Dünən facebookda yazmışdım ki, türk müğənnisi, dayı nəvəsi Hadisə yeni klip çəkdirir. Bir nəfər də bunu ciddi qəbul edərək inboxuma "Həqiqətənmi Hadisə sizin dayınız nəvəsidir?" yazıb. Hadisənin bir azərbaycanlıya doğma dayı nəvəsi olmasına inanırsa, bu kökdə adam olmaz. Dünən hər şey bununla bitmədi, noyabrın 24-ü əməlli-başlı həngamə oldu mənim üçün. Bu tarix daha çox yeni deputat seçilənlərə düşərli oldu, hətta deputat mandatını alıb doğum gününü qeyd edənlər də oldu. Sükuta, qəmə qərq olan ailələr də oldu. Hansı ki, müğənni Hadisəyə 60 min AVROya çanta hədiyyə olunurdu, "sən əsl HADİSƏSƏN" deyib uzunluğu yarım kilometr olan restoranı bağlatdırmaq mümkün idi, hər meyvənin, hər bitkinin, hər modelin adına bir restoran, gecə klubu açmaq adi hal idi, nə bilim, qara parçadan "qara kəmər" düzəldib "K-1" üzrə saxta, düşük çempionluq etmək olurdu, sənə əyri baxan hər gözü çıxarmaq, bu heyvanda da olsa, kəsib dərisini soymaq olurdu və sairə və ilaxır. İndi çanta da almaq olmur, Hadisəyə milyonları xərcləmək də alınmır, ortaya düşüb "dünya çempionu" adı altında bambılılıq da eləmək olmur, hətta heyvan da kəsib heyvanat aləminin xətrinə dəymək olmur. Qardaşlar, bu ölkənin yiyəsi var! Həqiqətmi bir ömür dərəbəylik edəcəyinizə inanırdınızsa, bu da sizin üçün lap biabırçılıq... İndi hər şey satılır, restoranlar gedir, şirkətlər bağlanır. Bir sözlə, kələfin ucunu itirib artıq.
Çox hörmətli, əsl qələm sahibi olan dostlarımızdan biri deyir ki, ali məktəbi qurtarandan sonra iş axtarırmış. İlk getdiyi yer qəzet redaksiyası olub. Görüb ki, redaksiyada 20 ildir "müxbir" işləyən şəxslər var. Dərhal oranı tərk edib. Oradan məktəbə yollanıb, əynində hələ də 30 illik kostyumla gəzən müəllimləri gördükdən sonra deyib ki, burada da işləyə bilmərəm. Yavaş-yavaş bütün sahələrə baş vurub, amma axtardığını tapa bilməyib. İndi ümidini Gürcüstana bağlayıb, gürcü dilindən tərcümələr edir. Açığı, yazdıqlarına, tərcümələrinə Gürcüstanda çox böyük maraq var. Dünən bu adamla da təsadüfi görüş mənə qismət oldu. Kişi əsl alimdir, həqiqi elmlər doktorudur, saysız-hesabsız xidmətləri var. Amma təəssüflə deməliyəm ki, artıq problemlərdən bir balaca dəli olub. Hadisəyə 60 min AVROya çanta alan gədə-güdənin güdazına gedib.
Dünən (Allah kəssin bu dünənləri) oğlu haqqında danışırdı. Deyir oğlum 2004-cü ildən Müsavatın üzvüdür, nə qədər yalvardımsa, İsa Qəmbərdən əl çəkmədi, haqq yoluna gətirə bilmədim. Sonra oğlu cinayət törədib, oğurluq etdiyinə görə 1 il cəza alıb, keçən il azadlığa çıxıb. Azadlığa çıxan kimi İsa Qəmbərin telefon nömrəsini yığaraq "Bəy, mən azadlığa çıxdım, xahiş edirəm, mənə köməklik edin, "Yeni Müsavat"da bir iş verin" deməyinə peşman olub. "Mən işdüzəltmə məntəqəsinin başqanı deyiləm" cavabını eşidib. Zalım oğlu 9 ilini Müsavatın nəm qoxuyan divarlarının, İsa Qəmbərin Qavroş baxışlarının, qoyun quyruğu kimi yağlı vədlərin içərisində keçirib. Nə olardı ki, "Yeni Müsavat" şərt deyildi. Məsələn, İsa Qəmbər ona Qaradağ rayonunda yerləşən obyektlərində iş verə bilərdi, Atatürk prospektində yerləşən aptekində fəhlə edə bilərdi. Heç olmasa-olmasa, "zapçast" dükanlarından birinə satıcı qoyardı. Onsuz da bu gün Müsavata xidmət etməyin dəyəri bundan artıq deyil ki!