PDF Oxu

Köşə

  • 2 656

Əli Kərimlinin quyusunun suyu quruyur

image

Ölkə müxalifətinin sıraları getdikcə daha çox seyrəlir və deyəsən, bu gedişlə adamı günorta vaxtı çıraqla axtaracağıq. İstər Müsavat, istərsə də AXCP olsun, hər ikisi hazırda böhran yaşayır. Belə ki, sözügedən partiyalara üzvlükdən istefa verənlərin sayı durmadan artır.

Xüsusilə, özünü müxalifətin aparıcı partiyası hesab edən AXCP-də də eyni vəziyyət hökm sürür və üzvlər bir-bir partiya sıralarını tərk edirlər. Sözügedən partiya üçün ən acınacaqlısı odur ki, oradan sıravi üzvlər deyil, əsas funksionerlər uzaqlaşır. Dediyimizin sübutu kimi, bəzi məqamları xatırladaq. Belə ki, AXCP-də faktiki olaraq "müavin tökümü" yaşanır və bu işə, xatırlatmaq mümkündür ki, ilk olaraq Fuad Mustafayev imza atmışdı. Məhz onun addımından sonra bu ənənəvi xarakterə keçid almağa başladı. Məsələn, ondan sonra silsiləni Asəf Quliyev davam etdirdi. Daha sonra Razi Nurullayev qovuldu. Ardınca, Əli Kərimlinin digər müavini Əbülfəz Qurbanlı istefa verdiyini açıqladı və partiyada hökm sürən acınacaqlı durumu incə eyhamla etiraf etdi. Orada müxtəlif maneələrin yaradıldığını bildirməklə, əslində, sədrinin hansı xislətdə adam olduğunu bir daha ortaya qoydu. Bu istefa bəyanatından öncə də Ə.Qurbanlı və AXCP sədrinin münasibətləri haqda müxtəlif məlumatlar yayılmışdı. Bildirilirdi ki, partiya rəhbərliyi Ə.Qurbanlıya qarşı qısqanclıq nümayiş etdirib və ona fəallıq göstərməyə imkan vermir. Görünən odur ki, vəziyyət o qədər kritik həddə çatıb ki, əli-qolu bağlanan bu şəxs istefadan başqa çıxış yolu görməyib və postundan da, üzvlükdən də imtina edib. Təbii ki, bunun da səbəbi partiyada bilavasitə Əli Kərimli tərəfindən ona edilən basqılardır. Bu gün istefa vermək istəyənlərin sayı isə bir, iki, üç deyil, onlarlardır. Məsələn, getmək istəyənlər ön tədbirlərini də görürlər. Onlar "facebook" profilini bağlayır, telefonlarını söndürür, heç bir zəngə cavab vermirlər. AXCP-də belələri kifayət qədərdir. Bunun da səbəbi var əlbəttə ki. Yəni demək ki, istefaya getməyə hazırlaşanlar xeyli müddət içində olduğu komandanın mahiyyətinə, xüsusilə də Əli Kərimlinin xislətinə tam bələddirlər. Ona görə də özlərini və profillərini qorumaq üçün sosial şəbəkələrdəki səhifələrini deaktiv edirlər. Hətta təhqirlər eşitməmək üçün telefonlarını söndürənlər də var.

Beləliklə, AXCP sədrinin partiyada avtoritar rejim yaratdığı haqda açıqlama verən şəxslərin sayı da kifayət qədərdir. Onların dediklərindən aydın olur ki, partiyadan istefa vermək istəyən çoxlu sayda adam var. Amma onlar qaragüruhun onları biabır edəcəyindən, "facebook"da kommentlərə tökülüşüb təhqir edəcəyindən, haqlarında müxtəlif yanlış şayiələr buraxılacağından çəkinirlər. Ona görə də hazırda partiyada rahat şəkildə mövqe bildirib və istefa ərizəsi yazıb çıxmaq müşkül məsələyə çevrilib. Oradan qaçmaq istəyən şəxsləri isə heç bir şəkildə qınamaq olmaz. Çünki normal düşüncəyə malik olan hər bir şəxs bilir ki, belə müxalifətin heç bir gələcəyi yoxdur və orada qalmaq müsbət nəsə vəd edə bilməz. Nəticədə, Əli Kərimli də yaxşı anlayır və bilir ki, onun quyusunun suyu quruyur. Sonda isə suyu qurumuş quyusuna özünün də düşəcəyini gözləməyə dəyər.

Digər xəbərlər