PDF Oxu

Köşə

  • 2 196

ŞOK…İNANILMAZ!!!

image

Dünyada baş verən müharibələr, terror hadisələri və həmin olaylar fonunda yerli mətbuatın, xüsusilə sayt və portalların bir-birinə bənzər "maraqlı" mövqelər sərgiləməsinin, "İki cahana sığmayacaq" başlıqların, alt başlıqlarının hər biri bir komediyadır desək, yanılmarıq. Komediyadır ona görə ki, dünya dağılır, qan su yerinə axır, bunlar da həmin məsələlərdən "şoklar" düzəldirlər. Adicə bu günlərdə baş verən vurulmuş təyyarə olayını xatırladaq. Daha dəqiqi, Türkiyə qırıcısının Rusiya bombardmançısını vurması məsələsinə toxunaq. Əlbəttə ki, bu arzuolunmaz olay ilk növbədə iki dövlətin arasında olan problemdir və bu cür hadisələr digər ölkələr arasında da zaman-zaman baş verib. Hətta insan itkisi belə, müəyyən diplomatik addımlardan sonra ölkələr arasında yaranmış gərgin münasibətlər aradan qaldırılıb. Daha burada siyasi və s. maraqları demirik. Baxın, sözügedən hadisədən sonra olayların birbaşa iştirakçısı olan Rusiya mətbuatı yalnız bir bənzər başlıqla ictimailəşdirildi – Türkiyə Rusiyaya məxsus bombardmançı təyyarəni Suriya da vurdu… Əslində, burada mübahisəli bir məqam var və həmin məqamdan belə bir sual doğur ki, əcəba, Rusiya bobmbardmançısının həqiqətənmi Türkiyənin hava sərhədlərini pozması ilə bağlıdır? Və burada yekə bir STOP qoyuruq. Çünki artıq həmin məsələ iki dövlətin, ya da həmin dövlətlərlə müttəfiq olan dövlətlərin diplomatiyasının işidir. Mətbuatı işi isə hadisəni yazmaqdır.

Nəmxuda, ölkəmizdə fəaliyyət göstərən bəzi saytlar elə bir başlıqlarla çıxış etdilər ki, həqiqətən də adama elə gəlir ki, aha, indicə Rusiya Türkiyəyə müharibə elan edəcək, Azərbaycana da həmin müharibədən pay düşəcək. Məsələn, saytlardan biri belə bir başlıqla çıxış edib – "ŞOK! Rusiyanın Xəzərdəki hərbi gəmiləri silahlarının ağzını Suriya və İraqdan üzü Azərbaycana tərəf döndərir!" (???-R.) Yaxud "İNANILMAZ! Paraşütlə katapult edən rusiyalı pilotları vuranlardan biri azərbaycanlı olub!" (???!!!-R.)

Di gəl həmin sayta əyri baxma, görüm necə baxmırsan! Ay qardaş, Rusiya öz dəniz sərhədlərindən Suriyada və İraqda fəaliyyət göstərən "İŞİD" terror təşkilatının mövqelərini qanadlı raketlərlə vurursa, buraya Azərbaycanın adının aid edilməsinin axı nə dəxli var? Axı Rusiya nəyə görə hər hansı bir silahının ağzını Azərbaycana tərəf çevirməlidir? Bu başlığı yazan zurnaçı (jurnalist deməyə dilim gəlmir!-R.) həqiqətənmi bunu istəyir? Yaxud hansısa dılğır saytın birində oturub ağzına gələni yazıb beş manat qazanmaqdan başqa, onu heç nə maraqlandırmırmı?

Yoxsa rusiyalı pilotları vuranların içində azərbaycanlının olması barədə "xəbər" yazan kəs həmin vaxt oradamı olub? Axı nəyə görə inanılmamış, təsdiqini tapmamış məlumatlarla oxucuların ürəklərini bulandırmaqla məşğulsunuz?! Adama, bir daha təkrar edirəm, ADAMA deyərlər ki, bu iş sənlik deyil! Mən 100% əminəm ki, həmin yazılarla süni xal toplamağa çalışan, reytinq qazanlarını doldurmağa çalışan zurnaçılardan hər hansı biri sabah Rusiyaya getsə və xüsusi xidmət orqanlarının qara maskalıları onları tutub sorğu-sual etsə ki, sən belə bir başlıqla çıxış etmişdin, məlumat səndə haradandır? Hətta kişi cinsindən olmasına baxmayaraq, bu zurnaçılar qorxularından özləri boyda uşaq doğarlar!!!

Bax onda ŞOK, İNANILMAZ olar. Hər kəs belə bir başlıq yazar ki, bir kişi özü boyda uşza doğub, Rusiyada…

100% ona da əminəm ki, ötən ilin yayında Ermənistan tərəfinin təxribatları nəticəsində Azərbaycanın şanlı silahlı qüvvələri tərəfindən sərt cavab verildikdə, cəbhəyanı kəndlərin adlarını bir-bir yazıb, həmin kəndlərdə T-90 tanklarının mövqe tutması barədə yalan informasiyaları yayanlar da həmin zurnaçılardır, özü də xoruz buraxan zurnaçılar!

P.S. Həmin zurnaçıya sual verəsən ki, a bala, axı bu "ŞOK" dediyin nədir? Ətöyöbə əgər bunu bilərsə..!

Digər xəbərlər