Bu yaxınlarda, daha dəqiq desək, yayda AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun "İŞİD"ə dəstək verən, bu terrorçu qruplaşmanı ölkəmizə dəvət edən status yazması cəmiyyətdə ciddi etiraz doğurmuşdu. Məsələ ondadır ki, həmin ərəfədə AXCP sədrinin əmisi oğlu açıq şəkildə yazmışdı ki, kim Əli Kərimlini tanımırsa, onun siyasətini dəstəkləmirsə, "İŞİD" gedib həmin adamların başını kəssin (?!-R.). Hələ bu, azmış kimi öz vəhşilikləri ilə dünyanı dəhşətə salan bir terrorçu təşkilata "Azərbaycana xoş gəlirsən" kimi dəstək statusunu bir sıra AXCP üzvləri də bəyəniblər (??!!-R.). Məhz həmin ərəfədə biz də yazırdıq ki, a, camaat, "demokratiyadan", "insan haqlarından" dəm vuran AXCP üzvlərinin belə çağırışları və terrorçulara dəstək vermələri gələcək təhlükələrin siqnalıdır. Həmin təhlükə bu günlərdə Nardaran olaylarında da özünü göstərdi. Düzdür, "İŞİD" radikal sünni terror təşkilatı olsa da, ondan fərqlənməyən şiə radikal təşkilatının üzvləri-"Müsəlman Birliyi Hərəkatı"nın "xəlifəsi" Tale Bağırzadə xarici qüvvələrin ona verdiyi təlimatları yerinə yetirməyə cəhd göstərdi. Məhz bundan sonra Əli Kərimlinin iç üzü ifşa olunmağa başladı. AXCP funksionerləri neçə illərdən bəri gizli saxladıqları məqsədlərini ortaya qoydular. Hakimiyyətə heç vaxt sivil yolla gələ bilməyəcəklərini dərk edən partiya funksionerləri, nəhayət ki, beynəlxalq terrorçu təşkilatların köməyinə arxalandıqlarını etiraf etdilər və bu təşkilatı Azərbaycana dəvət etməkdən çəkinmədilər. Budur, Əli Kərimli və ətrafındakılarının iç üzü. Sən demə onlar öz çirkin maraqları naminə xalqı qırğına verməyə, ölkəni terror dəhşətinə sürükləməyə hazırdırlar. Belə aydın olur ki, əgər Əli Kərimli hakimiyyətə gəlsəydi, onun ətrafındakılar radikal islamçı terrorçuları kimi insanların başını kəsər, xalqa zülm edərdilər. Qısacası, Əli Kərimlinin əmisi oğlunun "İŞİD"ə müraciətini unutmamalıyıq.
Əgər bunların içərisindən belə bir istəklər keçirsə, bu, artıq onların mahiyyətidir. Odur ki, Azərbaycan cəmiyyəti belə insanları qəbul etmir və onları siyasi palitradan kifayət qədər sıxışdırıb bir kənara qoyub.
Eyni zamanda, AXCP "Milli Şura"da təmsil olunmaqla sübut etdi ki, xoşbəxtliklərini başqa dövlətlərin Azərbaycandakı maraqları çərçivəsində axtarırlar. Halbuki bu gün Yaxın Şərqdə baş verən hadisələr, "İŞİD" kimi terrorçu təşkilatın mövcudluğu dünya ölkələri üçün təhlükədir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu terror təşkilatı islam dini pərdəsi altında öz maraqlarını həyata keçirir. Ona görə də ölkə ictimaiyyəti bu məsələ ilə bağlı ciddi irad bildirsə də, müvafiq strukturlar məsələni dərindən araşdırmalıdır. Çünki bu kimi addımların aşkar göstəricisi açıq olaraq terrora çağırışdır və bunun arxasında hansısa məqsədlər, niyyətlər ola bilər. Xalqın sifarişi isə bu kimi qaragüruhçuların və terrorçuların qanun qarşısında cavab vermələridir.