PDF Oxu

Köşə

  • 2 308

PUTİN TÜRKİYƏDƏN KÜSÜB, AMMA...

image

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa telekanallarından birinə verdiyi müsahibəsində deyib ki, Suriya sərhədindəki məlum təyyarə insidentindən sonra o, Rusiyanın prezidenti Vladimir Putinə telefon zəngi etsə də, qarşı tərəf onun zənginə cavab verməyib. Yəni belə çıxır ki, Putin Ərdoğandan küsüb. Yəni Türkiyə öz sərhədlərinin toxunulmazlığını qorumaq ixtiyarına sahib olduğuna baxmayaraq, Rusiyanın hərbi texnikasının sərhədboyu zonalarda özbaşınalıqlarına göz yummalıymış. Ya da həmin təyyarənin hansı dövlətə məxsusluğu tam müəyyənləşməsinə qədər çəkilib oturmalıymış kənarda ki, buyur, istədiyin qədər bombaları tök soydaşlarımın - türkman xalqının başına.

Bu dəfə də Bolqarıstan günahkar çıxacağıydı?

Maraqlıdır, Rusiya istənilən xarici ölkənin təyyarəsinə bu imkanı verərdimi? Məsələn, bu yaxınlarda Bolqarıstanın Xarici İşlər Nazirliyi Rusiyaya nota göndərərək, həmin ölkənin təyyarələrinin hava sərhədlərini pozduğunu bildiriblər. Ancaq Rusiya buna əhəmiyyət vermədi. Çünki ona sərf etmir. Bolqarıstan qırıcısı havaya qalxaraq Rusiyanın hərbi təyyarəsini vursaydı, onda nə olardı? Bu dəfə də Bolqarıstan günahkar çıxacağıydı?

Görünür, Putinin küsəyənliyi onun yürütdüyü siyasətinin tərkib hissəsidir. O, hər kəsin xətrinə dəyə bilər, amma onun xətrinə dəyən olmamalıdır. Niyə, əcəba?

Bu arada facebookda türkiyəli dostum Kaan Tunceri belə bir status paylaşıb. Yazıb ki, türklər uzaq tarixlərdən üzü bu yana soyuq havalarda təzək yandırmaqla isiniblər. O cümlədən, Rusiyanın meyvə-tərəvəz bazarının təminatının 80 faizini də Türkiyə təmin edib, indi də etməkdədir.

Türklər təzəklə isinməkdə davam edəcəklər, bəs Rusiya?

Rusiya isə bəyan edib ki, Türkiyəyə mavi yanacaq satmayacaq. Məhz burada Kaan qardaşımız sual edir ki, Rusiya Türkiyəyə mavi yanacaq satışını dayandırsa, türklər təzəklə isinməkdə davam edəcəklər. Bəs belə olan halda, yəni türklər rus bazarlarına meyvə-tərəvəz və s. qida çeşidlərini göndərməyi dayandırarsa, ruslar öz qarınlarını təzəklə doyuzdura bilərlərmi? Maraqlı sualdır hər halda...

Hətta Putin Kaan qardaşımızın bu sualını oxuyub düşünə, nəticəyə gələ də bilərdi. S-400 zenit-raket komplekslərini dərhal Suriyaya göndərməsi yerinə...

Sabah məcbur olub xalqına təzək yedirtməsin

Bu müasir hərbi komplekslər, əslində "İŞİD", "Əl-Nüsra"ya deyil, Türkiyəyə qarşı quraşdırılıb desək, heç də yanılmarıq. Əks halda S-400-ə qədər də Rusiya terrorçulara, sözün həqiqi mənasında, divan tuturdu. Təkcə imperiya ambisiyaları bu işi sona qədər yürütməyə imkan vermədi. Yəni Rusiyaya da bu lazımıydı. Təxribat törətdi və indi də NATO-nun ən güclü silahlı qüvvələrindən birinə sahib olan Türkiyəyə diş qıcımağa başladı. Məsələn, Jirinovski vasitəsilə, "Böyük Ermənistan" yaratmaq çağırışları ilə və s. Amma hər halda Putin gərək Ərdoğandan küsməyəydi. Küsməyəydi ona görə ki, küsülülüyü səbəbindən sabah məcbur olub xalqına təzək yedirtməsin...

Digər xəbərlər