Bu başlıqda Azərbaycana qarşı o qədər kin, nifrət, qərəz və qısqanclıq var ki, ardını oxumağa dəyməz. "Azadlıq" qəzetində yazılır ki, Avropa Şurasının Baş katibi Thorborn Yagland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayır. Ancaq bu xəbəri böyük sevinc və fərəh hissi ilə yazanlardan biri demir ki, axı bu Yagland kimdir ki, Azərbaycandan hesabat tələb etsin!? Yagland deyir: "Belə narahatedici bir şəraitdə, durumun düzəlməsinə yönəldilmiş müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin insan haqları konvensiyasının icrasıyla bağlı hakimiyyətdən izahat istəyəcəklər". Bu adamcığazlar həqiqətən də özlərini dünyanın sahibi hesab edirlər, düşünürlər ki, istənilən dövlətdən izahat tələb etmək, xalqları müharibəyə sürükləmək, terrorçu dövlətə də dəstək vermək olar. Görəsən, Yagland öz elçilərini Suriyaya niyə göndərmir və ya nə üçün göndərə bilmir? "İŞİD"in qaniçən siyasətindən qorxur, yoxsa ABŞ-ın, İngiltərənin təhdidlərindən? Məgər dünyada insanların ən çox əzildiyi, öldürüldüyü, hüquqlarının məhv edildiyi ölkə Suriya deyilmi? Hörmətli Yagland, bəlkə elçilərini ora göndərəsən...
Ermənistanda hər gün bir vətəndaş hökumət qüvvələri tərəfindən müxtəlif bəhanələrlə qətlə yetirilir. Bəs İrəvana niyə getmirsiniz? Rusiyadanmı qorxursunuz? Türkiyəni Rusiya ilə kəllə-kəlləyə gətirib müharibəyə sürükləmək daha asandır, yoxsa Ermənistana getmək? Əziz cəbhəçilər, başa düşürük ki, artıq ata-ananızdan da ümüdünüzü üzmüsünüz, gözünüzü Avropa Məhkəməsinin günah qoxuyan qapılarına, Yagland kimilərin dalına dikmisiniz. Heç olmasa, şərəfinizi itirməyin! Guya müxalifətsiniz, tez-tez də Türkiyə müxalifətinin böyüklüyündən danışırsınız. O zaman qardaş dövlətin müxalifətindən bir nümunə də götürün. Evdə qardaşınla, atanla, bir hədəfə vurmaq istəmirsinizsə, bunun üçün hökmən o ailəni satmaqmı gərəkdir? Bunun üçün düşmən qonşunla öz ailənə çirkab atmaq bu qədərmi asandır?
Artıq iştahınız da o həddə çatıb ki, dövlət rəhbərlərinin Xədicə İsmayılla görüşünü dünyanın "qlobal" problemləri sırasına daxil etmisiniz. Deyirsiniz ki, əllərinin ikisini də müsəlman qanı ilə yuyan Obama Xədicənin ailəsi ilə görüşməlidir. Haqlısınız, bu sizlər üçün çox vacibdir. Çünki bu ziyarət böyük qrantlar, növbəti çirkli pullar, daha dərin "əməkdaşlıq" deməkdir.