Son günlər Müsavatın sabiq başqanı İsa Qəmbər tez-tez gündəmə gəlməyə başlayıb. Halbuki onun uzun müddət idi ki, səsi-küyü gəlmirdi. Hətta o günləri jurnalist həmkarlarımızdan biri ona sual ünvanlamaq üçün zəng edərkən, ümumiyyətlə telefonunun zummeri səssiz qalmışdı. Demə İsa bəy ömründə ikinci dəfə "zühur" etməyi planlaşdırırmış. Necə deyərlər, "vıxod k publiku", yəni publikaya çıxış. Demək, bu adam hələ Müsavatın səsli-küylü, qallı-qalmaqallı qurultayından sonra öz göstərişi əsasında, saxta yollarla Arif Hacılını başqan etdirdi. Hətta vaxtilə bu partiyada canlarını, ömrülərini qoymuş insanların etirazları, istefaları müqabilində! Onda özüm-özümə sual etdim ki, əşşi, axı bu adam Müsavata başqanlıq etdiyi dövrdə onların hər birindən öz siyasi maraqları üçün istifadə edib, bu gün Müsavatdan ya məcburi, ya da öz istəyi ilə istefaya göndərilən, qovulan insanların çoxu İsa Qəmbərin radikal və çirkin siyasətinə görə həbslərdə yatıblar, indi bu niyə ağzına su alıb bir dəfə də olsa münasibət bldirmir baş verənlərə?!
Demək, belə hesab etmək olar ki, İsa Qəmbər ona görə susub ki, yaxın zamanlarda Arif Hacılını yenidən özü əvəz etsin. Yəni pərdəarxası məqamdan nəticəyə gəlib deyə bilərik ki, əslində, Arif Hacılı da İsa Qəmərin qurbanı olacaq yaxınlarda. Hər halda, onun planı Müsvatı zəiflətmək və sonradan "zühur" edib, partiyanı həmin vəziyyətdən "çıxartmaqdır". Amma..!
Amması da budur ki, İsanın "zühuru" baş tutsa belə, onun əvvəlki məqamına yetişməsi mümkün olmayacaq. Çünki onun partiyadan öz məqsədləri üçün istifadə edib çıxardığı adamlar indi daha real müxalifət təşkilatları yaradaraq, Müsavatı tozda qoyarlar. Yox, radikalçılıqda, dağıdıcılıqda deyil, normal müxalifətçilik vasitələrilə. Məsələn, İsa Qəmbərin qatı düşmənlərindən birinə çevrilmiş sabiq başqan müşaviri Səxavət Əlisoy deyib ki, belə hallar siyasi oyunbazlıq deyil ki, İsa Qəmbər yenidən başqanlığa qayıtsın. Yəni İsa Qəmbər siyasi oyunbazlıq etmək istəyir, fəqət, ona bu oyunbazlığı icra etməyə imkan verilməyəcək. İsa Qəmbər həm də belə düşünür ki, əgər paritya başqanlığını yenidən əlinə keçirərsə, sabiq müsavatçıların başlarını yenidən tovlayıb yanına qaytara bilər.
SƏXAVƏT ƏLİSOY BİR BALACA KEÇƏLDİR...
Yenə də "amma..!" deyib qeyd edə bilərik ki, ən azından Səxavət Əlisoy və s. kimi köhnə müsavatçılar bu oyunu elə İsa Qəmbərin və Arif Hacılının özünə yedirdəcəklər. Keçmiş sitatlardan birini də xatırlayaq: "Ortada faktlar var. Bir dəfə demişəm, yenə deyirəm. Bu, axirət deyil ki, küsülülər barışsın. Müsavat siyasi partiyadır və burda keçirilən seçkidə saxtakarlığın, ədalətsizliyin olması ilə bağlı faktlar var. Bu faktlara cavab verilməlidir. Ondan sonra nələrin olacağını zaman göstərəcək. Yoxsa "gəlin hər şeyi unudaq" prinsipi qəbuledilməzdir. Kim istəyir barışsın, qucaqlaşsın. Amma məni düşündürən Müsavatın bir siyasi partiya olaraq mövcudluğudur. VIII qurultay Müsavat tarixinə qara ləkədir. Bunu aradan qaldırmalıyıq, əgər bu, baş verəcəksə, sakitik olacaq. Əks təqdirdə, başqa şeylər də ola bilər..." Buyurun! Məgər bundan artıq hər hansı bir fakta ehtiyac qalırmı? Bizcə, yox!
Fakt budur ki, İsa Qəmbər özünü ehtiyat başqan hesab edirsə, bərk, sərt, hətta ucadan yanılır. Öz aramızdır, ona qarşı ən sərt danışan Səxavət Əlisoydur ki, onun da başı bir balaca keçəldir, siyasi cəhətlə yanaşı, tük sarıdan da bəxti gətirməyib. Keçəl isə suya getməz, a qağa!!!