PDF Oxu

Köşə

  • 2 704

"Çarıqlı milyoner"

image

Dünən 2 dəfə nokaut olmuşam, 1 dəfə də şok yaşamışam. Deməli, uzun illərdir ki, məscidi öz pulu hesabına saxlayan adamı həmin məscidə içəri buraxmayıblar. Düzdür, kimliyini bilməyiblər, qanmayıblar ki, illərdir bu kişinin hesabına məsciddə oturub ibadətlərini edirlər, ayda da maaş alırlar. Ancaq yenə də ayağı palçıqlı olduğuna görə adamı məsciddən qovarlarmı? Gözümün şahidiyəm. Qovulan kişi yenə də kimliyini demədi, palçıqlı ayaqqabılarını geyindi, əllərini paltosunun cibinə salıb, yavaş-yavaş məscidin həyətini tərk etdi. Bir nəfər qaça-qaça gəlib uca səslə onun kimliyini deyəndən sonra hamı ilə bərabər mən də sanki nokauta düşdüm. Ümumiyyətlə, mən məscidə nə vaxt gedirəmsə, nokauta düşürəm. Şirvanda ağır xəstəlikdən əziyyət çəkən bir məmurun da bütün var-dövlətini, pul-parasını paylamasının şahidi oldum. Haqq dünyasına hazırlaşır, bilir ki, burdan heç nə apara bilməyəcək. Maşınımın qabağını kəsib mənə də bir qiymətli saat və kiçik nehrə verdi. Məcburən götürdüm. Bu, ikinci nokaut. Ömür boyu maaşa işlədiyini bəyan edən bir "çarıqlı milyoner" və onun da bir qızı, bir oğlu var. Deməli, "çarıqlı milyoner"dən bir qadın şikayət edir. "Çarıqlı milyoner"i rəisi çağırıb deyir ki, qadın səndən hamilədir, get bu məsələni yoluna qoy. Üstündən bir-iki saat keçir, "çarıqlı milyoner" əlində bir topa sənədlə rəisinin yanına girib deyir ki, ay rəis, mən qısıram, yəni mənim övladım ola bilməz, bu da uzun illər həkimdən aldığım sənədlər. Rəis baxır, "çarıqlı milyoner"in doğru danışdığını görür. Şikayətçi bir tərəfə qalır, rəis "çarıqlı milyoner"in iki övlada necə sahiblənməsini düşünür:

- Bəs axı sənin iki övladın var, sən qısırsansa, o uşaqlar necə olub?

- Ay rəis, o uşaqlar məndən deyil, sürücüm Rövşəndəndir (ad şərtidir- S).

Rəis eşidəndə necə donub qalıbsa, elə mən də dünən bu əhvalatı eşidəndə bir neçə saat şok yaşadım. Həyatda belə şeylər də olur. Baxırsan ki, ölkənin bir ucunda bir nəfər ölümün, axirətin nə olduğunu dərk edir, ona görə də hər şeyini paylayır. Fərman gözləyir. Bir ucunda səni məsciddən qovurlar, o biri ucunda da bu boyda rəzalət yaşayırsan. Ağır dərddir eşidənlər üçün, bu üç hadisəni yaşayan adamlar isə bunu nə dərd edirlər, nə də kef-əhvallarını pozurlar. Əsl çəkilməli dərdlər var e, qardaş! Sən demə, çox bahalı "Femina" xəz-dəri firmasının sahibi aylıq məcburi köçkün müavinəti alırmış, yəni bu milyonçu qaçqın kimi dövlətdən ayda pul alırmış. Ölkəmizdə ov edən ərəblər də yol qəzasında dünyalarını dəyişiblər. Deyilənə görə, maşınlarında bir yığın rəngbərəng, pırpızbaş, bir-birindən gözəl quşları gətirib Hacıqabulun düzünə buraxıb sonra da özləri ovlayırlarmış. Marağa bax e, müsəlmanda!

Bu yazını yaza-yaz radikal dini qruplaşmanın- vəhhabilərin rəhbərlərindən birinin müsahibəsini oxudum. "Adam" deyir ki, ateistlər heyvandır. Bu "adam"ın əynindəki kostyumu da ateistlər icad edib, vilka-qaşığı da, işlətdiyi telefonu da, sürdüyü maşını da. Di gəl, elə bilir ki, bütün qərblilər heyvandır. Görəsən, Eynşteyn, əsl adamdır, yoxsa bu "adam"? Və ya ateist adlandırdığımız, var-dövlətini uşaq evlərinə bağışlayan bir ateist əsl Allah adamıdır, yoxsa insanların beynini yeyib gic-gic dini hökmlər uyduran bu "adam"?

P.S. Di, yazdıqlarımın heç birini nəzərə almayın, kim necə istəyirsə, elə də yaşasın! Yığan yığsın, vəzifə istəyənlər vəzifədən-vəzifəyə getsin, "çarıqlı milyoner"lər də yeni-yeni Rövşənlər (ad şərtidir-S) yetişdirsinlər!

Digər xəbərlər