İnək doğrayan bıçaqla dalınca düşür, səni o qədər qovur ki, kələyin kəsilir. Çatan kimi bıçağını boğazına dirəyir, elə bu dəmdə Allahdan sənə güc-qüvvət gəlir. Namərd köpəkoğlunu qaldırıb asfaltın ortasına çırpırsan, gözünün altına da bir yumruq ilişdirirsən ki, səni görməsin, görsə, yenə də bıçağı götürüb dalınca düşəcək. Qısası, özünü müdafiə edirsən. Polislər gəlir, ikinizi də həbs edirlər. O namərdin bıçağı cəhənnəmə, bir yumruğa görə səni o qədər sıxma-boğmaya salırlar ki, başının kəsilməməsinə peşman olursan. Yəni özünü müdafiə etməməlisən, gərək imkan verəsən ki, namərd bıçaqlaya səni. Bizdə də özünü müdafiə aktı yoxdur. Təəssüf doğuran bir şey də var. Bir nəfər başqa birinin təpəsini vurub dağıdır, həbs edirlər, məhkəmədə deyir ki, özümü müdafiə edirdim. Bir növ aydınlaşdırmaq çətin olur elə bil. Belə xata-bəladan uzaq durmaq yaxşıdır. Bir dostumuz var, ömrü boyu kitab oğurluğu ilə məşğuldur. Yolda pul görsə, götürməz, kitaba görə özünü də satar. Özü də o qədər peşəkar şəkildə oğurlayır ki, İsveçin bank oğrularını xatırladır. Çox qəribə xasiyyəti var. Araqdan vurur, kitabxanaya gedib kitab oğurlayır. Uzanıb dincəlir, sonra telefonunun kontaktında kim varsa, hamısına zəng edib ağzına gələni deyir. Bir müddət öncə keçmiş deputatlardan birininə zəng vurub ki, o kürsüdən istefa ver, ayıbdır! Sabiq deputat indi deputat olmadığını ona başa sala bilməyib. Səhər açılır, ayılır, yenə kontaktında olan bütün nömrələrə zəng edib soruşur: "Müəllim, bu gecə sizə zəng etməmişdim?" Üzrxahlıq edir, deyir içkili olmuşam. 10 həqiqi elmlər doktorunun elmi, ağlı, zəkası var bu adamda. Di gəl, bədbəxtdir! Bir gün kitab oğurladığı üçün də yəqin tutacaqlar onu. Balaca bir məqalə yazıb. Yazdığına görə, əgər Çin Xalq Respublikasında cinayət törətmisənsə və ikin pulun varsa, həbsxanada sənin əvəzinə başqası yata bilər. Amma sən həmin adama günü 35-40 dollardan pul ödəməlisən. Çinlilər buna "dinzey" deyirlər. Din-əvəzləmək, zey-cinayət deməkdir. Əsəbləşəndə deyir ki, dünyanın ən təhlükəli şəhəri- Honduras sərhədlərindəki San Pedro Sulada yaşamırıq ki... Ölür həbs olunmaqdan ötrü, amma adam da döyə bilmir. Bacaran varsa, onu kitab oğrusu kimi tutsun.
P.S. Yeri gəlmişkən, kim nə deyirsə desin, öz işidir. Amma görünən budur ki, inandığın şey hər şeydən güclüdür, biz onu daha güclü və qüdrətli edirik. Deməli, Hindistanda inəyin başını kəsirlər, peysərində bircə dərisi sallanıb qalıb. Amma inək ayağa durur, yeriməyə başlayır, qaçır, güclə tutub işini sona yetirirlər. Maraqlıdır, Hindistanda! Azərbaycanda başı kəsilmiş inək durub qaçarmı? Qəti... Barmağını uzadıb "pık" eləyən kimi bizim inəklərin ürəyi gedir.