PDF Oxu

Köşə

  • 2 595

20 sm-lik tavan

image

Sovet vaxtı "Qələbə" (pobeda) avtomobilinin istehsala hazırlaması vaxtı onun "Vətən" adlandırılması planlaşdırılırmış. Bunu bilən Stalin istehza ilə soruşur: "Yaxşı, "Vətən"i neçəyə satacaqsınız?" Bundan sonra avtomobilin adı dərhal dəyişdirilir. Stalin itinə Hitler adı qoyan polkovniki ona görə güllələtdirmişdi ki, düşməninə də hörmət edirdi, kişi kimi qalib gəlmək istəyirdi. İndinin bəzi kişilərindən fərqli olaraq, o vaxt şər-böhtan atmaq pozğunluq əlaməti idi və belə kişilərə arvadları da yaxın getməzdi. İndi arvadları da əl-ələ verib türkün məsəli, Bakıda "mikrorayon" tikirlər. Bakıdakı "mikrorayon"ların, daha dəqiq desək, masaj salonlarının, bir az da konkretləşdirsək, əxlaqsız yuvaların sayı o qədər artıb ki, hər tində bizi "salamlayırlar". Özü də masaj salonu adı altında fəaliyyət göstərən əxlaqsız yuvaların sahibləri obyektlərinə daha çox Qarabağ ərazilərinin adlarını qoyurlar: Şuşa, Laçın və sairə. Elə ki sakinlərin etirazlarını gördülər, dərhal adını dəyişib yenə də içində işlərini görürlər.

O ki qaldı iki gündür haqqında yazılan Süleyman Rəhimov küçəsindəki masaj salonuna... Bu masaj salonu Nəsimi rayonunda yerləşən 46 nörməli orta məktəbə düz bitişikdir və yanbayan dayanıblar. İndi də adını da qoyublar "Musiqi alətləri masaj salonu". Hər gün məktəbli oğlanlar və qızlar bu "yuva"nın qarşısından keçib ədəbiyyat dərsinə girirlər, şeirdən, poemadan danışırlar. Müəllim də Leyli və Məcnunun əxlaqi-didaktik tərəflərindən danışır. Elə ki, ayağını məktəbdən kənara atdın, spesifik qoxusu olan "masaj salonu" səni qarşılayır. Di gəl dərs oxu, ədəbiyyat dərsində ədəb öyrən! Hələ orada yaşayan sakinləri demirəm. Binanın birinci mərtəbəsi əxlaqsız yuvadır, ikinci mərtəbəsində üç qız uşağı böyüyür. Bircə tavan ayırır bu adamları. Əxlaqla məsumluq arasında 20 sm enlikdə daş tavan dayanır, başqa heç nə. Bina sakinləri axşamlar ailələri ilə bayıra çıxıb gəzə bilmilər, çünki "yuva"da əylənənlərin qışqırtısı bütün məhləni bürüyür, bütün gədə-güdələr də növbəyə dayanıblar ki, ya kreditə götürdükləri pulu burda xərcləsinlər, ya da ki daş karxanalarında alın təri töküb qazandıqlarını daha çox alın təri axıtmağa qadir olan "qadınların" göbəyi üstünə qoysunlar. Açığı desəm, indi o da ləğv olunub, içəri girən kimi üstünə köhnə traleybusları xatrladan darmavoy bir arvad hücum çəkib qiymətləri deyir. Heç vecinə də deyil kimliyin, amma sən hər kəs ola bilərsən. Bəs nədir müəmma? 50 manatını verirsən, üstəlik sənə çek də verir, yoğunboyun cavan mühafizə xismətləri də sizləri düz otağa qədər müşayiət edir. O qadınları da anlamaq olar, hansısa mühafizə xidmətinin işçisi kimi əxlaqsız yuvada "oxran" dayanıb ayda 300 manat alan gədələrin bu pulu arvadlarına, qızlarına necə yedizdirdikləri də məni çox düşündürmür. Çünki həmin adamlar da bu yolu seçiblər...

P.S. Masaj salonlarında eşidilən ən infarktedici kəlmələr: "Can ata, sabah irayona pul göndərəjəm, poşta gedif onu götürərsiniz. Həəəə, başım qarışıxdı yaman, öpörəm..."

Digər xəbərlər