Əvvəllər atalar, babalar oğullarına, nəvələrinə kitablar, nəsihətlər yazardılar. İndi oğullar atalarına, nəvələr babalarına yazır. Son zamanlar "oğluma hekayə", "atama öyüd-nəsihət", "babama ağıl dərsi" adlı yazıların şahidi oluruq. Mətnin məzmunu cəhənnəmə, orfoqrafik qaydaları da gözləmirlər, bir cümlədə üç-dörd səhv tutmaq olur. İndiyə qədər Həzrət Əlinin (Ə) oğlu İmam Hüseynə (Ə) ünvanlanan məktubu, Füzulinin və Nizaminin övladlarına nəsihətləri hamımız üçün əvəzolunmaz bir salnamə rolunu oynayıb. Bu məktublarda nə desən var - riyaziyyatdan, kimyadan, tarixdən, ədəbiyyatdan tutmuş, adi elementar davranış qaydalarına qədər hər şeyi mənimsəmək olar. Nəsihətlərin ən ümdə cəhəti odur ki, burada övladlara vəzifəpərəst, pulgir olmamaq tövsiyə olunur, insanın zəhmətlə ucala biləcəyinin vacibliyi vurğulanır, təmiz ad hər şeydən üstün tutulur.
Dünən oxuduğum bir hekayədə isə deputat ata övladına nəsihət edir. Guya bu kitab "zəngin həyat tərzi keçirməsinə baxmayaraq, çətin situasiyalardan çıxış yolu tapa bilməyənlərə kömək edəcək". Adından da göründüyü kimi bu kitabın zəhmətlə pul qazanıb özünə güzəran quranlara heç bir aidiyyatı yoxdur. Çünki bu kitabı ömrü boyu yağ-bal içərəsində böyüyən, uşaq yaşında deputat olan, pulunun çəkisi öz çəkisinin min misli qədərində olan bir nəfər yazıb. Yazıq adam "zəngin həyat tərzi" deyəndə də "keşməkeşli həyat tərzi" anlayışını nəzərdə tutmur, söhbət zəngin, pullu insanlardan gedir. Zəruri kitabdır, cavan oğlan da vaxtında yazır. Axı indi tuthatutdu, dövlətin malını, əmlakını yeyənlərin burnundan piltə-piltə gətirirlər. Bu deputat ata zəngin, pullu adamları başa salmaq istəyir ki, istintaqın, qanunun çətinliklərindən necə sağ-salamat can qurtarmaq olar.
Orta əsrdə yaşayan şairlərdən biri poema yazıbmış. Kim bu poemanı oxuyurmuşsa, məhəbbətə, eşqə tutulurmuş. Bir sözlə, qısa bir müddətdə hamı bir-birini türkün məsəli, sevməyə başlayır. İndi zəngin, pullu olmaq istəyənlər də bu deputat atanın kitabını mütləq oxusunlar, qısa müddətdə zəngin olacaqlar. Ancaq qorxulu tərəfi də var ha... Bir neçə ildən sonra da ya vətən xaini çıxacaqlar, ya da ki, xarici ölkəyə qaçıb öz dövlətinə qarşı çirkin kampaniyanın bir hissəsi olacaqlar. Oliqarx, milyarder.., bütün bu adların hamısını özlərinə yapışdırıblar. Bircə "azərbaycançı"lıqdan başqa. İndi də kitab yazırlar. Pul o qədər çoxdur ki, qızıl balıqdan yeyə-yeyə bekarçılıqdan kitab yazırlar.