Hələ parlament seçkiləri ərəfəsində AXCP və Müsavat partiyaları arasındakı qarşıdurmalara müəyyən pauza verilsə də, indi bu vəziyyət yenidən yaşanmağa başlayıb. Sirr deyil ki, hər iki radikal müxalifət partiyalarının bir-birlərini qəbul etməmələri arxasında dayanan köklü səbəblər, ilk növbədə ana müxalifətçilik iddiasıdır. Hansı ki, ictimai rəy nə Müsavatı, nə də AXCP-ni nəinki ana müxalifət, heç normal müxalifət partiyaları kimi də qəbul etməyib, indi də həmin vəziyyət davam edir.
Yeri gəlmişkən, bu arada parlament seçkilərindən sonra həmin savaşın yenidən baş qaldırması gözlənilən idi. Məsələn, Müsavat partiyasının başqan müavini Elman Fəttah dolayı ifadələrilə AXCP-ni və bu partiyanın sədri Əli Kərimlini saxtakar olmaqda suçlamışdı. O, saxtakarlığın iyrənc bir hal olduğunu da deyərək, əslində daşı cəbhəçilərin bostanına tərəf atıb. Yəni Elman Fəttah başda Əli Kərimli olmaqla, cəbhəçi "cameəsini" iyrənc adlandırmışdı. Xüsusilə, sosial şəbəkədə ittihamlar və təhqirlərin hərəsini bir qəpikdən yağdıran müsavatçı rəsmi qeyd edib ki, əgər qarşı tərəf əlində olan mediası vasitəsilə Müsavatı hədəfə almasaydı, o da bu barədə susmağa üstünlük verərdi. Ancaq göründüyü kimi, bu, mümkün olmayıb. "Özündən müştəbeh ən və lap müxalifət"in sahib olduğu qəzetdə Müsavatla bağlı həqiqətlərin mütəmadi olaraq təhrif edilməsinin saxtakarlıqdan heç bir fərqi yoxdur"-deyə yazan müsavatçı funksioner daha sonra səbəb kimi bu amili göstərib ki, parlament seçkilərinin demokratik və şəffaf keçirilməsini bəyan edən AŞPA-nın müşahidəçilər missiyası və s. nümayəndələri ilə görüşə getməyən müxalifət partiyaları sırasında Müsavat da olsa, Əli Kərimli bu barədə "Azadlıq"da heç nə yazdırmayıb. Daha dəqiq desək, AXCP və "Milli Şura"nın, o cümlədən, müxalifətin daha bir neçə partiyasının AŞPA nümayəndələri ilə görüşə qatılmaması xüsusi olaraq, vurğulanıb və Müsavatın da həmin görüşdə iştirak etməməsinə rəğmən, Əli Kərimli bu partiyanın adının digər müxalifət təmsilçiləri arasında hallanmasına izn verməyib. Beləliklə, artıq burada ümummüxalifət mövqeyinin deyil, bilavasitə şəxsi, fərdi mövqelərin olduğu aşkar olaraq nəzərə çarpır. Məsələn, əgər Əli Kərimli normal müxalifətçi mövqeyinə sahib olsaydı, nə qədər düşmən olsa belə, Müsavatın adını "Azadlıq"da hallandırardı. Ancaq o, bunu etməyib və özünün nə qədər kinli, yalnız öz məqsədlərini güdən adam olduğunu təsdiq edib. Bu isə, əlbəttə ki, müsavatçıların xoşlarına getməyib və nəticədə partiya rəhbərliyi çox ehtimal ki, başqan Arif Hacılının göstərişinə əməl edərək, həm Əli Kərimlini, həm onun nəzarət etdiyi "Azadlıq" qəzetini, həm də bütövlükdə AXCP-ni iyrənc adlandırıb. Sözügedən faktorun isə bundan sonra daha acımasız mübarizəyə keçid edəcəyini gözləmək olar. Yeri gəlmişkən, parlament seçkilərindən sonra Müsavat guya "Milli Şura" və AXCP ilə birgə mitinq keçirmək iddiasında olduğunu bəyan etmişdi. Ancaq mitinq nədir, heç piketin də ucu görünmür. Piket demişkən, adamın yadına zibil paketi düşür. Bunlar artıq paketlənərək, zibil qutusuna atılmağa hazırlaşan siyasi tullantılardan başqa heç nəyi xatırlatmır.