PDF Oxu

Köşə

  • 2 323

Adam məhbus olmaq istəyir

image

Avstriyada həbsxanalarda olan şərait, dustaqlara olan münasibət haqqında eşitdiklərimizdən sonra adam dustaq olmaq istəyir. Həbsxana belə adlanır: "Leoben Justice Center". Deməli, bu həbsxana 4 ulduzlu otel formasındadır. Peyk, kabel televiziyası, internetə çıxış, sauna, cakuzi, spa salonu var. Məhkumlara həftədə üç saat yanında bir nəfər polislə şəhərdə gəzməyə icazə verilir. Nəhayət, dövlət tərəfindən məhkumlara hər ay 800 AVRO pul verilir. Yəni bütün bunlar onu göstərir ki, Avstriyada həbsxanada cinayətkarları döyüb-öldürüb, yenidən çirkli işlər gördürüb, narkotik satdırıb azadlığa buraxmırlar. Statistika da sübut edir ki, Avstriyada bir məhkum ikinci dəfə cinayət törətmir, dustaq yuxarıda saydığımız üsullarla insancasına islah olunur. Əşşi, yox e, bir tərəfdən bu, pisdir. Dustağın ki, anası bir qazan kələm dolması ilə gəlib istintaq təcridxanasının qabağında durmadı, nə ləzzəti var axı? Dustaq ki, həbsxanaya girən kimi onu müxtəlif butulkalarla "tanış" etmədilərsə, bunun nə keyfi var? Hələ ata-ananın 60 manatlıq pensiyasını "nadzor" vasitəsilə oğluna göndərmədinsə, oğul da bu pulu "ağa"ya bağışlamadısa, ləzzət eləməz. Tak çto, oğlun həbsxanaya düşür, yeməyindən tutmuş paltarlarına, qara şlyapasına, hər ay boynuna qoyulan aylıq "tasa" qədər ona göndərmədinsə, adamı el qınayar, ay qardaş. Qabaqlar dustaqlar azadlığa çıxana qədər içəridə ciddi işlərlə məşğul idilər. Yazıçısı ən möhtəşəm əsərini yazırdı, pinəçi bir "Kamaz" ayaqqabı tikirdi, naxış vuranı sənət əsərləri yaradırdı, alimi orda da alimlik edirdi, texnoluq dəzgah düzəldirdi. İndi isə bir hissəsi ana şeiri yazır, bir hissəsi də nakolka döydürüb ana-atasını "aylığ"a məhkum edib. Nə etsin, yazıq valideyn, valideyni övlad həmişə məhkum edir.

Dünən Avstriya haqqında bu məlumatı eşidər-eşitməz vaxtilə yüksək vəzifədə işləmiş bir məmurun oğlu çoşub dedi ki, gərək kiçiyə deyim, biznesimizi də Avstriyaya köçürək. İçəri də girsək, elə orda yataq. Zalım oğlu tam ciddi danışırdı. Hələ özünün çətin vaxtlarından da danışırdı: "Bir dəfə kişi (atasını deyir) məndən küsdü, gecə səhər kimi Dağüstü Parkda 40 qəpiklik "Classic" siqareti çəkdim. Düz iki gün...". Ay bədbəxt oğlu, o iki gün çəkdiyin 40 qəpiklik siqaretləri 40 ildir imkansızlıqdan çəkənlər var. Elə bil ki, atan sənin ərindi. Sözə bax ha: "kişi məndən küsmüşdü...". "Pık" eləsən, şalvarına batıracaq, amma deyir ki, məni həyat tərbiyə edib. Qınamıram e, atasının gül balası şəhər uşağıdır da. Bunların yağmasa da gurlamaqları çox olur. Altında 50 minlik maşın var, gecələr sürür, gündüzlər sürməyə utanır. Bir sözlə, özü kimi alçaq adam yoxdur. bütün kasıbları da söyür, deyir ki, guya kasıblar pul yığır, özlərini tülkülüyə vururlar ki, pulumuz yoxdur. Sosial şəbəkələrdə həqiqətən xəstə olub kömək uman bir nəfərin şəklini görən kimi də söyüşlər söyür. Yolda cavan qız görəndə maşını üstünə sürür, deyir ki, bu qız q.....dir, yiyəsi olsa idi, maşınla gəzərdi. Ofisiant qızlara, oğlanlara corablarını çıxartdırır, polislərin ailə-uşağını üzünə söyür. Darıxmayın, bunun da azı qalıb. Allah axırını xeyir eləməz!

Digər xəbərlər