"Ümid" partiyasının sədri İqbal Ağazadə dünya bazarında neftin qiymətinin ucuzlaşması və bunun Azərbaycana mənfi təsirləri ilə bağlı "antiböhran proqramı" ilə çıxış edib. Maraqlıdır ki, sabiq deputat bir sıra beynəlxalq iqtisadi təşkilatların terminlərindən və ümumi rəylərindən öz təbirincə, yəni özünə sərf edən şəkildə yararlanaraq, bunu Azərbaycanın iqtisadiyyatı əleyhinə yönəltməyə, dövlətin yürüdtüyü siyasi xəttə qarşı istifadə etməyə çalışıb. Məsələn, ölkədə neft sektorundan başqa digər sektorların da inkişaf mərhələsində olmasını qulaqardı edən "Ümid" sədri iddia edir ki, guya manatın dollar qarşısında ucuzlaşması da bu səbəbdəndir.
Ağlı olmaya-olmaya özünü "ağıllı" göstərmək doğru seçim deyil
"Təksektorlu inkişaf xətti ölkənin sosial-siyasi və iqtisadi həyatını ciddi böhranla üz-üzə qoyub" iddiasını ortaya atan müxalifətçi partiya sədri guya neftdən gələn gəlirlərin səmərəli xərclənmədiyini deyir. Ancaq bu, belədirmi? Əlbəttə ki, xeyr.
Təkcə bir faktı qeyd edə bilərik ki, əgər Azərbaycan yalnız neftdən gələn gəlirlərlə təksektorlu inkişaf xəttini tutsaydı, indi dünyada gedən böhranlı vəziyyətdən çətin çıxış yolu tapardı. Ancaq göründüyü kimi, vəziyyət heç də onun və özü kimi müxalifət liderlərinin iddiaları kontekstində "böhranlı" deyil. Düzdür, İqbal Ağazadə deyir ki, "siyasi institut olaraq, böhrandan çıxış yollarını göstərmək və öz təkliflərini vermək" onun vəzifəsidir. Ancaq o, unutmamalıdır ki, vəzifədən sui-istifadə edərək, xalqı, ictimai rəyi çaşdırmaq, hər hansı beynəlxalq iqtisadi təşkilatın frazalarından yararlanıb özünü "ağıllı" göstərmək doğru deyil.
Və yaxşı olardı ki, İqbal Ağazadə öz cılız, kimsəyə lazım olmayan, ard-arda istefalar dalğasından qurtula bilməyən "Ümid"inə əncam qılsın, təşkilatını böhranlı vəziyyətdən çıxarsın. Əgər bunun üçün də hansısa beynəlxalq təşkilatdan hər hansı bir tezisi tapıb, icra edə bilərsə. Axı bir partiya sədri kimi rəhbərlik etdiyi siyasi təşkilatını bphrandan qurtarmaq onun bilavasitə vəzifəsidir!
RÖVŞƏN