Əgər kefin yaxşıdırsa və istəyirsən ki, kefinə soğan doğrayasan, bir sözlə, özünü dədəsi ölmüş yetim kimi hiss eləmək istəyirsənsə, dərhal "Azadlıq.info" yazıb yazılanları oxu! Evində tonlarla pul, qızıl olsa, yenə də qorxundan ya haranısa batıracaqsan, ya da ki, necə yaşadığına şübhə edəcəksən. Bir-iki gün öncə dostlardan biri zəng edib mənə dedi ki, marketə getmək istəyirəm, amma qorxuram. Niyəsini soruşan kimi "Azadlıq" belə yazıb ki, ölkə çökür, ərzaq məhsullarının qiyməti dəfələrlə artıb" cavabını verdi. Güclə başa salmışam, yola gətirib marketə yola salmışam ki, arvad-uşağına yemək-içmək alsın. İndi oxuyuram, Əli Kərimli yazıb ki, yaxın günlərdə ölkə iqtisadiyyatı çökəcək, Mərkəzi Bankın da bütün pulları qurtarıb. Nə dərəcədə qeyri-ciddi adam olasan ki, Mərkəzi Bankda bir manat pulun belə qalmadğını iddia edəsən. Başı çıxmayanlar da buna inanıb elə bilirlər ki, vəziyyət olduqca pisdir, camaat çörək əvəzinə qrabil, daş, çınqıl yeyir, maşın əvəzinə sanka sürür, taxta arabaya minib gəzir. Vallah, axşam saat 8-dən sonra Bakının bahalı restoranlarında, alış-veriş mərkəzlərində adam əlindən hərəkət eləmək olmur. İki nimçə qondarma sup, 2,5 sm-lik katleti yeyib 100 manat hesab verirlər. Qapıdan çıxan kimi də narazılıq eləyir ki, imkan yoxdur, 300 manata dolanmaq olmur. Ordan da üzünü mağazaya çevirib 70 manatlıq cins şalvar, 60 manatlıq kofta, 40 manatlıq da "turux"-mayka alıb evinə gedir. Həftə səkkiz-mən doqquz, gəzməkdədir. Tələbə qız "28 Mall"a girib qolu, ətəyi, arxası, sinəsi olmayan, daha dəqiq desək, 40 faizi geyimə oxşayan kurtkaya 250 manat pul verir. Ordan da çıxan kimi dədəsi İmanquluya zəng vurub deyir ki, "ay ata, maa pul göndər, nənəm verdiyi qırmızı dananı sat göndər maaa...". Mən də paltar alıram, amma hansısa geyimə 250 manat verəsi ağıl da deyiləm. Dünən Dərnəgül (yağışdan sonra Dərnəgöl) yolunda suya düşdüm, on dəqiqəlik yağışdan sonra yollardan on metr hündürlüyündə su çalaları əmələ gəlmişdi. Necə deyərlə, DərnəGÖL yolu dəhşət idi. Üzümü Memar Əcəmiyə çevirib 12 manata ayaqqabı, 9 manata şalvar alıb evə yollandım. Vallahi-billahi, o 12 manatlıq ayaqqabı sizin 200 manata aldığınız ayaqqabıdan gec cırılır.
Bakı metrosunda bir qrup gənc Üzeyir Hacıbəyovu yad etmək məqsədi ilə musiqili flasmob keçiriblər. Birinin əlində saz, birində zurna, birində qarmon... Zurnaçı neçə çalırsa, zurnanın ucu sərnişinin gözünə girir. Arxadan da saz necə köklənirsə, vətəndaş Üzeyir Hacıbəyovu unutmasa yaxşıdır. Vaqonlarda millət gülməkdən keçmişdi, elə flasmobu təşkil edənlər də elə bil özlərinə inanmırdılar, özlərini ciddi qəbul etməyə cəhd edirdilər. İndi bu nə dərəcədə alınırdısa, bunu özləri bilər.