şəkildə üzərinə erməni qriqorian xaçı çəkən əllərindən, hay Astvas deyən dodaqlarından yalayıb-öpməlidir ki, yazıçı ona öz "qeyrətini" "sübut" etmək üçün yaxşı şərait yaradıb. Bəs nə bilmişdiniz?!
Ancaq köşəmin sonunda daha bir yaxşı el məsəli yadıma düşdü. Qeyd etməsəm, özümü günahkar sayaram. Deyir ki, asqıran ağıza tövbə yoxdur. Bilən bilir nə demək istədiyimi. Əgər bu gün-sabah Ə.Kərimli gəldiyi "qeyrətindən" peşman olub, fikrini dəyişərsə, həmin məsəlin məhz ona aid olmasını istisna etməmək gərəkdir. Ancaq öz aramızdır, dədələrimizin elə məsəlləri var ki, sanki Ə.Kərimlinin boynuna biçilib.