PDF Oxu

Köşə

  • 2 686

Mən hardan gəlmişəm, İlahi?!

image

Uşaq vaxtı leyləklər bizi göylərdən gətirmişdi, zənbillə göydən düşmüşdük, hər kəsin və hər şeyin bizə görə var olduğuna o qədər inanırdıq ki, bu gün heç nəyin və heç kəsin bizə görə var olmadığına da bir o qədər əminik. Allahı da tərəddüdsüz qəbul edirdik, çörəyi də doymaq üçün yemirdik, uşaq oyuncaqları ilə, sadəcə oynamırdıq. Hey mığıldanırdıq.... Bu gün Allahı da tərəddüdlə qəbul edirik. Mən Allahı qəbul edirəm, ancaq mənim qəbul etdiyim Allah möminin qəbul etdiyi Allah deyil... Bir "ağıllı" tapılmadımı mənə kafir desin? Hər şeyə qadir olan Allah "2+2=?" sualının yerinə 4 yox, 5 yaza biləcəksə, o zaman dindarlara inam olacaq. Heç nəyi cılızlaşdırmayın, Allah daha qüdrətlidir, Onun nə sizin mənasız inamınıza, nə ağlaşmalarınza ehtiyacı yoxdur. Demokritin "ölümlə yaşamaq arasında heş bir fərq yoxdur" nağılını oxuyun. Mütləq oxuyun! Nə isə, əsas məsələyə keçək!

Dəyərli jurnalist dostlarımızdan biri deyir ki, futbolçu Messi fevralın 9-da böyrəyindən əməliyyat olunub və bundan 5 gün sonra- fevralın 14-də oyuna çıxıb. Sonda da yazır ki, bu, Avropa səhiyyəsinin gücüdür. Ay dostum, Avropa böyrək xəstəsini 5 günə ayağa qaldırırsa, bizdə bu proses cəmi 2-3 saat çəkir. Belə ki, xəstə əməliyyat olunur, həkim tez gəlib resept verir ki, bu dərmanları alın. Xəstə reseptə baxan kimi böyrəklərini də xəstəxanada qoyub evə qaçır. Bir köpəyoğlu onu tutub saxlaya bilməz. Yəni bizlərdə həm də psixoloji mexanizmlər olduqca təsirlidir. Mən çox şey eşitmişdim, amma xərçəng xəstəliyini badımcan və kəklikotu ilə sağaltmağın mümkünlüyü haqqında üzə duran adamlar görməmişdim. Həkim mənə deyir ki, qardaş bir xərçəng xəstəsi gətir, bir badımcan, bir də 50 qəpiklik kəklikotu, onu iki günə sağaltmasam, mənim dədəmə... ABŞ, Avropa, İsrail, İran tibb elmi aciz qaldığı bir xəstəlik... Bir xəstəlik ki, badımcanla sağala, daha nə deyim!? Bu həkimin xəbər saytı da var. Ərdoğandan xəbər qoyanda Putinin, Merkeldən yazı qoyanda Cenifer Lopezin şəklini qoyur sayta. Düz iki ildir bu saytı izləyirəm, hələ də aydınlaşdıra bilmirəm ki, hansı dildə yazır. İlk dəfə bu saytda gördüm ki, nöqtədən sonra vergül, tiredən sonra sual, nida işarəsi qoyurlar. Ola bilsin ki, bədbəxt fikirlərini, hisslərini ifadə eləmək üçün işarə tapa bilmir, ya da bizdə olanlar ona bəs eləmir.

Hə, qayıdaq uşaqlığa... 6-cı sinifdə oxuyanda tarix müəllimimi sevirdim. Ona Baloğlan Əşrəfovun, Xanhüseyn Hüseynovun, İsrail Məmmədovun maqnitofon kasetlərini alıb (birini 2 məmmədə) hədiyyə etmişdim. Yekə bir vərəqə də Füzulinin "Leyli və Məcnun"undan böyük parça yazıb çantasına atmışdım. Müəllim utandığından düz 1 ay məktəbə gəlmədi, amma mən utanmadım. Uzun müddət mən sevimli müəllimimə düşük-düşük kasetlər, şeirlər yazıb verdim, o da xətrimə dəymədi, alıb oxudu, hətta bəzi hallarda ciddi də qarşıladı. Həyat beləcə davam elədi. Üstündən 17 il vaxt keçdi, mən evləndim, işlədim. Dayanacaqda yağış altında dayanmış tarix müəllimimi gördüm, götürdüm... Bu dəfə mən utanırdım, onun heç vecinə də deyildi. Amma səhəri günü görüşdük, nə vermişdimsə, hamısını 17 ildən sonra mənə qaytardı. Hər şeyini itirmişdi, ərini müharibədə, oğlunu xəstəxanada...

Digər xəbərlər